Prezident İlham Əliyevə yazırlar… Adəm İsmayıl Bakuvi, VP sədri, Bakı, Azərbaycan

Hörmətli Cənab Prezident!

Azərbaycanın milli-mədəni irsinin qorunması, klassik ədəbiyyatımızın yaşadılması və gələcək nəsillərə ötürülməsi sahəsində həyata keçirdiyiniz ardıcıl və məqsədyönlü siyasət cəmiyyət tərəfindən daim yüksək qiymətləndirilir. Bu siyasətin mühüm tərkib hissəsi olan mədəniyyət və ədəbiyyata göstərdiyiniz diqqət, xalqımızın tarixi yaddaşının möhkəmlənməsinə və mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Azərbaycanın böyük şairi Əfzələddin Xaqani Şirvaninin 900 illiyinin dövlət səviyyəsində qeyd olunması barədə imzaladığınız Sərəncam ölkəmizdə ədəbiyyata və milli-mədəni irsə verilən yüksək önəmin bariz göstəricisidir. Bu Sərəncam yalnız tarixi yubileyin qiymətləndirilməsi ilə məhdudlaşmır, eyni zamanda, gənc nəsillərin Azərbaycan klassiklərinin zəngin yaradıcılığı ilə tanış olmasına, onların əsərlərini dərindən mənimsəməsinə və milli-mənəvi dəyərlərə hörmətlə yanaşmasına işıq tutur. Belə bir addım milli ədəbiyyatımızın unudulmamasına, böyük sənətkarların xatirəsinin daim yaşadılmasına və cəmiyyətimizdə mənəvi irsin qorunmasına yönəlmiş mühüm təşəbbüsdür.

Xaqani Şirvani Azərbaycan klassik poeziyasının ən parlaq simalarından biri olmaqla yanaşı, əsərlərində insan ləyaqəti, azadlıq idealları, ədalət uğrunda mübarizə və vətənpərvərlik kimi universal dəyərləri yüksək bədii-estetik səviyyədə ifadə etmişdir. Onun zəngin irsi yalnız ədəbiyyat və sənət sahəsində deyil, həm də ictimai-mənəvi maariflənmə və gənc nəsillərin tərbiyəsi üçün əvəzsiz nümunədir.

Olduqca mühüm əhəmiyyət daşıyan bu Sərəncam Şirvan camaatı, xüsusilə Xaqaninin doğulduğu bölgənin sakinləri və partiya üzvlərimiz tərəfindən böyük sevinc və minnətdarlıqla qarşılanmışdır. Sizin zaman-zaman ölkəmizin görkəmli klassiklərinin unudulmaması, xatırlanması və dəyərləndirilməsi istiqamətində atdığınız ardıcıl addımlar Azərbaycan mədəniyyətinə göstərdiyiniz qayğının bariz nümunəsi olaraq xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Cənab Prezident, bu addımın Azərbaycan mədəni irsinin qorunmasında, klassiklərin xatirəsinin yaşadılmasında və gənc nəsillərin maariflənməsində oynadığı əvəzsiz rolu xüsusi qeyd edir və Vəhdət Partiyası, onun üzvü olan elm adamları, ictimai xadimlər və bütün üzvlər adından Sizin bu sərəncamı imzalamağınıza görə dərin ehtiram və minnətdarlığımızı bildiririk.

Hörmət və ehtiramla,

Adəm İsmayıl Bakuvi, Vəhdət Partiyasının sədri

Azərbaycan Respublikası, Bakı şəhəri

https://president.az/az/articles/view/71465

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir