“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” layihəsi: Lənkəranda ilk tədbirin videosu
Lənkəranda ilk təbliğat-tanıtım tədbiri
Dekabrın 16-da Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi tam orta məktəbində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi ilə, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin həyata keçirdiyi “Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” adlı növbəti üçaylıq kulturoloji layihəsinin tanıtımı, eləcə də üçaylıq məhsuldar fəaliyyətlərin nəticəsi olaraq çap edilmiş toplunun, yayıma hazırlanmış elektron nəşrlərin, eləcə də eyniadlı sənədli videofilmin t təbliğat-tanıtım tədbiri baş tutdu.
Tədbir Dövlət Himninin canlı səslənməsi ilə başladı, daha sonra Ulu Öndər Heydər Əliyevin işıqlı xatirəsi, eyni zamanda şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Görüşü Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi tam orta məktəbinin direktoru Nisə Camalova açaraq Bakıdan gələn qonaqları salamladı, layihə haqqında məlumat vermək üçün sözü YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilova verdi.
Fəaliyyətlər çərçivəsində yenicə çap olunan “Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” adlı toplu, onun elektron variantı, hazırlanan silsilə 10 e-nəşr və eyniadlı sənədli videofilm barədə məlumat verən Aydın Xan Əbilov bildirdi ki, oktyabrın 1-dən dekabrın sonuna qədər yeni nəslin neo-maarifləndirilməsi istiqaməti üzrə həyata keçirilməsinə başlanılan aktual layihənin çoxistiqamətli fəaliyyət formaları ilə yeni nəslə kreativ ictimai-mədəni, ideoloji-informativ dəstək verməklə, gənclər arasında milli-mənəvi dəyərləri fərqli formalarda təbliğ etmək nəzərdə tutulub.
Layihəsinin əsas məqsədi 2024-cü ildə “Gənclər paytaxtı” elan olunmuş Lənkəran rayonunun yeni nəsli nümayəndələri üçün yaradılması nəzərdə tutulan modern ideoloji-beyin modelini formalaşdırmaq, təcrübə olaraq gələcəkdə bütün respublika, eləcə də 60 milyonluq Azərbaycanlılara ünvanlanmış kulturoloji-mənəvi təşəbbüslər formatı kimi hazırlamaqdır. Heydər Əliyevlə bağlı gənclər üçün kitabın kağız və rəqəmsal variantı hazırlanıb, bu istiqamətdə e-nəşrlərin və vizual məhsulların İnternet və sosial şəbəkələrüstü dünyada təbliğ etmək üçün müxtəlif formatlı tanıtım tədbirləri reallaşdırılır.
Lənkəranda yerləşən iki orta məktəbdə “Gənclər üçün “Heydər Əliyev” innovativ-kreativ, ideoloji-mənəvi, kulturoloji-intellektual real/virtual formatlı Mərkəz yaradılması üzərində də iş getdiyini bildirən A.X.Əbilov məktəb kitabxanaları üçün üçün müxtəlif mövzulu yeni kitablardan ibarət hər biri 100 nüsxəlik mini-kitabxana bağışlanır, sosial şəbəkələrdə layihənin və modelin ayrıca səhifəsi hazırlanıb, ardıcıl zənginləşdirilir. Elektron kitabxanada ayrıca alt-bölüm hazırlanıb, orada yeni e-nəşrlər yayımlanır. Heydər Əliyev və gənclər mövzusuna həsr olunmuş 10 e-kitab hazırlanaraq yeni nəslin istifadəsinə verilib. İnternetdə və sosial şəbəkələrdə bu rəqəmsal nəşrlərin virtual sərgisi təşkil olunub. Müxtəlif saytlarda, sosial şəbəkələrdə, video-platformalarda, e-kitabxanada mütəmadi olaraq materiallar yerləşdirilir, virtual sərgi müzakirə və debatlar keçirilir.
Sonra söz alan YYSİB sədrinin müavini Ramal Əliyev, təşkilatın cənub bölgəsinin rəhbəri Məhəmməd Məmmədov, Lənkəran rayon şöbəsinin sədri Nizami Şıxcanov və başqaları çıxışlarında bildirdilər ki, bu aktual layihənin Bakı şəhəri, eləcə də modelin ilkin olaraq yaradılması nəzərdə tutulan Lənkəran rayonundakı yeni nəsil nümayəndələrini, İnternet – sosial şəbəkələr vasitəsi ilə soydaşlarımız yaşayan dünya ölkələrindəki gəncləri əhatələməklə, milli-mənəvi, ideoloji işlərin aparılmasını yüksək dəyərləndirdilər.
Daha sonra məktəbə kitablar hədiyyə edildi, video-film nümayiş olundu. Sonda şagirdlər Ulu Öndər Heydər Əliyevin aforizmlərindən nümunələri səsləndirdilər, xatirə fotoları çəkildi.

