Ev yıxan “adətlərimiz”- başlıq pulu, cehiz davası… – YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilovdan sərt münasibət…
Bəzi valideynlər hələ də cehiz, başlıq pulu kimi köhnə anlayışlara köklənmiş şəkildə düşünürlər, bu da sonda…
Azərbaycanda cehiz, qızıl, başlıq pulu və ev təmiri – bu sözlər sadəcə maddi məsələlərin adı deyil, gənclərin həyatını, rahatlığını məhdudlaşdıran, gələcək arzularını zəncirə vuran ənənələrin simvoludur. Bu yaxınlarda rayonlardan birində cehiz məsələsinə görə gənc oğlanın canına qıyması bu ənənələrin nə qədər faciəvi nəticələrə səbəb olduğunu bir daha gündəmə gətirdi.
Tənqidçi, publisist Günel Novruz Kulis.az-da yayımlanan müəllif yazısında son hadisəyə işıq salaraq mental problemləri qələmə alıb. Onun qeydlərinə görə, bu ənənələr yüzilliklərdən gələn bir yük kimi, cəmiyyətimizin ruhunu boğan, insanları seçim azadlığından məhrum edən, sanki görünməz, amma qırılmaz tellərlə hörülmüş tələyə çevrilib. Sitat: “Hər il minlərlə gəncin ailə qurmaq arzusu maddi narahatlıqların, sosial təzyiqlərin, valideynlərin “ənənə qoruyuculuğu” adı altında süni şəkildə yaratdığı ağır öhdəliklərin altında əzilib məhv olur”.
Qeyd edək ki, Ağdaşın Ləki qəsəbəsində cehiz məsələsi üzündən 23 yaşlı gəncin həyatına son qoyduğu iddia edilir. Hadisədən sonra oğlan evi qızın ailəsini, qız evi isə oğlanın ailəsini günahlandırır. İnsanlar da bu məsələdə ikiyə bölünüb. Yaşanan faciə bir ailənin dramı deyil. Bu, cəmiyyətin üzləşdiyi dərin sosial və məişət problemidir. Cehiz ənənəsi çox vaxt yeni qurulan ailələrdə təməlin özündə çatların yaranmasına səbəb olur. Əvvəllər ağsaqqal və ağbirçəklərin vasitəçiliyi ilə münaqişələrin sülh yolu ilə həll olunması mümkün idi, lakin indi bu institut zəifləyib. Bundan başqa, gənclərin erkən yaşda ailə qurması da psixoloji və sosial gərginlikləri artırır. Son illər başlıq məsələsi aradan qalxsa da, cehiz mövzusu yenə də ailələr arasında nifaq toxumu səpir.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında müasir dövrdə toyların kommersiyta xarakteri daşıdığını deyib: “Azərbaycan cəmiyyətində toy, ailə münasibətləri, nikaha daxil olmaq və boşanma proseslərinə həmişə kəskin münasibət olub. Həm ictimai müzakirələrdə, həm sosial mediada, həm də ümumilikdə cəmiyyətdə bu mövzularda ictimai qınaq və tənqidlər xüsusilə güclü şəkildə özünü göstərir. Çünki istər gənclərin evlənməsi, istərsə də toyla bağlı baş verən hadisələr həmişə insanlarımızı maraqlandırıb və demək olar ki, bütün ailələrin başlıca mövzusuna çevrilib. Ümumiyyətlə, dünyada olduğu kimi, Azərbaycanda da toy və nikah mədəniyyəti, eləcə də boşanma ilə bağlı məsələlər uzun illər ictimai debatların mərkəzində dayanıb. Bu sahədə tam ortaq məxrəcə gəlinməsə də, proseslər müəyyən qədər dəyişir, bəzi məsələlər isə zamanla islah olunur. Son illər xüsusilə toy və cehiz mövzusunda cəmiyyətdə kəskin polemikalar gedir. Ən son baş verən faciəli hadisə – bir gəncin çılçıraq səbəbilə intihar etməsi – sadəcə, fərdi bir dram deyil, həm də müasir Azərbaycan cəmiyyətində ailə institutu ətrafında baş verən ciddi sarsıntılardan biri kimi dəyərləndirilir. Biz nəzərə almalıyıq ki, iki şəxs nikaha daxil olur, toy məclisi təşkil edirsə, bu, onların şəxsi və fərdi xoşbəxtlik günü kimi qəbul edilməlidir. Təəssüf ki, son illər biz toyları daha çox kommersiya xarakterli bir konsertə, yaxud bir növ “biznes hadisəsinə” çevirmişik. Toylara gedib “pul atmaq”, sonrakı toyda həmin məbləği geri almaq kimi anlayışlar formalaşıb. Bir tərəfdən bahalı şadlıq sarayları, digər tərəfdən müğənnilər, bir başqa tərəfdən isə toy biznesi ilə məşğul olan kreativ sənaye sahələrinin nümayəndələri, üstəlik cehiz, zinət əşyaları, geyim və digər gözləntilər – bütün bunlar elə ciddi psixoloji və maddi yük yaradır ki, nəticədə 30-40 yaşlı subay gənclər evlənməkdən imtina etməyə başlayırlar”.
Aydın Xana görə, evlənənlərin təxminən 60-70 faizi nikahı boşanma ilə başa vurur: “Səbəblər soruşulduqda isə önə daha çox cehiz mübahisələri, iqtisadi problemlər, ailə məsuliyyətinin gənclər tərəfindən qəbul edilməməsi və valideyn müdaxilələri çıxır. Baldız, qayınana, qayın kimi anlayışlar ətrafında yaranan münaqişələr isə bu prosesi daha da dərinləşdirir. Nəticədə gənclərimiz evlənmək istəmir, xarici ölkələrə üz tutur, əcnəbi gəlin və ya bəylə evlənməyə üstünlük verirlər. Çünki orada toylar daha sadə keçirilir, ailə məsuliyyəti tərəflər arasında bərabər bölüşdürülür, valideyn müdaxiləsi isə minimuma endirilir. Valideynlər, sadəcə, dəstək rolunu oynayır və toy kommersiya modeli kimi təqdim edilmir.
Azərbaycanda isə elçilik mərhələsində dərhal bəyin diplomu varmı, evi, maşını, işi varmı kimi suallar verilir. Bunu bir məntiq çərçivəsində başa düşmək olar, amma eyni yanaşma gəlinə tətbiq olunmur. Heç kim soruşmur ki, gəlinin işi varmı, gəlir mənbəyi nədir? Sanki ailəni yalnız kişi təmin etməli, qadın isə yalnız cehiz gətirməlidir. Halbuki müasir ailə modeli bərabərlik üzərində qurulmalıdır. Hər iki tərəf müstəqil, eyni hüquqa malik insanlar sayılmalıdır. Əgər boşanma zamanı alınmış daşınmaz və daşınar əmlak bölünürsə, cehiz də həmin qayda ilə bölünməlidir. Əgər qızıl, zinət əşyaları gəlinin adına rəsmiləşdirilibsə və ona qaytarılırsa, cehiz də kişi ilə bərabər şəkildə bölüşdürülməlidir. Ailə quruculuğu yalnız bir tərəfin yükü olmamalıdır. Bu mövzuların açıq şəkildə və səmimi müzakirəsi cəmiyyətimizin nikah və ailə institutunun daha sağlam formalaşmasına töhfə verə bilər”.
Xalidə GƏRAY,
https://musavat.com/news/ev-yixan-adetlerimiz-basliq-pulu-cehiz-davasi_1188629.html

