Bütün dünya qəlbimizdədir. Sənubər Səhərdən yeni esse

Hər birimiz üçün dünya gördüklərimiz, bildiklərimiz, eşitdiklərimiz, düşündüklərimiz, toxunduğumuz, hiss etdiyimiz, öyrəndiklərimiz, sevdiklərimizin, yaratdıqlarımızın, itirdiklərimizin qəlbimizdə yaratdığı ehtişam duyğusudur. 
Hər gün yuxudan ayılanda yeni dünyaya göz açırıq. Yuxuda gördüklərimizin və real hissiyatın fərqli can savaşının təlatümü ilə… Təlatüm mütləq var: ya əsəblə, ya gülüşlə, ya şükürlə, ya maraqla, ehtirasla, ya bədbinliklə, haqsızlıqla… “Eee niyə oyandım yenə” deyənlər də var… 
Məncə, ən yaxşı hal şükürlə oyanıb, durub idman hərəkətləri etmək, hal yoxdursa oturub gününü planlaşdırmaq…
İndi artıq 90 faiz insan isə telefona əl atır. Əlbəttə, ilk saatı bilmək, sonra da xəbərləri öyrənmək… Bu artıq şəhərdə də, kənddə də yaşayanların ilk tələbatıdır. Gündəlik istəklər bundan sonra yaranır… 
Gündəlik ehtiyaclar, borclar, işlər də bundan sonra… Fərqli duyğuların və can durumlarının müşayiəti ilə… 
Dünyanın dərdləri də beyindən və qəlbdən aralanır. Sosial, maddi, fiziki durumlar isə bütün fikirləri üstələyir. 
Bütün bunları niyə deyirəm? Halımızın xronikası hamıya bəlli.
Bir çoxlarının bütün bunları hər sətri ilə bölüşdüyü yaxınları da var. 
Mən də öz halımıza qıraqdan baxmağımızı, şükür etməlisinə şükür etməyi, səhvlərimizi görməyi, onları düzəltməyə çalışmağımızı, diqqətdən kənarda qalanları yada salmağı, ehtiyacların daha düzgün aradan qaldırılmasının yollarına əmək sərf etməyimizin həyat borcumuz olduğunu unutmamaq üçün deyirəm. 
Bəli, çox vaxt bu həyata imtahan vermək üçün gəldiyini unudanlar var.  
Dünya bildiyimiz qədər qəlbimizdə yer alır. Fərqli durumların ehtişamı borclarımızı unutdurur. Müvəqqəti dünyanın əbədiliyə çevriləcək əməllərinə inam azalır. 
Sizcə dünyəvi biliklər və varlıqlarmı inamı azaldır? Məncə, yox.  Dünyanın qəlbimizdə yaratdığı duyğular…
Qəlbin təməli isə biz yaranarkən qurulur. 
Ətraf, yaşam, biliklər, öyrəntilər və yaxın bildiyimiz insanlar qəlbimizin real dünyanı düzgün görməsinə səbəb olsun, İnşallah. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir