Yazıçı-publisist Hacı Qəni Camalzadə ilə oxucuların növbəti görüşü Nərimanov rayonunda keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, I Qarabağ müharibəsi iştirakçısı Hacı Qəni Camalzadə ilə oxucuların görüşü keçirilib.

Tədbirdə Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Ədəbiyyat” qəzetinin şöbə redaktoru, yazıçı-kulturoloq Aydın Xan Əbilov, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü,
şair Şahin Həmidli, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri, kitabxananın fəal oxucuları iştirak ediblər.

Görüşün əvəlində vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan aparıcı yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat verib. O vurğulayıb ki, tarixi romanların və çoxsaylı hekayələrin müəllifi Hacı Qəni Camalzadə özünəməxsus yazı üslubu, xüsusi dəsti-xətti ilə sayılıb-seçilən yazıçılardan biridir.

Daha sonra çıxış edən yazıçı yaradıcılıq planlarından danışıb, yazmaq istədiyi yeni əsərlər və hekayələr haqqında məlumat verib.

Tədbir zamanı çıxış edən qonaqlar – Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, şair Şahin Həmidli və başqaları yazıçının şəxsi keyfiyyətləri, qələmə aldığı əsərləri, bu əsərlərdə cəmiyyətə çatdırmaq istəyi mesajlar haqqında danışıblar. Qeyd ediblər ki, yazıçı real həyat həqiqətlərinə söykənən maraqlı əsərləri ilə oxucularının xüsusi rəğbətini qazanıb.

Tədbirdə yazıçının həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonda oxucuların çoxsaylı suallarını cavablandırıldı, xatirə şəkilləri çəkildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir