Milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi: Psixogeosiyasət. Adıgözəl Məmmədovla müsahibə
“Azərbaycanın Avrasiya coğrafiyasındakı strateji mövqeyi bir çox imperialist dövlətləri çox ciddi narahat edir…”.
Bu barədə saytımıza müsahibəsində tanınmış yazar, Psixoloji Portretologiya və Siyasi Analizlər Mərkəzinin rəhbəri Adıgözəl Məmmədov deyib. Müsahibədə ictimai-siyasi proseslərlə bağlı bir çox həssas məsələlərə toxunan istedadlı tədqiqatçı olduqca ilginc siyasi gedişlərin üstünü açıb. Həmin müsahibəni oxuculara təqdim edirik.
– Adıgözəl müəllim, siz “Beynəlxalq münasibətlərə mental və psixoloji portretologiyanın təsiri”ni araşdırmısınız, olduqca maraqlı olan bir elmi xəttin Azərbaycanda əsasını qoymusunuz və bu istiqamətdə çoxsaylı tələbələr yetişdirirsiniz. Tədris etdiyiniz bu maraqlı fənn barədə bizə qısaca məlumat verə bilərsinizmi?
– Bu gün müasir diplomatiya, o cümlədən cari geosiyasi tendensiyalar, beynəlxalq münasibətlərin formalaşdırılmasında psixoportretologiyanın və xalqların xarakterinin təsiri ilə bağlı geniş mövzular dairəsinə nəzər salır. Bu baxımdan ABŞ psixoportretologiyanın və mental portretologiyanın geosiyasət sahələrinə təsirini kompleks araşdıran və bu sahədə lider mövqe tutan ölkədir. Bu yeni xətt psixogeosiyasət adlanır. Psixogeosiyasət və onun müxtəlif komponentləri, politologiya, xalqların psixologiyası, iqtisadiyyat və beynəlxalq münasibətlərdə mental – psixoloji faktorları, mürəkkəb geosiyasi ssenariləri təhlil və interpretasiya etmək imkanı verir. Bu gün hadisələri qabaqcadan görmək və xarici siyasətdə əsaslı qərarları qəbul etməkdən ötrü psixogeosiyasi tendensiyaların başa düşülməsi çox əhəmiyyətlidir. Qloballaşma beynəlxalq münasibətlərə özünün həm müsbət, həm də mənfi təsirini göstərib. Belə ki, qloballaşma böyük iqtisadi qarşılıqlı əlaqələrə və mədəni mübadiləyə gətirib çıxarsa da, o, həm də resurslara görə rəqabətin və münaqişələrin güclənməsinə səbəb olub. Beynəlxalq aktorlar öz maraqları naminə hərbi müdaxilə, iqtisadi məcburiyyətlə yanaşı, psixogeosiyasətin komplimentar hissələrindən biri olan “yumşaq gücdən” daha çox istifadə edirlər.
Psixogeosiyasət həyati vacib və sürətlə inkişaf edən sahə kimi beynəlxalq münasibətlərin formalaşmasında coğrafi, mental, siyasi və digər amilləri anlamağa çalışır. Onun mahiyyəti adıçəkilən amillər arasında qarşılıqlı əlaqələri anlamaqdır. İxtiyari ideoloji və ya iqtisadi nəzəriyyə hər bir mentalitetin anlayışlar sistemindən yararlanmırsa bu böyük səhvlərə, xaotizmə və demokratik anlayışların qavranılmasında çətinliklərə gətirib çıxaracaqdır. Bu gün yeni trend olan psixigeosiyasət spektorial olaraq cəmiyyəti bütövlükdə tədqiq etmək üçün şərait yaradır və düşüncələr quruluşunu dəqiqləşdirir, anlayış və qiymətləndirmə sisteminə müəyyən siyasi təbliğatlar vasitəsiilə təsir göstərir. Bu gün Azərbaycanın dünyada xüsusi yeri var və biz, bir çox ölkələrin xarici siyasi kursuna və daxili siyasi tədbirlərinə təsir edə bilir, bir sıra dövlətlərə və onların iqtisadiyyatının inkişafında yardım göstəririk. Azərbaycanın Avrasiya coğrafiyasındakı strateji mövqeyi bir çox imperialist dövlətləri çox ciddi narahat edir. Ona görə də psixogeosiyasət həm də milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir.
– Siz daha çox modern fikir və təkliflərlə yadda qalmısınız. Bu da sizi digər yerli təhlilçilərdən fərqləndirən müsbət cəhətlərdən biridir.
– Düzdür, Azərbaycanın siyasi arenasında gənc, intellektual səviyyəsi və dünyagörüşü olan insanlar olmalıdır. Hər gün dünyada müxtəlif və qaranlıq proseslər, hadisələr baş verir. Bu hadisələrə düzgün yanaşma tərzi olan intuasiyalı tədqiqatçılara ehtiyacımız var. Prosesləri yerində və dəqiq təhlil edən, baş verə biləcək hadisələrdən, təhlükələri göz önünə alan, ondan çıxış yollarını arayan gənclərimizi dəstəkləməliyik.
– Adıgözəl müəllim, hazırda yaradıcılıq mətbəxinizdə vəziyyət necədi?
– Yaradıcılığımda vəziyyət məhsuldar olaraq davam edir. Bu ilin fevralda rus dilində “Psixogeopolitika” kitabım işıq üzü gördü və Moskvada təqdimatı oldu. Qərbi-Kaspi Universitetində fərqli qruplara psixogeosiyasətdən azərbaycan, rus və ingilis dilində mühazirələr oxuyuram. Bundan başqa, “Böyük Azərbaycan naminə. Bağır Seyidzadə” kitabım türk dilinə tərcümə olunaraq Türkiyədə də işıq üzü gördü. Əsərimi türk dilinə tərcümə edən ADA Universitetində çalışan, son dərəcə savadlı mütəxəssis olan Azad Ağaoğludu. Bu yaxınlarda isə Azərbaycan tarixində görkəmli iz qoymuş, dövlət və partiya xadimi, diplomat, tibb elmləri doktoru, professor, Azərbaycanın Əməkdar həkimi, ölkəsinin və xalqının vətənpərvər övladı Əziz Əliyevin ictimai və siyasi fəaliyyətinə həsr olunan “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabı işıq üzü görüb. Siz də sağolun ki, bu kitabımdan hissə-hissə dərc etdiniz və çox da maraqla qarşılanıbdır. Əziz Əliyev Sovet İttifaqı, Azərbaycan və Dağıstanın dövlət xadimidir. Xüsusən onun Cənubi Azərbaycandakı fəaliyyəti və əllbəttə ki, Dağıstan xalqını sürgündən xilas etməsi tarixi bir missiya idi. Bu gün də Əliyevlər ailəsi Azərbaycan və qardaş Dağıstan xalqları arasında dostluğun möhkəmlənməsinə böyük töhfələr verir. Dağıstanlılar Əziz Əliyevin siyasətdə davamçısı olan Heydər Əliyevi minnətdarlıqla xatırlayır və onların Dağıstan xalqına olan sevgilərinin yüksək qiymətləndirirlər. Bu ailənin şanlı ənənələrinin davamçısı Əziz Əliyevin nəvəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Əziz Əliyev, Heydər Əliyev və İlham Əliyevin simalarında xalqlarımız arasında dostluq daima möhkəmlənibdir. Bu gün dövlət başçımıız İlham Əliyev həm atasının, həm də babasının işini uğurla davam etdirir. O, indiki mərhələdə Rusiya-Azərbaycan münasibətlərinin, deməli, Azərbaycan-Dağıstan münasibətlərinin inkişafına mühüm töhfə verir. Azərbaycanın dahi oğlu Əziz Əliyevin müqəddəs xatirəsi isə həm otaylı-butaylı azərbaycanlıların, həm də dağıstanlıların minnətdar qəlbində əbədi yaşayacaqdır.
Kamilə ORUCOVA

