Uşaqlara qarşı zorakılığın qarşısı necə alınmalı? “Gənclərin düzgün formalaşması üçün dini və elmi biliklər arasında balans vacibdir” – Tanınmış psixoloq Fəridə Musəvidən açıqlamalar

Son dövrlərdə azyaşlılara qarşı zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur.

Tanınmış psixoloq, televiziya eksperti Fəridə Musəvi məsələ ilə bağlı portalımıza açıqlamasında bildirib ki, bu cür hadisələrin kökündə çox vaxt travma yaşamış və şəxsiyyət pozuntuları olan şəxslər dayanır:

“Azyaşlılara meyl göstərən şəxslər çox vaxt uşaqlıqda gördükləri travmalar, təzyiqlər və müxtəlif psixoloji səbəblər ucbatından belə pozuntular yaşayırlar. Bu insanlar sonradan uşaqlara qarşı zorakılıq meyilləri göstərə bilir. Ən vacib məsələ, bu cür halların qarşısını almaq üçün uşaqların düzgün tərbiyə olunması və daim nəzarətdə saxlanılmasıdır”.

Psixoloq əlavə edib ki, uşaqlara erkən yaşlardan yad insanlara etibar etməmək, onların çağırışlarına səs verməmək və şəxsi sərhədləri qorumaq aşılanmalıdır:

“Valideynlər uşaqlarını nəzarətsiz qoymamalıdır. Biz uşaqlara düzgün toxunuş anlayışını öyrətməliyik. İlk 6 ay ərzində uşağı istədiyimiz kimi əzizləyə bilərik, lakin bu müddətdən sonra uşaq müəyyən məqamları dərk etməyə başlayır. Ona görə də uşaqlara öyrətmək lazımdır ki, yad şəxslərin toxunuşuna icazə verməsinlər”.

Fəridə Musəvi bildirib ki, zorakılığa məruz qalan uşaqlar travmanın fəsadlarını böyüyəndə yaşayır:

“Onlar bu hadisələrin təsirlərini xarakterində və insanlarla ünsiyyətində özündə daşıyır. Cəmiyyət olaraq uşaqların psixoloji təhlükəsizliyini təmin etmək, ailələrin məlumatlılığını artırmaq əsas hədəfimiz olmalıdır”.

“Gənclərin düzgün formalaşması üçün dini və elmi biliklər arasında balans vacibdir”

Gənclərin dini və milli-mənəvi dəyərlərlə yanaşı, elmi biliklər əsasında düzgün formalaşması aktual məsələ olaraq qalır.

Psixoloq Fəridə Musəvi verdiyi açıqlamada bildirir ki, gənclərin həm dini, həm də milli-mənəvi dəyərlərlə yanaşı, elmi biliklərə əsaslanaraq formalaşmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, dinə inanc və mənəvi dəyərlərin qorunması müsbət hal olsa da, bu məsələlərdə fanatizmə yol verilməməlidir.

“İnsan istədiyi dini və ya mənəvi dəyərləri qəbul edə bilər, amma bunu fanatlaşdırmamaq vacibdir. Bəzi ailələrdə və fərdlərdə bu, psixoloji problemlərə gətirib çıxarır. Məsələn, təhsil yarımçıq qoyulur, din isə yanlış formada təbliğ edilir,” – deyə psixoloq bildirib.

Fəridə Musəvi qeyd edib ki, dini məclis və məkanlarda yanlış təbliğata yol verilməməli, aidiyyəti qurumlar bu istiqamətdə ciddi nəzarət həyata keçirməlidir.

O, həmçinin vurğulayıb ki, insanların psixoloji sağlamlığı düzgün qorunduqda, onların etiqadları, seçimləri və yanaşmaları da sağlam olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir