Layla kimi həzin… Yazıçı, alim, ictimai xadim Aqşin Babayev haqqında Sevda Əlibəyli yazır


Bu gün yazıçı-dramaturq, professor, ictimai-siyasi xadim Aqşin Babayevin vəfatından 4 il keçir. Vəfatının bir ilinə həsr etdiyim yazını izləyicilərin ixtiyarına verirəm…

Eh, Aqşin müəllim… Layla kimi həzin, sadə, səmimi, kövrək Aqşin müəllim… Ömrün sonu nə tez gəlib çatdı… Bir ildir ki, kağızlarımı tökür, göz yaşlarım imkan vermədiyindən yenə yığışdırıram (dədə-baba üsuluyla hələ də əlyazma edirəm). Bir ili gəlişi gözəl söz kimi dedim. Demə, elə düz bir il imiş… Həmin gün oğlu Gündüzə başsağlığı yazsam da, statusuma 10 gün sonra bu sözləri yazdım: “Çooox sevimli Aqşin müəllim! 10 gündür ayrı-ayrı dünyalardayıq. İnanmaq istəmirəm. Onsuz da yeriniz ürəyimizdədir…

”Yoldaşım bəd xəbəri eşidən kimi Aqşin Babayevin kitablarından ibarət bir sərgi düzəltdi. Kitabları düzdü – ortada Nazim Hikmətə həsr etdiyi “Nazim Hikmət qalaktikası.” Və ağrıyla söylədi ki, Aqşin müəllim bizləri tərk etdi. Nazim Hikmətə qovuşdu.Yazıçı-dramaturq, publisist, jurnalist, filologiya elmləri doktoru, professor Aqşin Babayev özünə qıbləgah, səcdəgah saydığı Nazim Hikmət haqqında çox yazılar, xatirələr, kitablar yazmışdı. Yaxın illərdə nəşr etdirdiyi “Nazim Hikmət qalaktikası” ilə elə bil ki, bütün yazdıqlarını yekunlaşdırdı.Ustadına sanki son borcunu verirdi. Aqşin müəllim söz adamı, yaradıcı adam olsa da, uzun illər vəzifə kreslolarında da əyləşmişdi. Hər hansı sahədə saysız-hesabsız dostu-tanışı vardı. Kitabına istədiyi adamı redaktor seçə bilərdi. Amma məni seçdi. Bundan böyük alilik olardımı?! Kitab haqqında “Kaspi” qəzetində çox gözəl bir məqalə dərc olundu. Aqşin müəllim özü mənə zəng vurub məqalə barədə məlumat verdi. Əlavə etdi ki, yazıda korrektora kimi hamının adı gedib, təkcə redaktordan başqa. “Belə şeylərə öyrəncəliyəm,” dedim. Hər ikimiz gülüb sağollaşdıq.

Xatırələrlə baş-başayam. Vaxtı ilə deyə-gülə söhbətlərimiz indi ağrılı xatirələrdir. 75 yaşının tamamına az qalmış zəng vurdu ki, haqqında kitab hazırlanır (ümumiyyətlə, tez-tez zəngləşirdik), orda mənim də sözüm olsa, fəxarət duyar. Bu sözləri az qala utanırmış kimi söylədi. Allah, Allah! Sözün deyilişinə bax… fikrin ifadəsinə bax… təvazokarlığa bax…

“Canlı tarix, canlı ensiklopediya” adlı böyük bir yazı yazdım. Kitabı avtoqrafla mənə verəndə o qədər də sevinmədim – yazım yarıbayarı ixtisar olunmuşdu. Yazını özüm üçün saxlamadığıma görə indi çox təəsüflənirəm.“Söz” jurnalının ən operativ, ən məhsuldar əməkdaşlarından idi Aqşin müəllim. Yazını axşam sifariş versəydim, sabahı, ən uzağı o biri gün hazır olmalı idi. İndi haqq dünyasında olan, unudulmaz xatirələrilə könül dünyamda əbədiləşən professorlar, elmlər doktorları Zeydulla Ağayev də, Əjdər Ağayev də Aqşin müəllim qəbildən olan insanlar idilər.

“Söz”də dərc olunan yazılarına baxıram: “Leylanın Gülçöhrəsı” (Leyla Bədirbəyli), “Ürəyimdə yaşadıram” (Nəsir İmanquliyev) “Neyləyim, ürəkdir də…” (Əhsən Dadaşov), “Dəryada gəmim qaldı” (Davud Əhmədov) “Fəxr edirik” (Sudeyif İmamverdiyev) və başqa yazıları indi ayrı cür ovqat yaratdı məndə. Bütün yazılarda ürəyinin hərarəti, xarakterinin cizgiləri vardı…

Tədbirlərimizin canı, yaraşığı idi. Sonuncu görüşümüz (çox təəssüf) Beynəlxalq Mətbuat Mərkəzində “Söz” jurnalının 25 illiyində oldu. Yazıçılar Birliyində başqa tədbirə gedəcəyinə görə aparıcı – Mətbuat Şurasının sədri Əflatın Amaşov sözü tez ona verdi. Hər zaman olduğu kimi məni xeyli təriflədi. Çıxışından sonra icazə alıb getdi. Həmin tədbirdən gedən bütün xəbərlərdə Aqşin müəllimin çıxış elədiyi şəkli vermişdilər. Axşam bızə zəng vurdu. Yarımçıq çıxdığı üçün təəssüfünü bildirdi. Ora da çata bilmədiyini söylədi. Telefonla məni diqqətdən kənarda qoymazdı. Bəzən söhbətlərimizə Müzəyyən xanım da qoşulardı…

Son iki ildə səhhətindənki problemlə əlaqədar əziyyət çəkirdi. Lakin büruzə verməməyə çalışırdı. Aprelin axırları idi. Zəngimə telefonu açdı. Gileyimi və narahatlığımı bildirdim. Dedi ki, telefonu əlimdə çox saxlayanda yoruluram. Və onu da dedi ki, “mayın 4-də, karantindən sonra işə gedəcəyimi söyləsəm də, bugünkü vəziyyətimlə gedə bilməyəcəyəm. Hər gün geri gedirəm”…

Xeyli təsəlli verdim… Gündüzlə hərdən danışırdım. Söyləyirdi, dualarınızı Allah eşitsin, atama da çatdıracam…Aqşin müəllim dünyasını dəyişəndən sonra onu sevənlərin çoxuyla dərd ortağı oldum. Amma bacısı qızı Aysel Fikrətlə (şair Fikrət Sadığın qızı) kədərimiz üst-üstə düşdü. Axı Aqşin müəllim mənə də dayı qədər əziz idi. İnsanı dərd qədər birləşdirən ikinci bir qüvvə yoxdur.

Muzıkalnı (ifadəni işlətdiyimiz kimi yazıram) adamları çox sevirəm. Xüsusilə tar və piano çalmağı bacaranları. Aqşin müəllimin tar çaldığını bilirdim. İlk təhsilini atası Əlisəttar müəllimdən almışdı. Sonra isə Əhsən Dadaşovdan. Universitetdə ansamblda çalmışdı. Pianonu dilləndirməyi isə özü öyrənib. Nə yaxşı ki, Gündüz bəzi çalğıları lentə alıb. Dünyada olmadığı günlərdə statusa qoymuşdu. Aqşin müəllim çalır. Pianonun şirmayı dillərindən həzin bir musiqi süzülür.

Deyirlər ki, sevgi də istedad kimidir, hər adama verilmir. Tanrı Aqşin Babayevə istedad da vermişdi, sevgi də. Bakıdakı 1 saylı orta məktəbdə təhsil almışdı. Yuxarı siniflərdə siniflər birləşdiriləndə Müzəyyən Ağabəyova Aqşingilin sinifinə düşür. Ömrünün son gününə kimi yaşadığı sevgi elə həmin gündən, ilk baxışdan yaranır. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində də birgə təhsil alırlar. Müəllimləri Abbas Zamanov “Müzəyyən Aqşindən savadlıdır” desə də, Müzəyyən xanım “savadını” uzun illər ailəsinə həsr eləyir. Sonralar Sabir adına Məktəbəqədər Pedaqoji Məktəbdə dərs deyib. Aqşin müəllimlə düz 61 il birgə ömür sürdülər. “Ömür dostu” – sevgilərini belə izhar etdilər bir-birinə. Gündüzlə Aytənin, nəvələrinin uğurlarına sevindilər. “Brilyant toy”larını birgə qeyd etdilər. Mənalı, maraqlı birgə ömür yolu Müzəyyən xanıma bəzən bir göz qırpımı qədər gəlir. Bir də, əhd eləmişdi ki, bu dünyadan Aqşinının çiynində köçsün. Ona görə də sevgilisinin etibarsızlığına inana bilmir…

Aqşin Babayevin 84 yaşı noyabrda tamam olacaqdı. Normal insan ömrü üçün pis yaş deyil. Amma Aqşin müəllim dünyasını nə vaxt dəyişsəydi, gedişi vaxtsız olacaqdı.

Sevda ƏLİBƏYLİ,

“Söz” dərgisinin baş redaktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir