“Toy sahiblərinə vergi tətbiqi təklifinə reaksiyalar. Toy kimi adəti var, amma… YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilovdan milli dəyərlərlə bağlı islahat təklifləri yenə gündəmi zəbt etdi…

Öncə mərasimlərimizi israf və dəbdəbədən xilas edək; iddia: “Aydın Xan Əbilov bu fikirləri hökumətin sifarişi ilə səsləndirib”

“Azərbaycanda vergi mədəniyyəti ilə bağlı ictimai düşüncədə olan kompleksləri yox etmək lazımdır və insanlar qəbul etməlidirlər ki, bir dövlətin yaşaması üçün rüşvəti aradan qaldırmaq, korrupsiyanı məhv etməklə yanaşı, mütləq vergi mədəniyyəti bütövlükdə cəmiyyətdə oturuşmalıdır”.

Bu sözləri Yenisabah.az-a yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Kulturoloq toy və yas məclislərindən əldə edilən gəlirin vergiyə cəlb olunmasını təklif edib: “Ona görə də hər bir insan işləyən zaman, mükafat alan zaman onun ailə büdcəsinə pul gələn zaman dövlətə mütləq vergi verməlidir və bu onun müqəddəs borcudur. Vergilər verilməsə, dövlət orqanları çalışa bilməz, pensiyalar verilə bilməz, məktəblər işləyə bilməz, dövlətlərin sosial problemləri həll oluna bilməz. Bu baxımdan, Azərbaycanda toylar və yaslarla bağlı vergi mədəniyyəti olmalıdır. Bir toydan 50-100 min yığıla bilər və bunun yarısı xərclərə gedir, o xərcləri kənara qoyuram, lakin real gəlir var və o gəlirin müəyyən faizi dövlətin büdcəsinə getməlidir. Yoxsa hər kəs uşaq pulu istəyir, pensiyaların artmasını tələb edir, məvaciblərinin artırılmasını istəyir, bəs dövlət bu pulu haradansa götürməlidir ki, artım da olsun”.

Sözünə davam edən kulturoloq bildirib: “Qəribədir, biz 10 manat lotereyadan pul udanda həmin puldan vergi tutulur, baklara pul qoyduqda faiz götürürüksə, həmin faizdən də vergi tutulur. Amma toyda, yasda, ad günü şənliklərində qazanılan həmin pullardan, nəmərlərdən, yığılan vəsaitlərdən heç bir vergi tutulmur. Yüz minlərlə qazanılan puldan insanlar vergi vermək istəmir. Bu nə dərəcədə düzgündür?”

Onun sözlərinə görə, toylardan tutulan vergi hesabına kasıb təbəqəyə kömək etmək də mümkündür və bu, ədalət prinsipi ilə tənzimlənməlidir: “Burada bir məsələ var, düşünürəm ki, yuxarı və orta təbəqə vergi verməlidir, amma aşağı təbəqə üçün əksinə, dövlət kompensasiya ödəməlidir. Çünki kasıb toy etdiyi zaman bəzən restoranlara verməyə pulu olmur, bu da həm yeni yaranan ailənin özü üçün problem olur, həm də toy edən valideynlər üçün. Biz ədalət prinsipini qorumaq şərti ilə bu məsələyə xüsusi önəm verməliyik”.

Kulturoloqun təklifi Azərbaycanda nə dərəcədə reallaşa bilər və nə verəcək? Bəlkə yas və toy yiyələrinə vergi tətbiqindən öncə yas və toy mərasimlərimizi israfdan, dəbdəbədən necə xilas etmək barədə düşünək?

Mürvət Həsənli 

Mövzu ilə bağlı “Xəmsə” restoranlar şəbəkəsinin sahibi, iş adamı Mürvət Həsənli “Yeni Müsavat”a danışıb. İş adamı kulturoloqun təklifinin məntiqsiz olduğunu bildirib: “Tutaq ki, kimsə toy edir və toyuna 150 nəfər gəlir, pul yazdırır. Qarşılığında həmin toy sahibi gələcəkdə pul yazdıranların toyuna gedib, həmin pulu yazdırır. Yəni burada toy sahibinin gəliri olmur. Yəni tutaq ki, kimsə onun toyuna 100 manat yazdırıbsa, gələcəkdə o da həmin adamın toyuna 100 manat yazdırır. Yaxşı, indi burada hansı gəlir əldə oluanur ki, camaat ona görə vergi ödəsin?

O ki qaldı mükafata, kimsə toy sahibinə mükafat verəndə, qarşılığında toy sahibi də gələcəkdə onun övladının toyuna mükafat alır”.

İqtisadçı deputat Vahid Əhmədov da təklif olunan fikri məqbul hesab etmədiyini bildirdi: “Xatırlayırsınızsa, bir müddət əvvəl müğənnilərə müəyyən rüsumlar qoyuldu və qaydasına salındı. Yəni əgər normal fəaliyyət varsa və həmin fəaliyyəti  qiymətləndirmək mümkündürsə, bu başqa məsələ. Amma elə fəaliyyət növü var ki, onu qiymətləndirmək mümkün deyil”. 

Akif Nəsirli

İqtisadçı Akif Nəsirli isə qeyd edib: “Aydın Xan Əbilov dostumuzdur. Amma ola bilsin ki, onun mədəniyyət sahəsində düşüncələri gərəkli, faydalı olsun, amma bu dedikləri mədəniyyətə aid deyil, tamam fərqli məsələdir.

Tutaq ki, toya nəmər salınır. Buna görə insanlardan vergi tutmaq lazım deyil. Həmin puldan yeni qurulan ailənin ehtiyaclarını ödəmək üçün istifadə etmək lazımdır. Çox təəssüf ki, biz bu gün belə istifadə etmirik, toy günü yığılan pulların hamısını digər məsələlərə, artıq məsrəflərə xərcləyirik. Məsələn, maşının  kirayələnməsinə, musiqiçilərin gəlməsinə və sairə. Yəni bir günün içində yığılan vəsait bir günün içində də xərclənir, yeni  ailə quran cütlüyə heç nə qalmır. Əslində bu problemi, israfcılıq məsələsini qabartmaq lazımdır.

Yasa gəldikdə isə insanlar hüzr yerinə gəlib, rəmzi olaraq ehsan yeyir və yas sahibinə kömək, dəstək məqsədilə 30-40 manat yazdırır. Bu ondan ötrüdür ki, yas sahibi dəfn və digər xərclərini qarşılaya bilsin. Başqa bir məsələ, məlum olduğu kimi, dövlətin büdcəsinin əsas hissəsi  neft pullarından formalaşır. Belə olan halda isə bir tərəfdən rüsum, bir tərəfdən cərimə artırılır, bir tərəfdən vergi tutmaq mənbələri axtarılır. Bunların hansı vətəndaşın xeyrinədir? Çox maraqlı tendensiya müşahidə olunur. Hesab edirəm ki, Aydın xan Əbilova da hökumətin sifarişi ilə bu cür fikirlər səsləndirib”.

https://musavat.com/news/yas-ve-toy-sahiblerine-vergi-tetbiqi-teklifine-reaksiyalar_984302.html

Aydın Xan Əbilov: “Toy mərasimlərimizin əvvəlki mahiyyətini geri qaytarmaq üçün cəmiyyət etiraz etməlidir”

Azərbaycanda toy etmək mədəniyyəti əsrlər boyu inkişaf edib, zəngin adət-ənənəmizin vacib elementinə çevrilib. Toy rəsmi nikah mərasimi olmaqla yanaşı, xalqımıza xas olan bütün müsbət xüsusiyyətləri özündə əks etdirib.

Lakin müstəqillik dövründən başlayaraq, ölkədə toy mərasimləri əvvəlki mahiyyətini itirərək, bir növ bəhsə girmə, israfçılığa çevrilib. Toy sahibləri “qonşudan qalma geri” məsəlini əsas tutaraq daha gözəl, daha bahalı toy təşkil etmək, daha məşhur müğənniləri dəvət etmək, buna görə öyünmək üçün “dəridən-qabıqdan” çıxır, hətta külli miqdarda borca da düşürlər. Toy məclislərində yaşanan israfçılıq haqda da dəfələrlə yazılıb, lakin hələ ki bu lüzumsuz dəbdəbənin qarşısı alınmır.

Toy və yas qaydalarını pandemiya da dəyişmədi. Pandemiya dövründə toy mərasimləri uzun müddət qadağan edildi. Karantin qaydaları nisbətən yumşalanda insanlar kiçik, açıq havada məclislər təşkil edirdilər. Həmin vaxtlarda belə fikir formalaşmışdı ki, artıq dəbdəbəli toylar geridə qaldı, yeni qaydalar formalaşacaq. Lakin postpandemiya dövründə əksini görürük, toy biznesi indi daha ifrat və israfçı vəziyyəti alıb. 

