“Nərimandan da, Qurban Qurbanovdan da əl çəkin!” – YYSİB sədr müavini Ramal Əliyev yazır

“Ayaksın azərkeşlərindən öyrənin”

Ayaks 5 oyundur ard-arda uduzur, amma azarkeşi stadionu doldurur. Çünki azarkeşlik yalnız qələbə olanda sevinmək deyil, məğlubiyyətdə də sahib çıxmaqdır.

Bizdə isə nə görürük? Qarabağın ilk ev məğlubiyyəti baş verən kimi, hələ 1 həftə əvvəl “Qurbanov üçün heykəl qoyulsun” deyənlər bu gün utanmadan “Qurbanov getməlidir” deyir. Bu azarkeşlik deyil, bu fürsətçilikdir.

Bu ölkədə problem komanda yox, azarkeş adı altında danışanlardır. Hər kəs layiq olmadığı yerdə olanda nəticə də belə olur. Dünən göyə qaldır, bu gün yerə çırp – bu məntiq deyil, ikiüzlülükdür.

Məşhur filmdə deyildiyi kimi: “Elə səni görməsələr yaxşıdır.”
Bəzi “azarkeşlər” həqiqətən də görünməsə, futbolumuz üçün xeyir olar.

Ayaksla, Marsellə, Liverpulla, Bayerlə oyunlara gəlmək sizlik deyil. Gedin Kəpəz, Turan, Zirə oyunlarına baxın. Böyük komandanın azarkeşi olmaq üçün tək səs yox, ağıl, sədaqət və mədəniyyət lazımdır.

Nərimana gəlincə, əvvəlcə bir şeyi anlamaq lazımdır: bu uşaq azərbaycanlıdır. Cəmi 21 yaşı var. Qoy böyük oyunlarda oynasın, püxtələşsin ki sabah milliyə xeyir versin. Qoy böyük stadion, böyük təzyiq fobiyası aradan qalxsın. Futbolçu belə-belə yetişir.

Amma nə edirik? Bu təzyiqi üzərinə götürüb millini düşünən Qurban müəllimi də, Nərimanı da söyürük. Hörmətimiz artmalı olduğu yerdə təhqir edirik. Bu nə düşüncədir?

Nəriman bizimdir. Əlimizdə olan budur. Onu da yıxdıq, kəsdik, baltaladıq. Sabah da çıxıb deyirik: “Millidə niyə hücumçu yoxdur?”
Oynamaya-oynamaya hücumçu necə yetişsin?

“Qurban onu sevgisindən salır” deyənlər, bəs bir sual: Qurban öz oğlu Musanı Nərimandan daha çox sevirsə, niyə onu da 1 dəqiqə olsun oynatmır? Bu arqumentin özü gülüncdür.

“Qurban öz əqidədaşlarını oynadır” deyənlərə də sual: Nərimanla Toral Qurbanın dini baxımdan əqidədaşıdırmı? Yoxsa sadəcə danışmaq üçün danışırsınız?

Qurban Qurbanov böyük şəxsiyyətdir və eyni zamanda böyük peşəkar məşqçidir. Bunu anlamamaq problem deyil — anlamamaq kiçiklərin işidir.

Ona görə də Nərimandan da, Qurbandan da əl çəkin. Rahat buraxın. Gedin TikTok səhifələyin, futbol müzakirəsi sizlik deyil…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir