Sabiq DİN rəhbəri, general-mayor Aydın Məmmədovun işiqlı xatirəsinə
GENERAL-MAYOR AYDIN MƏMMƏDOVUN XATİRƏSİ ÜRƏKLƏRDƏ MƏHƏBBƏTLƏ YAŞAYIR
“Xəzərin general oğlu” adlı ilk kitabımın qəhrəmanı, daxili xidmət general-mayoru Aydın Məmmədovun doğum günü, 85 illik yubiley yaşıdır.
Aydın Məmmədov 1939-cu ilin 22 martında Astara rayonunda anadan olmuşdur. 15 yaşında, yeddillik təhsilini başa vurandan sonra Astaradan ayrılan cavan oğlan Bakıda gəmi təmiri zavodunda fəhləlikdən müxtəlif vəzifələrə yüksəlir. Odessa Dəniz Donanması İnstitutunda, Bakı Ali Partiya Məktəbində təhsil alır.
Xəzər Dəniz Gəmiçiliyində uzun illər müxtəlif vəzifələrdə çalışdıqdan sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində Nəqliyyat və Rabitə şöbəsinin müdiri, Daxili İşlər naziri vəzifələrinə yüksəlir. Sonra Bakı Dəniz Ticarət Limanının rəisi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru vəzifələrində işləyir.
Aydın Məmmədovun Daxili İşlər Nazirliyinə rəhbərliyi (1987-1990) ən çətin illərə düşmüşdü. Həmin dövrdə milli azadlıq hərəkatının liderləri meydanda birləşəndə, xalq da onları dəstəkləyərək meydana toplaşmışdı.
O zaman Azərbaycanda meydanda toplaşmaq təcrübəsi yox idi. Sonralar azadlıq hərəkatının liderləri özləri etiraf edirdilər ki, onların tribunaya çıxıb sözlərini demələri üçün, qəhrəman olmaları üçün respublikada şərait lazım idi. Nazir bu günü o zaman görür və düzgün qərar qəbul edirdi. Bu mənada Aydın Məmmədov müstəqil dövlətçiliyimizin tarixinə birinci düşən şəxslərdəndir.
Aydın müəllimin həm insanlıq, həm də dövlət adamı kimi mövqeyi meydanın qansız təmizlənməsinə səbəb oldu. Bu, onun Azərbaycan xalqı qarşısında əvəzsiz xidməti idi. SSRİ dövrünün naziri, generalı olaraq milli ruhdan hərəkət etmək qəhrəmanlıq idi. Moskva qorxurdu ki, Aydın Məmmədov milli qüvvələrə qoşulub, onların önündə gedə bilər. Ona görə Moskva heç vaxt ona antiAzərbaycan əmri verə bilmirdi.
20 Yanvar qırğınından sonra ilk istefa ərizəsi yazan nazır oldu. Nazir işlədiyi illərdə bir şəxsiyyət olaraq Azərbaycan polisinin mənəvi cəhətdən formalaşmasında mühüm rol oynadı. Odur ki, saf, ləkəsiz, vətənpərvər generalın – ömrünün 63 ili də tamam olmayan Aydın Məmmədovun unudulmaz xatirəsi tanıyanların qəlbində hər zaman məhəbbətlə yaşayır.
Ruhu şad olsun!
Sevda ƏLİBƏYLİ,
“Söz” jurnalının baş redaktoru

