Qazaxda şair-publisist Güləmail Muradın 75 illik yubileyi qeyd olunub
Dekabrın 4-də Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax Bölməsinin birgə təşkilatçılığı ilə Pre¬zi¬dent tə¬qa¬üd¬çü¬sü¬, Azərbaycan Yazıçılar Birliyinin üzvü və əməkdaşı, şair-publisist Güləmail Muradın (İsayeva Gü¬lə¬ma¬yıl Novruzəli qı¬zının) anadan olmasının 75 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Qazax Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, AYB üzvləri, ziyalılar, şəhid ailələri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, təhsil, mədəniyyət işçiləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, gənclər, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbirdə Güləmail Muradın qələmə aldığı, musiqisi Arif Mehmandosta məxsus olan və özünün ifa etdiyi “Ali Baş Komandanımız” mahnısının klipi videoçarx şəklində nümayiş etdirilib.
Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, yubilyarın ünvanına xoş sözlərini, təbriklərini səsləndirib. B.Vüsal müstəqil ölkəmizdə şairlərə, saz, söz adamlarına göstərilən diqqətə, qayğıya, hörmət və ehtirama görə ölkə Prezidenti İlham Əliyevə, mədəniyyətimizin, poeziyamızın hamisi olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. “Ulu Öndər Heydər Əliyev söyləyirdi ki, mənəvi dəyərləri olmayan xalq xalq, dövlət dövlət deyil. Bugünkü tədbir bir daha onu göstərir ki, Qazaxda milli dəyərlərə çox böyük diqqət göstərilir, böyük ehtiram var. Bugünkü tədbirin keçirilməsi Güləmail Muradın simasında dövləti dövlət edən mənəvi dəyərlərə xidmət edir. Ulu Öndər siyasətinin davam etdirilməsi deməkdir”, – söyləyən şair bu gün Qazax rayonunda həmin qayğını yüksək səviyyədə hiss etdiyini bildirib. B.Vüsal ölkə rəhbərinin ziyalılara olan qayğısının Qazaxda olduğu kimi icra edildiyini, rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən ziyalılara olan hörmətin, səmimi münasibətin şahidi olduğunu dilə gətirib. Bugünkü yubiley tədbirinin yüksək səviyyədə təşkil olunmasına görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz adından təşəkkürünü bildirib. Yubilyarın yaradıcılığından söz açan B.Vüsal G.Muradın öz sözünü demiş, təvazökar, Vətəninə, xalqına, ölkəsinə olan sevgisini şeirlərinin dili ilə çatdırmış azərbaycanlı, qazaxlı şair olduğunu, bunu Onun haqqında dəyərli ziyalıların söylədikləri fikirlərdən də aydın şəkildə gördüyümüzü bildirib. B.Vüsal qeyd edib ki, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı hörmətli Anar müəllimin Güləmail Muradın 75 illik yubileyi münasibətilə Ona ünvanladığı təbrik məktubunda vurğulandığı kimi, “Vətənpərvərlik mövzusunda olan bu şeirlər yazılanda torpaqlarmız hələ işğaldan azad edilməmişdi, zamanın dumanlı-çiskinli vaxtları idi. Bu gün artıq torpaqlarımız düşmən tapdağından azad edilib, amma siz yenə də Qarabağ müharibəsi, şəhidlər, qazilər haqqında şeirlərinizi yazırsınız. Yəni siz öz mövzusu olan şairsiniz və bunu yazıçı, şair üçün önəmli sayıram. Siz şəhid analarnın dilindən yazdığınız şeirlərdə xalqımzın böyük kədəri, eyin zamanda, qüruru, dəyanəti, əyilməzliyinin bədii ifadəsini verirsiniz. Bəzən tədbirlərdə, müxtəlif yazılarda sizə Güləmail Ana deyə müraciət olunduğunu görürəm və haqlıdırlar. Çünki siz öz şeirlərinizdə bütün Azəraycan analarının sözçüsü kimi çıxış edirsiniz. Sizin şeir və poemalarınızın daha bir diqqətçəkən tərəfi ümumtürk dünyasına bağlılığınızdır. Biz gənc olanda ən adi bir türk sözünü işlətmək belə qəti yasaq idi. Hamının başı üstündə pantürkist damğası təhlükəsi var idi. İndi bu qorxulu yasaqlar, qadağalar aradan qaldırılıb və türk xalqlarının vahid mədəni birliyinə qayııdış prosesi başlayıb”.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, yubilyarın ünvanına səmimi ürək sözlərini səsləndirib, cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb. Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə qazaxlı şair Güləmail Muradın 75 illik yubiley tədbirinin keçirilməsinə görə razılığını ifadə edib. İcra başçısı Azərbaycanın şairlər və aşıqlar yurdu olan, poeziyamıza dəyərli söz sənəti inciləri bəxş etmiş qədim Qazax elində yubiley tədbirlərinin keçirilməsinin bir ənənə halını aldığını söyləyib. Rayon rəhbəri yubilyarın 2016-cı ilin Aprel döyüşlərinə həsr olunmuş kitabı yazmaqla Vətən həsrətini, doğma torpaqlarımızın niskilini çəkdiyini sözlərin dili ilə oxucularına çatdırdığını vurğulayıb Onlarla kitabın müəllifi olan şairin vətənpərvərlik mövzusunda yazdığı şeirləri, xüsusilə də şəhidlərimizə, Aprel döyüşlərinə, 44 günlük Vətən müharibəsi qəhrəmanlarına yazdığı kitablarla gənc yazarlara örnək olduğunu qeyd edib. Rayon rəhbəri Vətəni bütöv edən qəhrəmanlarımıza, şəhidlərimizə həsr etdiyi şeirlərə, saysız-hesabsız kitablara görə bir daha razılığını ifadə edib, bu cür kitabların davamlı olmasını arzu edib.
Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsində ədəbi məsləhətçi Mustafa Rasimoğlu, Ağstafadan qonaq gəlmiş AYB üzvü Bəyaz Əliyeva, qazaxlı yazarlardan Gülsənəm Cəlilli, Tamella Poladlı, Səhlədar Hidayətoğlu çıxış edərək tədbir iştirakçılarını salamlayıb, sazın, sözün beşiyi sayılan Qazaxda şair-publisist Güləmail Muradın 75 illik yubiley tədbirində iştirak etməkdən məmnun olduqlarını söyləyib, yubilyara təbriklərini, ürək sözlərini çatdırıblar. Qələmə aldığı şeirlərində, yazılarında hər zaman Vətəni, müstəqil, suveren Azərbaycanı tərənnüm edən şairəyə yeni yaradıcılıq uğurları və cansağlığı arzulayıblar.
Gənc Aşıq Samir Cəlaloğlu, Aşıq Saqif Məzəmli Güləmail Muradın qələmə aldığı şeirləri saz havası üstə səsləndirərək yubilyara olan təbriklərini çatdırıblar.
Şair, AYB üzvü, Rüfət Axundlu şairənin “Şəhid anasıyam”, BDU Qazax filialında Turizm fakültəsinin tələbəsi Məhəmməd Aslanbəyli şairənin “Türkü Şuşaya çağırdı”, Azərbaycan dili və ədəbiyyatı fakültəsinin tələbəsi Tərlan Aslanlı şairənin “Baba Heydərim” şeirini səsləndiriblər.
“BABA HEYDƏRİM”
Gözlərin mavidir, sanki bir dəniz,
Bir sonsuz ümmansan, Baba Heydərim
Sənsən millətimə əzizdən əziz,
Doğma, mehribansan, Baba Heydərim!
Qorqud ölkəsinin baharısan sən,
Babəklər, Nəbilər diyarısan sən!
Cavanşir yurdunun vüqarısan sən!
İgid, qəhrəmansan, Baba Heydərim!
Hər şah gedişinə mat qaldı fələk!
Kəsmədi önünü min fitnə, kələk!
Sinəmdə döyünən ürəksən, ürək!
Damarımda qansan, Baba Heydərim!
Sevdin doğmasını, sevdin yadını,
Verdin millətinə könül odunu!
Yazdın tarixlərə xalqın adını,
Tarxisən, zamansan Baba Heydərim!
Haqqın, ədalətin tərəfisən sən,
İlhamtək oğulun sələfisən sən!
Bilgə xaqanların xələfisən sən,
Bilgəsən, xaqansan, Baba Heydərim!
Heykəlin ucalır bu gün hər yanda,
Cismin torpaqdadır, sən asimanda!
Çox şahlar, xaqanlar görən cahanda,
Özün bir cahansan, Baba Heydərim!
Göylərə baş vuran bir qoca dağsan,
Əbədi gül açan bağçasan, bağsan!
Naxçıvan, Qazaxsan, sən Qarabağsan,
Sən Azərbaycansan, Baba Heydərim!
Tədbirdə yubilyara Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim edilib.
Yubilyar Güləmail Murad çıxış edərək ona göstərilən diqqətə, qayğıya, poeziyamıza, ədəbiyyatımıza, şairlərə, yazarlara göstərilən qayğıya, verilən dəyərə görə başda ölkə Prezidenti İlham Əliyev olmaqla, rayon rəhbərliyinə, əziyyəti keçən insanlara öz adından və ailəsi adından minnətdarlığını bildirib. Bugünkü yubiley tədbirinin təşkilinə görə razılığını ifadə edən yubilyar özünün timsalında şairlərə olan qayğı, ayrılan diqqət kimi dəyərləndirib. Ünvanına xoş sözlər söyləyən, onu təbrik edən hər kəsə səmimi arzularını çatdırıb. Doğma Qazaxı ilə qürur duyduğunu söyləyən Güləmail Murad bundan sonra da Vətən, yurd, el-oba ruhlu, şəhidlərimizi, igid Vətən oğullarını vəsf edən şeirləri ilə oxucularının könlünü oxşayacağını söyləyib. Yubilyar qələmə aldığı “Qazaxım” və digər şeirlərini səsləndirməklə onu təbrikə gələnlərə təşəkkürünü ifadə edib.

