Vətənsevər cəsur: qazi Vasif Natiq oğlu Tağıyev. Dilarə Ağamusa yazır
Azərbaycanın tarixən qəhrəmanlar diyarı olduğunu çox eşitmişik. Zaman-zaman qəhrəmanlar yetişib bu torpaqda. Ana vətən çağıranda səs verib onun səsinə, vətən oğulları. O oğullar ki, cəsarəti, hünəri, vətən sevgisini silaha çevirib, şəhid olduqda isə cismi ilə qorumağa çalışıb bu torpağı, yağı düşmənlərdən. Belə qəhrəmanlarımız tarixən olub, bu gün də var.
Elə söhbət də – həyatını itirməyə bir an qalmış qazi Vasif Natiq oğlu Tağıyevdən gedəcək.
Qanuna əsasın, xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyini təmin etmək üçün ev sahibi olaraq ölkənin üzərinə məsuliyyət düşür. Təəssüflər olsun ki, bəzi dövlətlər ev sahibi olaraq, bu sahədə götürdükləri öhdəlikləri yerinə yetirmir.
2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasının Tehrandakı səfirliyində baş vermiş hadisə bunu bir daha təsdiqlədi. Terrorçu Kalaşnikov avtomatı ilə səfirliyin binasına hücum edib, təhükəsizlik postunu yararaq səfirliyin əməkdaşlarına atəş açmışdır.

Nəticədə diplomatik nümayəndəliyinin Mühafizə Xidmətinin rəisi, baş leytenant Orxan Əsgərov həlak olmuş, mühafizəçilər Tağıyev Vasif və İmanov Mahir isə ağır yaralanmışlar.
Silahlı hücum zamanı mühafizəçi Vasif Natiq oğlu Tağıyev həyatını təhlükəyə ataraq, vəzifə borcunu yerinə yetirərək, baş verə biləcək böyük faciənin qarşısını almaq məqsədilə cinayətkarın üstünə atılaraq, onu zərərsizləşdirmiş, aldığı güllə yaralarına baxmayaraq, səfirlikdə yaşayan neçə-neçə ailə üzvlərinin həyatını xilas etmişdir.
Bu hər oğulun gördüyü iş deyil. Bunu – Vətənin nər oğlu, cəsarətli, Vətənini sevən insan – Vasif Tağıyev edə bilərdi. Bu missiyanı qorxmadan, cəsarətlə, hətta doğmalarını belə o anda unudan qəhrəmanımız etdi.
Bütün dünyanı sarsıdan bu xəbəri eşidən macarlar, Vasif Tağıyevi bu cəsurluğuna görə – dünyanın ən məşhur sərkərdələrindən biri olan Atilla ilə müqayisə etmişlər.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev baş vermiş hadisəyə istinadən Tağıyev Vasif Natiq oğlunu 1-ci dərəcəli “Rəşadət”ordeni ilə; Əsgərov Orxan Rizvan oğlunu (ölümündən sonra); İmanov Mahir Kamil oğlunu “Vətən uğrunda” medalı ilə təltif etmişdir.
Qeyd etmək lazımdır ki, 2017-ci ildə təsis edilmiş “Rəşadət” ordeni ilə Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə təltif olunanlar siyahısında Vasif Natiq oğlu Tağıyev beşinci şəxsdir.
Vasif Tağıyev Respublikanın Prezidenti cənab İlham Əliyevə yazdığı təşəkkür məktubunda bildirmişdir:
“… Hörmətli Cənab Prezident! Sizin tərəfinizdən 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilməyimin qürurunu yaşayıram. Tehran şəhərindəki səfirliyimizə qarşı törədilmiş və ölümlə nəticələnmiş terror hadisəsində xidməti borcumu yerinə yetirərkən ağır yaralandığım ilk andan mənə və ailəmə böyük dəstək göstərdinizə görə; Yüksək humanistliyinizə, ailəmizə göstərdiyiniz qayğıkeş münasibətə görə Sizə sonsuz minnətdarlığımı bildirirəm. Bundan sonra da Sizin sadiq əsgəriniz olaraq, dövlətimə xidmət edəcəyimə söz verirəm”.
Vasif Tağıyevin ölümə qalib gəlməkdə mənəvi gücünü əks etdirən səbəblərdən biri də onun mərdliyi – şücaəti oldu.
Qəhrəmanımızın atası Tağıyev Natiq Fərhad oğlu ali təhsilli, müharibə veteranıdır. Anası Təranə xanım – tibb işçisi olaraq, ehtiyacı olanların “yaralarına” məlhəm qoyaraq, dərdlərinə əlac edir. Sözün əsl mənasında – “Ot kökü üstündə bitər”!

… “Oğlumuz Vətənpərvər olduğundan işinin də ustası oldu, Tehranda baş vermiş hadisədə terrorçu ilə sona qədər əlbə-yaxa olub, mübarizə apardı. Çənəsindən aldığı güllə yarasından bir neçə dəfə əməliyyat olunan Vasifim, xoşbəxtlikdən 9 saat davam edən son əməliyyatdan salamat çıxdı. Mən deyərdim ki, Allah Təala mənə onu yenidən bəxş etdi” – deyən, Təranə xanım – müsahibəsini söyləyərkən, qulaq şahidi olmaqda özümdə güc tapdım. O, deyir ki,“Hər dəfə o anları xatırlamaq çox çətindir, hadisənin baş verdiyi günü sanki dünyam alt-üst oldu”. Hadisədən az keçmiş, oğlumla görüntülü telefon bağlantısı zamanı yalnız ağ köynəyinin və üzünün qana bulaşdığını gördüm”…
Vasif Tağıyev 1989-cu ildə martın 24-də Şuşa şəhərində anadan olub. 1992-ci ilin mayında Şuşanın işğalı ilə əlaqədar Tağıyevlər ailəsi Bakıya köçüb. O zaman Vasif 3 yaşında idi. Orta məktəbi bitirmiş Vasif Tağıyevi Qarabağa, Şuşaya olan sevgisi Milli Qvardiya sıralarında xidmətə aparmışdır. Torpaqlarımız geri alınanda Vasifin sevinci aşıb-daşırdı, çünki onun mayası o torpağın suyundan bəhrələnmişdi.
Vasif, 2009-cu ildən Əlahiddə Ümumqoşun Ordusunda, 2015-ci ildən isə Azərbaycan Respublikasının Tehran, Moskva, İstanbul, Çürcüstan səfirliklərinin Xüsusi Dövlət Mühafizə Xidmətində çalışmış, dəfələrlə “Qüsursuz xidmətə görə”medalı ilə təltif edilib.
Həyatlarını xilas etdiyi səfirlik əməkdaşlarının valideynləri, həyat yoldaşları və övladları ardı-arası kəsilmədən Vasifin görüşünə gələrkən, bir ağızdan deyirdilər: – bu gün yaşadığımıza görə hamımız Vasif müəllimə sonsuz minnətdarıq.
Səfiriyin əməkdaşlarını və ailələrini gətirən təyyarə Vətənə çatanda,Vasif təyyarədəki həyatını qurtardığı uşaqların səsini eşidəndə, ağlamışdı. O, ölümün pəncəsindən qopardığı bu günahsızların yaşayacaqlarına sevinirdi.
Allah xalqımızı, dövlətimizi qorusun. Dünyamıza əmin-amanlıq bəxş etsin. Allaha şükür Torpaqlarımız uğrunda döyüşən Vətənimizin qeyrətli oğulları – şəhidlərimizin qanı bahasına işğaldan azad edildi, qazilərimizə çan sağlığı diləyən Təranə xanıma deyirəm: O vaxtı atanız anasının (nənənizin) əlacsız saydığı gözünə nur verən, Ulu Öndərin həyat yoldaşı olduğunu dərk etmədən, sadəcə həkim kimi tanıdığı Zərifə xanıma təşəkkür məktubu göndərmişdi. Uzun zaman keçdikdən sonra siz, övladınız Vasifin vətənə salamat qayıtdığına və eləcə də 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edildiyinə görə Ali Baş Komandan İlham Əliyev cənablarına “Təşəkkür məktubu” göndərdiniz.
İki fərqli anlar, iki fərqli zaman, iki fərqli həyat, hər ikisində də həyatla ölüm-dirim mübahisəsi!
Vasif, sən də mübariz oldun. Etdiyin bu xidmətlə, ən azından 30-40 ailəni göz dağından uzaqlaşdırdın. İgidlərimizin ruhu şad olsun, nə yaxşı ki, vətənimizi, torpaqlarımızı qoruyan fəxr edəcək, qürur duyacaq kişi qeyrətli Orxanlarımız, Vasiflərimiz, Mahirlərimiz, Talehlərimiz, Pərvizlərimiz, İlqarlarımız, Rəşadlarımız, Elvinlərimiz var. Göstərdiyi bu qəhrəmanlığa görə Vasif Tağıyevin alnına sanki möhür əvəzi “Rəşadət Ordeni ilə Vətənpərvər İgid” yazıldı!
Vasif Natiq oğlu Tağıyev bu gün də heç nədən çəkinmədən, Rusiya-Ukrayna müharibəsinin gərgin vaxtında – cənab Prezidentimizə verdiyi sözə əməl edərək – sevdiyi vəzifəsinin icrasını davam edərək, Ukraynada Azərbaycan Respublikasının səfirliyində Azərbaycan əsgəri kimi yenə xidmətdədir.
Ona bu işində uğurlar arzulayaq!
Dilarə Ağamusa
Tarix ü.f.d., yazıçı-publisist

