Çağdaşlıq – modernlik, yoxsa mənəviyyatsızlıq? – Küçə repi və gəncliyin halı. Ramal Aliyev yazır
Bu gün İnternetdə təsadüfən qarşıma bir qrup gənc reperin iştirakı ilə keçirilən küçə “rap battle”ı çıxdı. Səhnə qurulmuşdu, ətrafda isə əsasən gənc oğlanlar və qızlar toplaşmışdı. Tədbirin Azərbaycanda keçirildiyi aydın idi və iştirakçılar da bizim gənclərimiz idi. Təxminən bir dəqiqə izlədiyim bu “battle”da iki gənc bir-birinə qarşı olduqca təhqiramiz ifadələr işlədir, kobud, vulqar və əxlaqasığmayan söyüşlər deyirdilər.
İlk eşidəndə qulaqlarıma inanmaq istəmədim. Çünki artıq elə bir dövrə gəlib çatmışıq ki, azərbaycanlı gənc oğlan və qızlar birlikdə dayanıb Amerikanın küçə mədəniyyətindən qaynaqlanan bu janrda bir-birlərinə ən ağır ifadələri deməkdən çəkinmirlər, əksinə, bunu normal bir hal kimi qarşılayırlar. Ən məyusedici məqam isə o idi ki, ən kobud söyüşlər deyildikcə ətrafdakılar daha coşqu ilə alqışlayır, sanki bu əxlaqsızlıq bir qəhrəmanlıq kimi təqdim olunurdu.
Bəli, biz hüquqi və demokratik bir dövlətdə yaşayırıq. Qanunlarımız və Konstitusiyamız bizlərə söz və ifadə azadlığı verir. Amma bu azadlıq heç kimə mənəviyyatsızlıq etmək, milli-mənəvi dəyərləri ayaqlar altına atmaq, cəmiyyətə açıq şəkildə pozucu mesajlar ötürmək haqqı vermir. Əgər bu davranışa “müasirlik” deyiriksə, o zaman mən belə müasirliyi qəbul etmirəm və ayaqlarımın altına atıram.
Sual olunur: bu gənclərin anaları, bacıları, qız qohumları yoxdurmu? Görəsən bu cür davranışla onlar öz ailələrinə necə baş ucalığı gətirə biləcəklər? Bizim millətin qanında əxlaq, tərbiyə, böyüyə hörmət, qadına sayğı vardı. Elə biz özümüz də görmüşük ki, ən kobud danışan adam belə qadın yanında abrına qısılıb özünü toparlayardı.
Bizə nə oldu? Bu hala necə gəlib çıxdıq?
Bir vətəndaş olaraq, dörd övladı olan bir ata olaraq, və bir müsəlman olaraq bu hadisəni kəskin şəkildə qınayıram. Əgər bu cür halların qarşısı alınmasa, əxlaqsızlıq cəmiyyətimizdə adiləşəcək və gələcək nəsillər üçün təhlükəli nümunəyə çevriləcək.
Aidiyyəti qurumları bu məsələyə diqqət yetirməyə, gənclər arasında mədəni fəaliyyətlərin istiqamətləndirilməsi və mənəvi tərbiyənin gücləndirilməsi üçün tədbirlər görməyə çağırıram.
Unutmayaq: bir milləti güclü edən yalnız texnologiya, silah, yaxud iqtisadiyyat deyil – onun mədəniyyəti, əxlaqı və mənəviyyatıdır.
Ramal Aliyev,
YYSİB-nin sədr muavini, Sosial və ailə məsələləri üsrə araşdırmaçı, TV ekspert

