Sabiq məcburi köckün yazar üsyan etdi: “Məni söyün, ürəyinizi boşaldın, amma…’
Ötən il çiskinli bir payız günü kəndimizin təməli qoyuldu. “Su aydınlıqdır” deyib xeyirə yozduq.
Təməlqoyma mərasimində istifadə olunan daş, qum, çınqıl bircə gündə “cücərdi”, boy atdı. Onunla birlikdə bizim də arzularımız cücərdi…
Xatırlatma: 2023-cü il noyabr ayının 23-də Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun iştirakı ilə kəndimizin – Cəbrayıl rayonunun Soltanlı kəndinin təməli qoyulub. Macar qardaşlarımızın səyi nəticəsində cəmi 2 il sonra doğma yurda qayıdıb ata ocağımızın çırağını yandıracağıq. vakansiya 2023
O vaxt yazmışdım: “İki gün ərzində ən azı 30 nəfər zəng edib, mesaj yazıb, səs atıb. Hamı eyni sözü deyir: “İcra başçısından xahiş et, deputata ağız aç, nazirliyə məktub yaz, əlindən nə gəlir et ki, bizi birinci köçürsünlər…”
Minatəmizləmə əməliyyatından sonra insanlar dəstə-dəstə doğma yurdun ziyarətinə gedirlər. Yəqin sosial şəbəkələrdə görmüsünüz: Camaat ermənilərin xaraba qoyduğu ata ocağının başına dolanır, soyuq daşları, dağıdılmış divarları doğma övladı kimi bağrına basır. Bu ziyarətlərdə göz yaşları selə çevrilir.
Mən yenə xeyirə yozuram: Su aydınlıqdır!
Amma deyəsən, hamı mənim kimi xeyirxah deyil. Suverenlik Gününü qeyd etdiyimiz bu tarixi ayda lazımsız müzakirə açan, ara qatan, insanları üz-üzə qoyan adamlar da var. Bəlkə də kimsə bilməyərəkdən bunu edir. Bəlkə də kiminsə niyyəti pis deyil, amma fikrini pis ifadə edir.
Bilmirəm!
Bildiyim odur ki, Azərbaycan xalqı tarixinin ən parlaq, həm də ən həssas dövrlərindən birini yaşayır. Qarabağ separatçılardan təmizlənəndən sonra dünya üstümüzə ayaq açıb. Mən çadırda çürüyəndə bizə dalını çevirən ədəbaz fransız indi Karapetin təəssübünü çəkir.
Ay vələdüzzina, 1993-cü ildə 77 yaşlı nənəmi erməni gülləsindən min bir əziyyətlə xilas edib yarımcan halda Arazın o tayına adlada bilmişdik. Amma nankor Karapet öz xoşu ilə şokolad yeyə-yeyə Qarabağdan köçdü. Ona get deyən oldumu? Əlinzidə belə fakt varmı? Əgər yoxdursa, niyə sifətinizin qırmızı yerinə salıb yalan üyüdürsünüz?
Siz deyin: təkcə ermənilərlə deyil, ermənidən də pis olan havadarları ilə mübarizə apardığımız bir vaxtda belə söhbətlərə ehtiyac var: “Qarabağda evini kirayə verən adamların evi əllərindən alınsın”.
Mən Qarabağda bir gecə də qalmamışam. Ötən ay ailəlikcə Qarabağa gedən həmkarım danışır: “Laçında bir kişi evinin ikinci mərtbəsini bir gecəliyə bizə kirayə verdi. Səkkiz nəfər idik, yüz manat verib öz evimizdə olduğu kimi rahat gecələdik”.
Yazıçı-deputat Aqil Abbas da Laçında bir gecə şəhid ailəsinin evində kirayədə qalıb.
Həmin adamlardan soruşuram: Siz şəhid ailəsindən daha vətənpərvərsiniz?
Göydən yerə iki damcı yağış düşən kimi heç kim Qarabağa getməyəcək. O insanlar yağmurlu payızda, soyuq qışda öz qayğıları ilə baş-başa qalacaqlar. Əgər kimsə yayda evini beş-altı gün kirayə verib həmin pulla qış üçün ehtiyat görürsə, bu niyə sizin qarnınızı ağrıdır?
Mən bu cür müzakirələri faydasız sayıram. Otuz ildən artıq doğma yurdun həsrəti ilə yaşayan insanları incitmək doğru deyil, zərərli vərdişdir. Amma yenə kimlərinsə ürəyi soyumur, son 30 ildə olmazın məşəqqətlərə qatlaşan adamları söyürlər. Özləri söyməsələr də, yazdıqları statuslar vasitəsi ilə söydürürlər.
Səmimi deyirəm, nə qədər istəyirsiniz məni söyün, ürəyinizi boşaldın, amma cəmiyyətdə ayrıseçkilik yaradan sözlər danışmayın. İmkan verin, qayıdıb ata yurdumuzun çırağını yandıraq.
O çırağın şöləsi sizin də yolunuzu işıqlandıracaq…
Seymur VERDİZADƏ , “Yeni sabah” saytının baş redaktoru, yazici-publisit

