Görkəmli alim Kamal Dadaşovun 95 illik yubileyi münasibətilə evində ziyarət olunub

Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Arzuyə Rufullayeva və MKS-in xidmət şöbəsinin, MKS-in Aşağı Nüvədi kənd kitabxana filialının əməkdaşları filologiya elmləri doktoru, professor Kamal Dadaşovun 95 illik yubileyi münasibətilə alimlə görüşmək və onu təbrik etmək məqsədilə evində ziyarətdə olublar.

Səmimi və xoş ovqatda keçən görüş zamanı Lənkəran MKS-in direktoru Arzuyə Rufullayeva yubilyarı əlamətdar tarix münasibətilə ürəkdən təbrik edərək ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və yeni elmi uğurlar arzulayıb. O qeyd edib ki, Kamal Dadaşovun uzun illər ərzində göstərdiyi elmi-pedaqoji fəaliyyət, Azərbaycan filologiya elminə verdiyi töhfələr və yetişdirdiyi ziyalı nəslin formalaşmasındakı xidmətləri xüsusi dəyərə malikdir və hər zaman ehtiramla xatırlanacaq.

Professor Kamal Dadaşov göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirərək həyat və fəaliyyət yolundan, çalışdığı elm və təhsil müəssisələrində keçirdiyi illərdən maraqlı xatirələrini bölüşüb. O, həmçinin Lənkəran Mərkəzi Kitabxanası ilə bağlı xatirələrindən danışaraq kitabxanaların cəmiyyətin maariflənməsində, gənc nəslin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını vurğulayıb, kitab mühitinin qorunmasının əhəmiyyətini xüsusi qeyd edib.

Görüş zamanı alimə Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi adından hazırlanmış təbrik məktubu təqdim olunub, ona xoş arzular çatdırılıb. Sonda Kamal Dadaşov öz növbəsində təşəkkürünü ifadə edərək onun haqqında yeni nəşr olunmuş “Kəndimizin İlk alimi – Kamal Dadaşov” kitabını kitabxanaya hədiyyə edib və kitabxana kollektivinə fəaliyyətlərində uğurlar arzulayıb.

Görüş xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

Allahverən Pərvizoğlu

Xəbər24.Online 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir