İİV və narkomaniya statistikasında artım. “Narkomaniya və QİÇS cəmiyyət üçün ən ciddi təhlükələrdən biridir” – Müqamət Əliyev
Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri və Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvü Müqamət Əliyev (Muğan) ölkədə narkomaniya və İİV-lə bağlı vəziyyət haqqında YeniMedia.net portalına açıqlama verib.
Onun sözlərinə görə, ötən il tibb müəssisələrində 2 492 nəfər toksikomaniya, 7 738 nəfər isə narkotiklərin epizodik istifadəsinə görə qeydiyyata alınıb:
“2024-cü ildə alkoqolizm və alkoqol psixozu ilə bağlı müraciət edənlərin sayı isə 9 578 nəfər təşkil edib. Dünyada İİV-ə yoluxanların kumulyativ sayı 79,3 milyon, hazırda İİV-lə yaşayanların sayı 37,7 milyon nəfərdir. Azərbaycanda isə 1987-ci ildən bu günədək 8 202 nəfər İİV-lə yaşayan şəxs rəsmi qeydiyyata düşüb. Onların 69,6%-i kişi, 30,4%-i isə qadındır. Ölkədə İİV-lə yaşayanların 74%-i öz statusunu bilir, onların 87,8%-i antiretrovirus terapiyaya (ART) cəlb olunub, müalicə alanların 86%-ində virus yükü təyin olunmur”.
Profilaktikanın vacibliyinə diqqət çəkən Müqamət Əliyev qeyd edib ki, riskli davranışlardan uzaq durmaq, gigiyenik qaydalara əməl etmək və maariflənmək infeksiyanın qarşısını almağın əsas yoludur. O həmçinin Prezident İlham Əliyevin gənclərin sağlam və vətənpərvər ruhda yetişdirilməsi ilə bağlı verdiyi tapşırıqları, narkomaniya və QİÇS-lə mübarizə üzrə dövlət proqramlarının əhəmiyyətini vurğulayıb.
Sədr QHT Dövlət Dəstəyi Agentliyinin, Gənclər Fondunun və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihələri, eləcə də sağlam həyat tərzinin təşviqi məqsədilə təşkil olunan velo yürüşləri xüsusi qeyd edib. 30 noyabr 2025-ci ildə keçirilən marafonda təşkilat üzvlərinin iştirak etdiyini bildirib və tədbirin təşkilatçılarına təşəkkürünü ifadə edib.
Qeyd edək ki, 1 dekabr Ümumdünya QiÇS-lə Mübarizə günüdür.
“Narkomaniya və QİÇS cəmiyyət üçün ən ciddi təhlükələrdən biridir” – Müqamət Əliyev
“Dünyanın əksər ölkələrini narahat edən əsas məsələlərdən biri əsrin bəlası-narkomaniyanın geniş yayılmasıdır. Azərbaycanı da bu ölkələrin siyahısına əlavə etmək olar”.
Bu sözləri açıqlamasında Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri və Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvü Müqamət Əliyev (Muğan) bildirib.
Onun sözlərinə görə, gənclər arasında narkotik maddələrə aludə olma hallarının artması, narkomanların orta yaş həddinin aşağı düşməsi, eləcə də narkomaniya ilə əlaqəli cinayətlərin çoxalması cəmiyyət üçün böyük həyəcan siqnalıdır:
“Siqaret və spirtli içkilərdən tutmuş müxtəlif narkotik maddələrə qədər bütün zərərli vərdişlər gəncləri təhlükə ilə üz-üzə qoyur. Bu vərdişlərin təsiri altında QİÇS və digər yoluxucu xəstəliklərə yoluxma riski də ciddi şəkildə artır. Zərərli vərdişlərin geniş yayılmasının əsas səbəblərindən biri maarifləndirmə işinin yetərincə güclü olmamasıdır. Təhsil müəssisələrində və idman cəmiyyətlərində məlumatlandırma işinin zəif təşkili, informasiya qıtlığı gəncləri riskli davranışlara meyilli edir,” – deyə o qeyd edib.
Sədr həmçinin İİV/QİÇS-in tibbi xüsusiyyətlərinə də toxunub. O bildirib ki, İİV immun sistemini mütəmadi şəkildə zəiflədən virusdur və QİÇS onun terminal mərhələsini təşkil edir. İnfeksiyanın səbəb olduğu immun çöküş vərəm, kandidoz, herpes və digər opportunistik infeksiyaların yaranmasına çevik zəmin yaradır.
“Rəsmi statistikaya əsasən, 2024-cü ildə 4 967 nəfər, 2023-cü ildə isə 3 796 nəfər ilk dəfə narkomaniya diaqnozu ilə qeydiyyata alınıb. Ümumilikdə ötən il 40 490 nəfər, 2023-cü ildə isə 36 659 nəfər narkomaniya səbəbindən tibb müəssisələrində qeydiyyatda olub”.

