Qarabağdakı sülhməramlılarla bağlı Azərbaycan, Rusiya, Türkiyə Açıqlamaları
Prezidentin köməkçisi Məhərrəm Əliyevdən sülhməramlılarla bağlı – Açıqlamalar
“Söz yox ki, atəşkəsin əldə olunması üçün ən çox fəaliyyət göstərən tərəflərdən biri də Rusiya rəhbərliyi idi və qəbul olunmuş sənədə əsasən düşmən işğal olunmuş əraziləri bəlli olan, ictimiyyətə də elan edilən qrafik əsasında tərk etməlidir. Çünki o da bəlli idi ki, artıq Rusiya münaqişədə neytral tərəf tutdu”
Yenimedia.net portalı xəbər verir ki, bunu Trend-ə müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev deyib.
General-polkovnik sözlərinə görə, onu da unutmamalıyıq ki, Azərbaycanın Rusiya ilə münasibətləri strateji tərəfdaşlıq münasibətlərinə əsaslanır, iki dövlət arasında səmimi dostluq amili mövcudluğunu qoruyub-saxlayır:
“Eyni zamanda, Rusiya ilə Azərbaycan arasında bir çox regional layihələr ikitərəfli iqtisadi-siyasi münasibətlərdə möhkəm əsaslara söykənir. Beləliklə, bütün bu kimi məsələlər, etibarlılıq prisnispləri də nəzərə alınmaqla Rusiyaya məxsus sülhməramlı qüvvələr təmas xəttində fəaliyyət göstərəcəklər, o cümlədən bu fəaliyyətin müddəti də 5 ildir. Yəni 5 ildən sonra münaqişə tərəflərindən biri sülhməramlıların xidmət apardıqları təmas xəttini tərk etməsini istəyərsə, həmin qərar dərhal icra olunacaq. Bu, həmin sənədin tərkib hissəsində yer alan mühüm müddəadır”.
Məhərrəm Əliyev müsahibəsində bildirib ki, Türkiyə bu gün də yanımızdadır:
“Həmçinin, bugünlərdə Türkiyə Respublikasının Milli Müdafiə Naziri cənab Hulisi Akar Azərbaycanda səfərdə oldu və Monitorinq Mərkəzinin formalaşdırılması istiqamətində əldə edilən qərarlar, qarşıda dayanan planlar dəqiqliklə müzakirə edildi. Bütün bunlar onu göstərir ki, Türkiyə dövləti bu gün də bizim yanımızdadır və qrafikə uyğun şəkildə işğaldan azad ediləcək digər ərazilərimizə nəzarət funksiyasını Rusiya ilə birlikdə həyata keçirəcəkdir”.
***
Prezident köməkçisindən sosial şəbəkələrdə yazılanlara reaksiya
“Artıq öz doğma yurd-yuvalarından qaçqın düşmüş bütün vətəndaşlarımız azad olunmuş torpaqlarına geri dönəcəklər və həmin ərazilərdə üçrəngli bayrağımız dalğalanacaq, Azərbaycanın qanunları icra ediləcək, milli valyutamız dövriyyəyə buraxılacaq və bu birmənalıdır”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev deyib.
General-polkovnikin sözlərinə görə, hər kəs bilməlidir ki, artıq Qarabağımıza heç bir status verilmir:
“Əvvəllər olduğu kimi “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Bütöv bir Qarabağ var ki, o da digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Ona görə də bəzi sosial şəbəkə istifadəçilərinin əsassız, qeyri-dəqiq məlumatlarla, heç bir hərbi-siyasi bilgilərə sahib olmadan, müxtəlif yanlış məlumatları ictimailəşdirmələrini doğru hesab etmirəm. Fikrimcə bu kimi addımlar həmin “internet qəhrəmanlarının” Azərbaycan Ordusuna, Şəhidlərinə və bütünlükdə Azərbaycanımıza qarşı hörmətsizliyidir”.
Rusiya Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə ilə ortaq hərəkət edəcəyini təsdiqləyib.
TASS-a xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir:
“Danışıqlardan sonra Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə ortaq mərkəzin yaradılması haqqında memorandum imzalanıb”.
Memorandumla ortaq monitorinq mərkəzinin vəzifələri və prinsipləri müəyyənləşdirilib.
Qeyd edilib ki, atəşkəsə birgə nəzarət mərkəzi tərəflərin atəşkəsə əməl etməsi və əldə olunmuş razılaşmaları pozan digər hərəkətlər barədə məlumat toplayacaq və yoxlayacaq. Mərkəz, həmçinin, vizual müşahidə, pilotsuz uçuş aparatları vasitəsilə pozuntuları qeydə almalıdır və digər mənbələrdən alınan məlumatları qiymətləndirməlidir. Mərkəz əldə edilmiş razılaşmaların pozulması ilə bağlı şikayət, sual və ya problemlə məşğul olan orqana çevriləcək.
“İşğal olunmuş torpaqların hamısı Azərbaycana qaytarılacaq”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.
“Bu razılaşmanın altında Ermənistan baş nazirinin imzası varmı? Var. Bu, ölkəni də razılaşmaya təhkim edir. Daha əvvəl atəşkəsi pozduq, yenə pozarıq desələr, – 3 dəfə pozublar, cavabını alıblar,- belə bir vəziyyətdə də bədəlini ödəyəcəklər. Azərbaycan qan tökməyə həvəsli deyil. Azərbaycan bu məsələni sülh yolu ilə həll etmək üçün çox səbir edib. Bundan sonra seçim Ermənistanındır.
Burada sülh olarsa və Azərbaycan torpaqları geri qaytarılarsa, bundan hər kəs faydalanacaq. Kimə daha çox fayda verəcək?! Region ölkələrinə. Bura Ermənistan da daxildir”,- deyə Çavuşoğlu qeyd edib.



