“İqlim dəyişikliyi və çirklənmə balıqların kütləvi tələf olmasına səbəb olur” – İradə Həsənova, QHT sədri:

“Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım” İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında balıqların kütləvi şəkildə məhv olmasının əsas səbəbləri barədə danışıb.

Onun sözlərinə görə, balıqların ölümü təkcə təbii deyil, həm də antropogen (insan fəaliyyəti ilə bağlı) amillərlə sıx əlaqəlidir:

“Balıqlar həddindən artıq balıq ovu, çirklənmə (sənaye tullantıları, azot və fosfor), iqlim dəyişikliyi, oksigen çatışmazlığı, xəstəliklər (parazitlər, viruslar, bakteriyalar) və stress kimi amillərə görə ölə bilər. Daxili genetik problemlər, zəiflik və həyati zəifliklər də ölüm səbəbləri arasındadır. Balıqlar poikilotermik (soyuqqanlı) canlılar olduqları üçün bədən istiliklərini tənzimləyə bilmirlər və buna görə də suyun ekoloji şəraiti onların həyatında həlledici rol oynayır. Planetin iqlimi istiləşdikcə, balıqların kütləvi şəkildə tələf olması hallarına daha çox rast gəlinir. Bu, ekosistemin fəaliyyətinə ciddi təsir göstərir, balıq populyasiyalarını təhlükə altına salır və qlobal qida ehtiyatlarını azalda bilər. Qlobal karbon emissiyalarının azaldılmaması vəziyyəti daha da ağırlaşdıracaq. Əgər 21-ci əsrdə karbon emissiyaları əhəmiyyətli dərəcədə azaldılmasa, dünya daha dəhşətli nəticələrlə üzləşəcək, balıqların kütləvi ölüm halları daha tez-tez baş verəcək.”

İradə Həsənovanın sözlərinə görə, aparılan tədqiqatlar göstərir ki, temperaturun sürətli dəyişməsi, balıqların istiliyə dözümlülüyündən asılı olmayaraq, bir çox növlərə təsir göstərir:

“Vəhşi və yetişdirilən balıqların sağlamlığına ən çox təsir edən amillər ətraf mühit faktorları səbəbindən inkişaf edən xəstəliklərdir. Su heyvanları, yosunlar və mikroorqanizmlər kimi bioloji amillər də xəstəliyin yayılmasının ikinci ən mühüm səbəbini təşkil edir.”

Ekspertin fikrincə, balıqların sağlamlığının qorunması üçün su hövzələrinin çirklənmədən mühafizəsi, iqlim dəyişikliklərinə qarşı tədbirlərin gücləndirilməsi və dayanıqlı balıqçılıq siyasətinin həyata keçirilməsi vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir