Nankorluğun zirvəsi: molla rejimi öz sonuna imza atır! – Vəhdət Partiya sədri Adəm İsmayıl Bakuvi
İranın Silahlı Qüvvələri tərəfindən Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasına, dinc sakinlərin istifadə etdiyi hava limanına endirilən dron zərbələri molla rejiminin onilliklərdir daxilində bəslədiyi Türk nifrətinin və nankor siyasətinin pik nöqtəsidir.
Bu hücum sadəcə bir hərbi təxribat deyil, beynəlxalq hüququn bütün normalarını ayaq altına atan, mülki insanlara və infrastruktura qarşı yönəlmiş açıq bir dövlət terrorudur.
Özünü “İslamın və dünya şiə müsəlmanlarının hamisi” elan edən Tehran rejimi, 30 illik işğal dövründə erməni dəyirmanına su tökməklə məşğul idi.
Azərbaycanın məscidlərinə erməni qəsbkarları tərəfindən donuzlar doldurulanda, müqəddəs ocaqlarımız təhqir olunanda səssiz qalan, hətta işğalçı Ermənistanı yanacaq, qida və hərbi logistika ilə təmin edərək Azərbaycan xalqına qarşı cinayətlərə şərik olan məhz bu “müsəlman” təəssübkeşləri idi.
Onlar üçün din və məzhəb sadəcə fars şovinizmini gizlətmək üçün istifadə olunan riyakar bir pərdədir. Erməni ilə əlbir olub torpaqlarımızın talanmasına şərait yaradan molla rejimi, bu gün Azərbaycanın qələbəsini və güclənməsini həzm edə bilmədiyi üçün acizcəsinə mülki hədəflərə hücum edir.
Azərbaycan dövləti hər zaman qonşuluq prinsipinə sadiq qalıb, hətta ən ağır sınaq anlarında belə bölgədə sabitliyin qorunmasına çalışıb. Azərbaycan torpaqlarından heç vaxt qonşu dövlətlərə, xüsusən də İrana qarşı təhlükə törədilməyib. Əksinə, cəmi bir müddət əvvəl İranın Ali Liderinin ölümü ilə bağlı rəsmi Bakı dərhal ən yüksək səviyyədə başsağlığı vermiş, Azərbaycan Prezidenti şəxsən səfirliyi ziyarət edərək humanizm nümayiş etdirmişdi.
Hətta qonşu ölkəyə humanitar yardımların göndərilməsi planlaşdırılırdı. Lakin molla rejimi bu nəcabətə uşaqların və dinc sakinlərin uçuş həyəcanı yaşadığı hava limanını hədəf almaqla cavab verdi. Bu, mənəvi iflasın və qorxaqlığın ən rəzil formasıdır.
Bu gün Şimaldakı qardaşlarına hücum edən həmin qanlı rejim, onilliklərdir Güney Azərbaycandakı 40 milyondan çox soydaşımıza qənim kəsilib. Molla diktaturası azərbaycanlıların milli kimliyini boğmaq, dilini qadağan etmək və təbii sərvətlərini talamaq üçün hər cür cinayətə əl atır.
Urmu gölünün qəsdən qurudularaq bir bölgənin ekoloji soyqırıma məruz qoyulması, milli fəalların zindanlarda işgəncələr görməsi və dinc aksiyaların qan içində boğulması bu rejimin gerçək simasıdır. Onlar azərbaycanlı fəalları təqib edib cəzalandırsalar da, artıq bu zülmə dözmək vaxtı bitmişdir. Naxçıvana atılan hər bir mərmi, əslində Tehrandakı çürümüş rejimin öz sonuna imza atmasıdır.
İndi tarixi fürsət anıdır. Cənubi Azərbaycan ayağa qalxmalı, milli ləyaqətini qorumaq üçün bu tiranlığa qarşı yumruğunu sıxmalıdır. Səttarxanların, Bağırxanların və Xiyabanilərin ruhu bu gün Təbrizin, Ərdəbilin, Urmunun küçələrində yenidən canlanmalıdır.
Öz soydaşının mülki binasını vuran bir rejim artıq nə legitimliyini, nə də qonşuluq haqqını saxlayıb. Bu nankor molla rejimini tarixin arxivinə göndərməyin vaxtı çatmışdır. Ey Güney Azərbaycan, sənin azadlığın bütöv Azərbaycanın qüdrətidir. Azadlıq qapıdadır və bu qapını açacaq tək güc sizin sarsılmaz birliyinizdir!
Adəm İsmayıl Bakuvi
Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim

