“Hər bir şəxs öz xalqına məxsus ad, soyad və ata adları ilə tanınmalıdır” – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov
“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin portalında milli adlarla bağlı xüsusi reyestr var və valideynlər övladlarına ad seçərkən həmin elektron siyahıdan istifadə etməlidir. Təəssüf ki, bir çox valideyn bu məsələdə səhlənkarlıq edərək yeni doğulmuş körpələrinə milli adlar bankından deyil, film, serial və ya komputer proqramlarında gördükləri adları seçirlər. Bu da qəribə bir mənzərə ortaya çıxarır”.
Bu fikirləri Patrul.az-a açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov səsləndirib.
Onun sözlərinə görə, artıq milli adlarımızdan əlavə, fars və ərəb mənşəli adlar da var ki, onlar ümumiləşərək nənə-babalarımızın adları kimi yaddaşımızda özlərinə yer edə biliblər:
“Lakin son vaxtlar, xüsusilə də XX əsrdə rus, Avropa və digər xarici ölkələrdən alınma adqoyma prosesi ilə üz-üzəyik. Bu adların bir çoxu Azərbaycan dilinin adlarla bağlı ədəbi qatına, ahəng qanununa yad səslənsə də, dilimizə oturuşub. XX əsrin 20-ci illərindən etibarən Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza, Mirzə İbrahimov, Mir Cəlal Paşayev və digər görkəmli yazıçı və şairlərimizin ad yaradıcılığı ilə Aydın, Elsəvər, Oqtay kimi adlar artıq bir hissəsi yenidən yaradılmış leksik vahidlərdir.
Yenə də vurğulayım ki, son vaxtlar qəribə bir proses gedir. Avropasayağı, qərbpərəst insanların guya özlərini dəbli göstərmək üçün uşaqlarına ingilis, rus, fransız və başqa xalqlardan alınma adlar seçirlər. Bu adlara nəzər yetirdikdə bizim dilimizin ahəng qanununa uyuşmadığını və mənasının xarici dildə tamamilə fərqli bir anlayışla bağlı olduğunu görürük. İnsanlarımız bu adların ilkin mənasına varmadan onları öz övladları üçün istifadə edirlər. Hətta Azərbaycan dövlət qurumları buna icazə vermədikdə belə ikinci ad kimi seçirlər. Bununla da həmin valideynlər gələcəkdə övladları üçün problem yaratmış olurlar”.
Müsahibimiz düşünür ki, hər bir şəxs öz xalqına məxsus ad, soyad və ata adları ilə tanınmalıdır:
“Ziyalılarımız sovet dövründən qalma ruslara məxsus “viç” (oviç) kəlməsini deyil, məhz “oğlu” və ya lı,li,lu,lü, zadə kimi sonluqlarla öz övladlarına ad, soyad seçərək ruslaşmaya qarşı mübarizə aparıblar. Amma indi sanki azadlıq, liberal dəyərlərdən istifadə edən vətəndaşlar xarici ad və soyadlardan istifadə etməklə həmin prosesin əksinə getmiş olurlar. Vətəndaşlarımız bunun ayıb bir şey olduğunu qəbul etməli, bu cür yanlış yoldan çəkinməli və övladlarına milli ad, soyad sonluqları seçməklə hansı millətə məxsus olduqlarını sübut etmiş olarlar”.
Ləman Sərraf
https://patrulaz.az/her-bir-sexs-oz-xalqina-mexsus-ad-soyad-ve-ata-adlari-ile-taninmalidir-serh

