Xarici serial və mədəniyyət məhsulları gənclərin milli kimliyini zəiflədirmi?. Ekspert Ramal Əliyev yazır

Cəmiyyətlərin milli və dini kimliyinə təsir edən bir çox daxili və xarici amillər mövcuddur. Bu amillərdən biri də xarici ölkələrdən kütləvi şəkildə idxal olunan televiziya serialları, filmlər və cizgi filmləridir. Bu audiovizual məhsullar, xüsusilə gənc nəslin psixologiyasına və əxlaqi baxışlarına birbaşa təsir göstərməkdədir.

Tarixə nəzər salsaq, bu tendensiyanın 40-50 il öncə Hindistan filmləri ilə başlandığını, sonralar Meksika serialları ilə davam etdiyini və bu gün isə əsasən Türkiyə serialları vasitəsilə geniş miqyasda yayıldığını müşahidə edirik. Bu filmlərdə tez-tez ailədaxili xəyanət, evli şəxslərin qanunsuz münasibətləri, açıq-saçıq səhnələr, alkoqol və siqaret kimi vərdişlərin normallaşdırılması, ata-övlad münasibətlərində qarışıqlıqlar və s. kimi mənfi nümunələr təbliğ olunur. Nəticədə, gənclər bu serial qəhrəmanlarını özlərinə kumir seçərək, onların həyat tərzini təqlid etməyə başlayırlar.

Gənclərin xarakter formalaşmasında rol oynayan bu filmlər, onlarda əxlaqsız davranışları adi və qəbulolunan bir norma kimi təqdim edir. Məsələn, siqaret və alkoqol istifadəsi adi hal kimi qarşılanır, ailədaxili sadiqlik dəyərdən düşür və qeyri-əxlaqi münasibətlər “azad seçim” kimi göstərilir. Saç düzümü, geyim və danışıq tərzində belə serial qəhrəmanlarının təqlid olunması müşahidə olunur. Bu, gənclərin ümumi əxlaqına, mənəvi dünyagörüşünə və nəticə etibarilə milli-dini dəyərlərinə ciddi şəkildə mənfi təsir göstərir.

Digər tərəfdən, ölkəmizdə təşkil edilən beynəlxalq mədəni tədbirlər də bu prosesin bir hissəsinə çevrilmişdir. Xüsusilə “Eurovision” kimi tədbirlərdə iştirak edən bəzi ifaçıların şəxsi həyat tərzi və təqdim etdiyi mədəni dəyərlər yerli adət-ənənələrimizlə uyğun gəlmir. Bu tədbirlərdə tez-tez LGBT yönümlü ifaçılar iştirak edir və onların qalib gəlməsi, cəmiyyətin bəzi təbəqələrində yanlış örnəklərin nüfuz qazanmasına səbəb olur.

Məsələn, “Eurovision” müsabiqəsində qalib gəlmiş avstriyalı müğənni Konçita Vurst cəmiyyətə fərqli, lakin birmənalı qarşılanmayan geyim və davranış tərzi ilə təqdim olunmuşdu. Onun uğuru bir çox gənc üçün nümunəyə çevrildi. Halbuki bu nümunə, gənclərin milli-mənəvi köklərindən uzaqlaşmasına, fərdiyyətçilik adı altında milli və dini dəyərlərə qarşı laqeyd münasibətin yaranmasına səbəb olur.
Bu cür xarici təsirlər – istər film və seriallar, istərsə də beynəlxalq tədbirlər – milli kimliyin, dini dəyərlərin, ailə institutunun və əxlaqın zəifləməsinə yol aça bilər. Bu səbəbdən də bu kimi mədəni məhsul və tədbirlərə yanaşmada daha məsuliyyətli, seçici və tənqidi olmaq vacibdir. Gənc nəslin tərbiyəsində, onların baxış bucağının formalaşmasında milli və dini dəyərlərin qorunması prioritet məsələ olmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir