Son dövrlərdə artan LGBT ideologiyasının cəmiyyətimizə təbliği və bu ideologiyanın fəsadları… YYSİB sədri, ailə və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev yazır
Azərbaycan hüquqi-demokratik dövlətdir. Bu cür dövlətlərdə vətəndaşların konstitusiya hüquqları mövcuddur və bu hüquqlar dövlət tərəfindən qorunur. Hər bir vətəndaşın qanunla müəyyən edilmiş hüquqi statusu var və hüququ pozan əməllərinə görə müvafiq cəzalar tətbiq olunur. Cinayət, inzibati xəta, mülki və sair məcəllələrdə əks olunan hüquq pozuntuları ilə bağlı müvafiq tədbirlər görülür.
Lakin, demokratik quruluşların müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də mövcuddur. Bu mənfilərdən biri, xüsusən son dövrlərdə artan LGBT ideologiyasının cəmiyyətimizə təbliği və bu ideologiyanın təşkilatlanmasına qarşı dövlətin və cəmiyyətin mübarizəsidir. Avropa ilə eyni quruluşda olmağımıza baxmayaraq, biz Azərbaycan olaraq müsəlman bir cəmiyyətik və bu da öz milli və dini dəyərlərimizə bağlıdır. Əsrlər boyu formalaşan ailə strukturu, qadın və kişi münasibətlərini tənzimləyən yazılmamış kodekslər mövcuddur. Bu çərçivədə LGBT ideologiyasına mənsub şəxslərin açıqlamaları və onların təbliği, bizim cəmiyyət üçün qəbuledilməzdir.Bu əməl Allahın insanda yerləşdirdiyi fitrətədə ziddir. LGBT (geylik, lezbiyanlıq) bütün səmavi dinlərdə,eləcə də İslam dinin müqəddəs kitabı olan Qurani kərimdə də haram edilmişdir.Qurani kərimdə keçən Lut qövmünün qissəsi buna açıq aşkar sübutdur.
Bu mənada, son illərdə, xüsusilə sosial şəbəkələrdə, xüsusən də TikTok platformasında LGBT ideologiyasının təbliğ edilməsi və açıq şəkildə əxlaqsızlıq nümayiş etdirən şəxslərin ortaya çıxması böyük narahatlıq doğurur. Belə şəxslər, zahirən kişi olub, lakin hərəkətləri qadınlar kimi olan bəzi insanlar, açıq şəkildə LGBT ideologiyasını təbliğ edirlər. Daha da təəssüf doğuran isə, bu şəxslərin izləyicilər tərəfindən dəstəklənməsi, onlara hədiyyələr göndərilməsi və maddi dəstək göstərilməsidir. Bu dəstəyin verilməsi, ümumilikdə, bu şəxslərin sosial şəbəkələrdəki təsirini artırır və cəmiyyətdə yanlış mesajlar yayır.
Sosial şəbəkələrdə açıq şəkildə əxlaqsızlıq təbliğ edən bu şəxsləri izləyənlərin çoxluğu da ciddi bir problemdir. TikTok kimi platformalarda bu şəxslər daha çox diqqət çəkir və bunun nəticəsində cəmiyyətin gənc nəsli bu ideologiyaları normal qəbul etməyə başlayır. Bu, zamanla ailə strukturlarına, cəmiyyətin etik dəyərlərinə və milli adət-ənənələrə ciddi təsir göstərəcək.
Məsələn, bəzi müğənnilər, aparıcılar və digər tanınmış şəxslərin açıq şəkildə anormal oriyentasiyaya sahib olmaları və bunu gizlətməmələri ciddi narahatlıq yaradır. Belə şəxslərin populyarlığı, onların daha çox izləyicisi və dəstəkçisi olmasına səbəb olur. Həmçinin, belə şəxslər daha yüksək mövqelərə gəlir və onların dəstəkləyiciləri də bu cür davranışları normal qəbul etməyə başlayır. Bu da, gələcəkdə bu ideologiyanın daha da geniş yayılmasına səbəb olacaqdır.
Bununla yanaşı, demokratik quruluşların hər cür azadlığı təmin etməsi və fərdi hüquqları qoruması vacib olsa da, cəmiyyətin öz dəyərlərinə sahib çıxması, milli və dini adət-ənənələrini qoruması önəmlidir. Azərbaycanlılar olaraq, müsəlman cəmiyyəti olaraq, LGBT ideologiyasına qarşı mübarizə aparmaq və bu təbliğatın qarşısını almaq bizim üçün vacibdir. İctimai qınaq, cəmiyyətin bu cür təbliğatla mübarizəsinin önündə durmalıdır. Biz vətəndaşları sosial şəbəkələrdə belə şəxsləri izləməməyə, onlara dəstək verməməyə və onların fəaliyyətlərini baykot etməyə çağırırıq.
Bu çağırış, bizim uşaqlarımızın və gələcək nəsillərin sağlam cəmiyyətlərdə böyüməsi üçün vacibdir. Bu ideologiyaların geniş yayılmasının qarşısını almaq, cəmiyyətin əxlaqi dəyərlərinə zidd olan davranışlara qarşı ciddi mövqe almaq hər birimizin məsuliyyətidir. Əgər biz bu məsələyə etinasız yanaşsaq, gələcəkdə bu ideologiyalar bizim ətrafımızda daha geniş yer tuta bilər, nəinki sosial şəbəkələrdə, həm də real həyatımızda. Bu səbəbdən, biz cəmiyyət olaraq birlikdə bu məsələlərə qarşı mübarizə aparmalıyıq.

