Kimi alçaldıb Nigar xanım Fərhadı? Kimi təhqir edib? Xəstəsiniz!? – Ömər Xəyyam. “Yığışdırın bu düşük boşboğazlığı!” – Mirşahin Ağayev

“Sözün bitdiyi an” proqramının aparıcısı Nigar Fərhadın sözləri müzakirərələrə səbəb olub. Belə ki, onun “Mən oğluma atası olmayan qızı ala bilmərəm” fikri birmənalı qarşılanmayıb.

Ömər Xəyyamın mövzu ilə bağlı “Onlar arxadan havlar…lar-lar-lar-lar-lar-lar…” yazısını təqdim edirik.

Öz aramızdır, o qızın üstünə düşmək, yaxud onu xalq düşməni çıxarmaq əzilmiş eqoların yemlənmə aktıdır.

Düzdür, onu söymək, linç etmək də sizin ifadə azadlığınızdır, fəqət mən prosesin niyyətindən, mahiyyətindən danışıram.

Ki, o, bu məsələdə tamamilə haqlıdır.

Harada oxuyub, haranı qurtarıb… – özü bilər, di gəl, sırf bu məsələdə haqlıdır.

Nigar xanım elə fikirləşir.

Fikirləşir ki, oğlu olsa, filankəsin qızına elçi düşməz, – bu, onun düşüncəsidir, sizinki isə… dediyim kimi, əzilmişlik və alçaldılmışlığın ağzıyla yemlənməkdir; siyasi-iqtisadi aqressiya qusuntusudur.

Kimsə yetim bir qıza elçi düşməyə bilər, elçi düşmək istəməz…

Nədir, qəbahətdir, yoxsa günahdır?

Mən qızımın bir şəhid oğluyla ailə qurmağına razı olmaya bilərəm.

Kimi alçaldıb Nigar xanım? Kimi təhqir edib? Kimin xətrinə dəyib?

Məsələn, hansı ana öz qızının Nigar xanımın oğluyla ailə qurmağından ötrü tamarzı idi? Ki, bu sözdən sonra incidi…

Ya onun qızına elçi düşmək istəyirdiniz?

Ümumiyyətlə, hər addımbaşı şəhid/qazi söhbəti eləmək də möhtəkirlikdir.

Lazımi adamlara sözünüzü deyə bilmirsiniz, qalstuklu görən kimi üyüdürsünüz. Halbuki gecə/gündüz söyürlər, təhqir edirlər sizi.

Di gəl, sadə adamlar öz fikirlərini dilə gətirdimi… sizin düşüncənizə, təfəkkürünüzə yad nəsə dedimi… paaaah, olursunuz akula, əjdaha, başlayırsınız yetim qızları düşünməyə, şəhidləri xatırlamağa.

İlin/günün bu vaxtı…Əgər sizin probleminiz, dərdiniz budursa…

Vallah, bu yaşayış bizim ləyağımızdır; hələ bizim üçün bu da çoxdur…

“Yığışdırın bu düşük boşboğazlığı!” – Mirşahin Ağayev

“Bu zir-zibil “tv”lərin xalqımızı hər gün təhqir etməsinə susan dırnaqiçi “ziyalılar”, özünüzü dırnaq içindən çıxarın!”

Kulis.az xəbər verir ki, bu fikirləri Real TV-nin baş direktoru Mirşahin Ağayev öz sosial şəbəkə hesabında yazıb:

“Bilən də, bilməyən də, başı çıxan da, çıxmayan da bir insanı gözümüzün qabağında mənəvi terrora məruz qoymaqdadır! Hamısı cəsarətli çıxıb! Belə həssassınızsa, dəyər qədri bilənsinizsə, hər gün milləti təhqir edən antigigiyenik Sevinc Osmanqızı, Tural Sadiqlı, Qənimət Zahid, Məhəmməd Mirzəli, soyadını unutduğum Qabil, Manaf və s. kimi əsl ictimai məzəmmətə, linçə layiq olan zir-zibil topasının üzərinə gedin! Niyə susurdunuz? Niyə susursunuz? Cəsarətiniz varsa, onlarla vuruşun! Onları linç edin! Bu zir-zibil “tv”lərin xalqımızı hər gün təhqir etməsinə susan dırnaqiçi “ziyalılar”, özünüzü dırnaq içindən çıxarın! O yazıq qızı da rahat buraxın! Yığışdırın bu düşük boşboğazlığı!”.

Qeyd edək ki, bir neçə gün öncə “Kanal S”in aparıcısı Nigar Fərhadın efirdə işlətdiyi “Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm” fikri ciddi müzakirələrə səbəb olub. Audiovizual Şuranın qərarı ilə 2 aprel tarixindən onun aparıcısı olduğu “Sözün bitdiyi an” verilişi bağlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir