Cəmiyyətimizdə “böyük günahlar” buketi, bəlanın nazil olma təhlükəsi. Ramal Əliyev yazır
Səmavi kitablara nəzər saldıqda, Allahın əvvəlki ümmətlərə müxtəlif böyük günahlar və pozğunluqlara görə bəlalar göndərdiyinin şahidi oluruq. Bu bəlalar, o dövrün insanlarının zinakarlıq, eyni cinslilərin evliliyi, Allaha şərik qoşma və digər böyük günahlar üzündən baş vermişdir.
Bu günümüzdə də eyni böyük günahların izlərini cəmiyyətimizdə görmək mümkündür. Əvvəlki ümmətlər bu böyük günahlardan birini davamlı şəkildə etdikləri halda Allah bəla nazil edirdisə zamanımızda zina, sələmçilik, qumar, LGBT məsələsi və Allahın Qurani Kərimdə “ən böyük günah” olaraq təyin etdiyi şirk (Allaha şərik qoşmaq) kimi bir sıra günahlar insanların həyatında “günah buketi” halında mövcuddur .Bu günahlar yalnız cəmiyyətdə fitnə və fəsad yaradır, həm də Allahın bəlalarının nazil olmasına səbəb ola bilər. Cəmiyyətimizdə əxlaqi dəyərlərin azalması, insan hüquqlarına, ədalətə və əxlaqa zidd hərəkətlərin artması, sosial və dini təbəqələr arasında ziddiyyətlərin güclənməsi kimi mənfi nəticələrə gətirib çıxara bilər. Həmçinin, bu günahlar insanların mənəvi dünyalarını korlayır, fərdi və kollektiv həyatlarını zədələyir.
Ən təəssüf doğuran məsələ isə budur ki, bu günahları törədənlər özlərinə “mən müsəlmanam” deyənlərdir. Müasir dövrdə insanlar, özlərini dini kimliklə tanımaqla bərabər, həm də böyük günahları açıq şəkildə icra edirlər. Bu, həm özlərinin, həm də cəmiyyətin mənəvi sağlamlığına ciddi ziyan vururmaqla yanaşı Allahdan müxtəlif bəlaların da gəlməsinə səbəb ola bilir.
Allahın bizə göndərdiyi İslam dini, insanları yalnız bu dünyada deyil, axirətdə də xilas etmək məqsədini güdür. İslamın əsas prinsiplərindən biri də tək Allaha iman etmək, şirk və digər böyük günahlardan çəkinməkdir. Əgər bu prinsiplər cəmiyyətdə unutularsa və insanlar öz istəklərinə uyğun hərəkət etməyə davam edərsə, bu yalnız fərdi həyatları deyil, bütövlükdə millətin həyatını da zəhərləyər.
Günahların artması, bəlaların gəlməsini qaçılmaz edəcəkdir. Allah, əvvəlki ümmətlərə göndərdiyi bəlalarla bizə dərs verməkdədir. Bu gün cəmiyyətimizdəki bəlalar, əxlaqın pozulması, ədalətin itməsi,batil inanclar, İslamın həqiqi mahiyyəti və başqa mövzular üzərində düşünməliyik. davamiyyətli, israrlı günahlar üzərində dayanmaq yalnız Allahın cəzalandırması ilə nəticələnə bilər.
Son olaraq, dualarımızı Allaha yönəldərək, millətimizə hidayət diləməli, günahlardan qaçmaq və doğru yolda irəliləmək üçün bir-birimizə dəstək olmalıyıq. Allah bizləri doğru yola yönəltsin, haqq yoldan azdırmasın, fitnə və fəsadlardan, bəlanın nazil olmasından qorusun. Amin!
Ramal Əliyev,
Aailə və mənəviyyət məsələləri üzrə ekspert

