“Səhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin şəhid və qazi ailələrinin üzvləri üçün növbəti kreativ aksiyası
Sirk proqramlarına hər zaman təkcə uşaqlar yox, böyüklər də həvəslə baxırlar. Bu proqramlar mükəmməl olanda, təbii ki, tamaşaçı auditoriyasına daha xoş gəlir, bizi, necə deyərlər, əyləncə və gülüş içində düşündürür.
Luna Parkda qərar tutan “Circus Sea Breeze”də iki gün öncə baxdığımız şou proqram kimi. Sirk Oskarı mükafatçısı, Sirk Triumf Şirkətinin bədii rəhbəri Allahverdi İsrafilovun “Səhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyi ilə bərabər təşkil etdiyi sirk tamaşasına qazi və şəhid ailələrinin, həmçinin, aztəminatlı ailələrin üzvləri də dəvət olunmuşdu.
Tamaşa zamanı Monte-Karlo beynəlxalq sirk festivalı iştirakçılarının – məşhur akrobatların, hava gimnastlarının və klounların nümayiş etdirdiyi ustalıqları bütün tamaşaçıların, xüsusən də balacaların sevincinə səbəb oldu, onların alqışlarını qazandı.
Tamaşadan sonra şəhid və qazi ailələrinin üzvləri bu dəvətə, eləcə də mütəmadi olaraq onlara göstərilən qayğı və diqqətə görə “Səhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyin sədri, tanınmış ictimai xadim, şəhid xanımı və hərbiçi zabit anası, xeyriyyəçi Almaz Zeynalovaya, qurumun məsul əməkdaşı Əhməd Tağıyevə və “Teatrların dostu” Sevda Əliyevaya təşəkkürlərini bildiriblər.
Zemfira Məhərrəmova

