Mədəni itki. Mehriban Əliyevadan paylaşım. Tanınmış teleaparıcı Lalə Azərtaş dünyasını bu gün dəyişən xalq artisti Arif Babayevin son görüntüsünü paylaşdı – Video
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun məharətlə ifa etdiyi muğamlar milli musiqi irsimizi daha da zənginləşdirmişdir. Arif Babayevin xoş, nurlu xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin”.
Aparıcı Lalə Azərtaş mərhum Xalq artisti Arif Babayevin son görüntülərini paylaşıb.
Aparıcı 2 həftə əvvəl xanəndənin evində qonaq olduğunu deyib:
“Sükut, böyük itki, boşluq… Mədəniyyətimiz böyük kədər yaşayır. Muğam ustadı bizi cismən tərk edib, qəlbimizə və yaddaşımıza əbədi köçdü. Təxminən iki həftə əvvəl onu evində ziyarət etdim. Ağrı-acısını gizlədərək masaya əyləşib çox sevdiyi Gültəkin xanımın Qarabag aşından yedik. Çünki heç kimi süfrədə oturtmadan əl çəkməzdi Babayevlər ailəsi və sagollaşıb getmək istəyərkən heç vaxt unutmayacağım təbəssümlə: “Sən sözünə düz xanımsan” deyərək məni alqışla, əl çala-çala yola saldı. Xanımına, qızı və nəvəsinə oniyə məni alqışla yola salır deyə gülümsədim. Axı alqışa layiq adam odur. Alqışa, xoş sözlərə, sevgiyə, hörmətə, diqqətə laiq adam. Bu gün biz onu alqışlarla yola salaq. Yeri cənnət adam. Allah rəhmət eləsin, ustad”. (Axşam.az)

