Tramvay adı altında milyonlar qazanmaq istəyənlərin peşiman edəcək ictimai tənqid: elektrobuslar! YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilov
“İnsanlar daha rahatlığa can atdıqlarına görə tramvaydan istifadə etməyəcəklər” – Aydın Xan Əbilov
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, Bakının Baş planı artıq hazırdır və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub. Baş planda paytaxtın bəzi yollarının genişləndirilməsi və tramvay xəttinin qurulması nəzərdə tutulub.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov Herbiand.az-a deyib ki, tramvay XX əsrin, hətta XIX əsrin texnologiyasıdır. Ölkələr ondan tarixi nəqliyyat abidəsi olaraq hələ ki istifadə edirlər, saxlayırlar:
“Tramvay infrastrukturu geniş yayılmış Avropa şəhərlərinə nəzər salanda onlarda küçələrin genişliyi, yollara ayrılmış məkanların bolluğunu görürük. Eyni zamanda, şəhərin bir çox yerlərinə tramvaydan başqa yeraltı metro və yaxud yerüstü yüngül qatarların getməsi imkanı olmadığına görə tramvayları saxlayırlar. Bakıda vaxtilə sovet dönəmində tramvaylar olub. Yollarda nəqliyyata sıxlıq yaratdığına görə, tez-tez qəza hadisələri baş verdiyinə görə, texnologiyanın özü köhnəldiyinə görə ondan imtina olundu və mən fikirləşirəm ki, bu daha düzgündür. Bir-iki yerdə əlbəttə saxlamaq olardı, amma artıq buna lüzum yoxdur. Çünki artıq tramvayları əvəzləyən elektrobuslar meydana gəlib. Elektrobuslar elektriklə işləyən daha təmiz, keyfiyyətli, sürətli, heç bir tıxac yaratmayan, yüksək gərginlikli elektrik xətlərinə lüzum olmayan bir vasitədir. Dünyanın çox ölkələrində də ondan istifadə edirlər. Azərbaycanda artıq Çinin “BYD” şirkəti ilə birlikdə ildə 150-200 ədəd elektrik avtobusunun istehsalı ilə bağlı Sumqayıt Kimya Sənaye Parkının zonasında hektarlarla yer ayrılıb. Bununla bağlı İqtisadiyyat Nazirliyi ilə Çinin aidiyyəti qurumları və həmin zavodun əməkdaşları müqavilə də bağlayıblar. Belə bir vaxtda köhnə texnologiyanı gətirib təzədən Bakıya milyonlarla, bəlkə də milyardlarla pul yemək üçün yeni bir tələb yaratmağa heç bir lüzum yoxdur. Bilirsiniz ki, hörmətli prezidentimiz Şuşada və Qarabağda salınan digər ağıllı şəhərlərimizdə elektrobuslardan istifadə ilə bağlı artıq sərəncam verib. Bakının özündə sıxılmış qaz və elektrik avtobuslardan istifadə ilə bağlı artıq Nəqliyyat Nazirliyinin mütəxəssislərinin rəyləri var”.
Yazıçı-kulturoloqun sözlərinə görə, ictimai fəal olaraq tramvayın köhnəlmiş bir texnologiya olduğunu və şəhərdə daha böyük problemlər yaradacağını bildiyi üçün onun təzədən geri qaytarılmasının qəti əleyinədir:
“2030-cu ilə qədər Avropa ölkələrində dizel, benzin, hətta hibrid mühərriklərlə işləyən daxiliyanma mühərrikli nəqliyyatların qəti qadağan edilməsi məsələsi ortaya qoyulub və bütün dünyada ekoloqlar buna çalışırlar. Çünki, dəm qazları artıq planetin məhvinə aparıb çıxarır, hərarət artır. Ona görə də düşünürəm ki, bir zavodu tikib o zavodda qaz, yaxud atom elektrik stansiyası olaraq atom nüvə yanacağından, hətta mazutdan istifadə edib o zavodun bacasına çox yeni keyfiyyətli hava filtrləri qoyub tüstüsünü təmizləmək daha asandır, nəinki milyonlarla maşının hər dəfə texniki baxışlarını keçirib onların mühərriki işləyən zaman çölə buraxdığı qazları təmizləmək üçün texnologiyalardan istifadə etmək. Biz nə qədər normativ aktları çətinləşdirsək də, insanlar istənilən halda öz fərdi maraqlarından çıxış edərək nə filtrləri dəyişirlər, nə də maşına uyğun texnologiya ilə yeniləyirlər. Bu baxımdan da elektrobuslara çox böyük ehtiyac var”.
Aydın Xan Əbilov bildirib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin tramvayların yenidən dirçəldilməsi ilə bağlı fikrini eşidəndə təəccüblənib ki, bunlar nəyi nəzərdə tutur, nə edirlər:
“Həmin tramvay relslərini istehsal etmək üçün neçə milyon ton su və enerji gedəcək. Düzdür, elektrobuslarda da bunlardan istifadə olunur. amma bunlar daha çox yüngül materiallardır. Tramvaylarda isə əksinə naqillər, dirəklər, uyğun texnologiya üçün lazım olan digər texnoloji vasitələr, relslər, ayrıca yollar, tramvay üçün dayanacaqlar və s. Görün nə qədər böyük problemlər yarana bilər. Bunların təzədən qurulması üçün nə qədər fəhlə zəhmətindən istifadə ediləcək, nə qədər cürbəcür materiallardan istifadə olunacaq. Buna getmək olmaz. Biz nəinki ictimai nəqliyyatın iritutumlu vasitələrini, o cümlədən Bakıətrafı kəndlərə artıq yerüstü metronun və elektrobuslar üçün ayrıca xəttin açılmasını təklif edirik. Eyni zamanda, həm də Bakı şəhərinin mərkəzində daxiliyanma ilə işləyən nəqliyyat vasitələrinin hamısını qadağan etməsini təklif edirik. Məsələn, biz Fəvvarələr meydanında bunu etdik. Heç bir problem olmadı. İnsanlar bir az çox hərəkət edirlər və daha sağlam olurlar. Onu da deyim ki, hansısa dünya ölkəsində İçərişəhərdə nəqliyyat vasitələrinə icazə verilsə, o dəqiqə məmurlar işdən çıxarılacaq, yaxud iş adamları ictimai qınağa tuş gələcək. Amma bizim İçərişəhər kimi binaları artıq aşınmaya gedən yerlərə dəhşətli dərəcədə hər gün on minlərlə maşın daxil olur və ordan çıxır. Onları elektrik mühərriki ilə işləyən maşınlarla əvəzləmək olar”.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri təklif edib ki, avtobuslar, taksilər, həm də fərdi nəqliyyat vasitəsi kimi tez-tez istifadə edilən elektrik mühərrikli maşınlar üçün şəhərin hər yerinə sürətli elektrik şarj üçün stansiyalar qurmaq lazımdır:
“Mən iş adamlarını və məmurları buna çağırıram ki, tezliklə hər məhəllədə bu cür stansiyalar tikilsin. Çünki nə qədər ki, onları ləngidirik bir o qədər də insanlara elektrik mühərrikli maşınlara həvəsi olmaz. İkinci təklifimiz isə budur ki, sahibkarlar, fərdi insanlar öz daxiliyanma mühərrikli nəqliyyat vasitəsini təhvil verib elektriklə işləyən avtobus, taksi və ya şəxsi istifadə üçün maşınlar gətirmək istəyirlərsə təcili surətdə onlar üçün dövlət proqramı qəbul edilməlidir. Bu dövlət proqramı nəticəsində onlara imkan yaratmaq lazımdır ki, maşınları gətirən zaman daşınma və digər xərcləri, vergiləri ən azı sıfır etsinlər ki, birinci mərhələdə elektrikləşməni sürətləndirə bilək. Fərdi sahibkarlara kredit vermək lazımdır ki, onlar çoxlu sayda elektrik maşınları alıb gətirsinlər ki, ölkənin daxiliyanma mühərriki ilə işləyən nəqliyyat qarajı tezliklə dəyişsin, daha yeniləri ilə əvəz olunsun. Bu, bizim indiki və gələcək nəsillərimiz üçün çox önəmli bir məsələdir. Get-gedə bu problem həll olunmasa bir az da aktuallaşacaq”.
Prezident təqaüdcüsü sonda bir məsələni vurğulayıb:
“Bakıda piyada keçid yerlərini, bahalı mərmərləri dağıtdılar ki, velosiped yolları salırıq. İndi görürük ki, orada heç kim velosiped sürmür. Çünki mənasız bir layihə idi. İndi də tramvayla bağlı layihəni çox güman ki, yuxarı instansiyalara təklif ediblər. Onlar da fikirləşiblər ki, faydası var. Amma velosipedlə bağlı olan proses tramvaylarla da bağlı olacaq. Bizdə funikulyoru təmir etdilər, lakin çox adam istifadə etmir. Funikulyor Bakının nəqliyyat tarixi üçün lazım idi. Tramvaylarla da həmin şey olacaq. Heç kim baş aparan səsdən minib tramvaylardan istifadə etməyəcək. Çünki o ləngdir. Buna görə də insanlar daha rahatlığa can atdıqlarına görə bundan istifadə etməyəcəklər”.
Bəxtiyar CƏFƏRLİ

