Azərbaycan COP29 Sədrliyi Afrikanın iqlim problemlərinə xüsusi diqqət yetirir – QHT sədri, ekspert İradə Həsənova
“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova YeniMedia.net portalina açıqlamasında bildirib ki, sentyabrın 6-da Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Azərbaycan COP29 Sədrliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Afrika qitəsinin iqlim çağırışları: Afrikanın xüsusi vəziyyəti və ehtiyaclarına cavab verilməsi” adlı yüksək səviyyəli nazirlər iclası baş tutub:
“İqlim danışıqları prosesində Afrika qitəsi üçün ən həssas mövzulardan biri hesab olunan Afrikanın xüsusi vəziyyəti və ehtiyacları ilə bağlı keçirilən tədbir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 2-ci İqlim Həftəsi çərçivəsində təşkil olunub. Tədbirdə 50-yə yaxın ölkə, eləcə də müxtəlif beynəlxalq təşkilat və fondlardan ümumilikdə 200-dən artıq nümayəndə iştirak edib. Tədbirdə COP 29-a sədrlik edən M.Babayev Afrikada iqlim dəyişmələrindən irəli gələn mövcud çağırışların mənfi təsirlərini azaltmağa qitə ölkələrinin qadir olduğuna və bu xüsusda, COP29-da qəbul edilmiş qərarların əhəmiyyətini vurğulayıb. O, COP29 Sədrliyinin bütün tərəflərin, o cümlədən Afrika qitəsinin maraqlarını nəzərə aldığını və bu istiqamətdə fəaliyyətin davam edəcəyini iştirakçıların diqqətinə çatdırıb”.
“COP29-un ənənəsi COP30-da davam etdiriləcək”
“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova bildirib ki, Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən iqlim tədbirində plenar müzakirələr zamanı dövlətlər, beynəlxalq qurumların nümayəndələri və maraqlı tərəflər iqlim çağırışları ətrafında geniş fikir mübadiləsi aparıblar.
Onun sözlərinə görə, çıxışlarda beynəlxalq səviyyədə fəaliyyətlə yanaşı, Afrikanın öncülük edəcəyi həll yollarının xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.
“COP30-un müəyyən edilmiş sədri A.K. Laqo Afrikanın çağırışlarını diqqətdə saxladığına görə COP29 sədrliyini təşəkkür edərək, COP29 Sədrliyinin Afrika qitəsinin çağırışlarına xüsusi diqqət yetirilməsi ənənəsinin COP30 Sədrliyi tərəfindən davam etdiriləcəyini bildirib. Efiopiyanın planlaşdırma və inkişaf naziri F.A.Adela qitənin iqlim dəyişmələri üzrə mübarizədə dəstəyə ehtiyacının olduğunu vurğulayaraq, Azərbaycan tərəfinə həm tədbirin təşkilinə, həm də ümumilikdə Efiopiyada təşkil olunan 2-ci İqlim Həftəsinin uğuruna verdiyi töhfəyə görə təşəkkür edib”.
Nihad Əbilli

