Moskvada Adıgözəl Məmmədovun “Avrasiya uğrunda mübarizə: Psixogeopolitika” kitabının təqdimatı olub
Tanınmış tədqiqatçı Adıgözəl Məmmədovun Moskvada “Avrasiya uğrunda mübarizə: Psixogeopolitika” kitabının təqdimatı keçirilib.
Medianews.az xəbər verir ki, təqdimat “Yeni epoxa. Yeni yollar” Dünya Forumunda baş tutub və kitabın mövzusu ilə bağlı çox ciddi diskussiyalar olub.
Forumda Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, millət vəkili, professor Elşad Mirbəşirli də iştirak edib.
Hər iki təmsilçimiz coğrafiyamızın bizə diktə etdiyi yeni geosiyasi reallıqlarla bağlı geniş çıxış edib, xalqlarımız arasında münasibətlərin inkişafından, xalq diplomatiyasından ətraflı bəhs olunub.
Tədbirdən sonra Adıgözəl Məmmədovun Moskvada fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri ilə də görüşü olub. Müzakirələr zamanı Rusiyadakı diaspor təşkilatlatların problemləri və onların üzləşdiyi bəzi çətinliklər barədə fikir mübadiləsi aparılıb. Azərbaycan-Rusiya münasibətlərinin yüksələn xətlə inkişafında diaspor təşkilatlarının əhəmiyyəti vurğulanıb.
Müzakirələrdən sonra Adıgözəl Məmmədov müəllif olduğu “Avrasiya uğrunda mübarizə: Psixoğepolitika” kitabını diaspor nümayəndələrinə hədiyyə edib.