Bəs nə etməli? Azərbaycanın adət-ənənələrini özündə əks etdirən, əsl mahiyyətini itirən toylarımıza necə dönüş edək?

Mövzu ilə bağlı Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kulturoloq Aydın Xan Əbilov “Yeni Müsavat”a danışıb.

Onun sözlərinə görə, toy yalnız iki gəncin şadlıq məclisi deyil, tarixən formalaşmış xalqımızın estetik sivil həyat tərzini özünə ehtiva edən çox böyük bir mədəniyyət, iqtisadiyyat, sosial etnoqrafik  bir hadisə kimi qəbul edilməlidir: “1992-ci illərdən bu yana toy iki gəncin birləşməsi, yeni Azərbaycan ailəsinin yaranmasını nümayiş etdirən bayram simasından çıxaraq,  iqtisadi, insanların digərlərindən fərqlənməsi üçün ”özünü göstərdiyi” bir məişət hadisəsinə çevrilib. Baxırsan ki, toylarımız artıq getdikcə şou-biznesin bir elementinə, obrazlı ifadə etsək, maddiyyata söykənən bir hadisəyə çevrilməyə başlayıb.

Keçmişdə iki gəncin evlənməsi çox böyük məsuliyyət hesab oldunduğuna görə qohum-əqrəba,  qonşular, eləcə də uzaqdan gələn dost-tanışın iştirakı ilə keçirilərdi. Gələn qonaqlar yeni evlənənlərə öz xeyir-dualarını verər, bir növ onların izdivaca girməsinə şahidlik edərdilər. Bu da gələcəkdə bağlanan nikahın pozulmasının qarşısını alırdı, gənclər, nəsillər arasında ünsiyyətin  möhkəmlənməsi ilə yanaşı, sosial məsuliyyət yaradırdı. İstər-istəməz gənclərimizin gələcəkdə daha məsuliyyətlə ailə münasibətlərinə diqqət ayırmasına səbəb olurdu. Keçmişdə qadın və kişi toyu  ayrıca keçirilirdi. Elçilikdən tutmuş, nişan, “paltarkəsdi”,  xınayaxdı, “ciyəraxşam”ı, qız toyu, oğlan toyu, yeni evlənənlərin çilə çıxarması, valideynlərin qonaq gəlməsi, bəy-gəlinin qayınana-qayınata üzünə çıxarılması, toyun bir illiyində uşağın  doğulması və sairə hamısı toy mərasiminin əhatəsində qeyd olunurdu.  İndi bu adətlərin böyük əksəriyyətini artıq ixtisara salmışıq və toyu yalnız hansısa şadlıq evi, restoran  çərçivəsinə sığışdırmışıq. 

Qeyd etdiyim kimi, indi toy mərasimləri daha çox şadlıq evləri sənayesinin inkişafına təsir edən mədəniyyət hadisəsi kimi yadda qalır. İndi toy yalnız iki  nəfərin evlənməsi deyil, həm də şadlıq evlərinin, restoranların işləməsi, kənd təsərrüfatı məhsullarının satışı, sənayenin inkişafı, zərgərlik, mebel, paltar mağazalarının, gözəllik, bərbər salonlarının qazanc əldə etməsi, hətta maşın kirayə verilməsi, musiqiçilərin, müğənnilərin qazanc yeri kimi nəzərdə tutulur. Yəni toy indi çox geniş iş yeri deməkdir. Nəticədə toy mədəniyyət, məişət hadisəsindən çıxaraq, daha çox biznesin inkişafı hadisəsinə çevrilib. Artıq toyun ilkin mahiyyəti itib, ruhi fəlsəfəsi arxaya atılıb.

Pandemiya və postpandemiya dövründə toy mərasimləri ilə bağlı islahatlar olacağını gözləyirdik. Məlum olduğu kimi, karantin dövründə toylara müəyyən sayda qonaqlar gələ bilərdi. Lakin görürdük ki, kimlərsə gizlincə, özünün və digərlərinin sağlamlığını təhlükəyə ataraq, daha çox qonaq çağırmağa cəhd edirdi. Yəni sağlamlıqlarını qurban verməyə hazır idilər, təki toya 500 nəfər qonaq gəlsin. İndi toy mərasimləri əvvəlki kimi gənclərə dəstək məqsədini həyata keçirmir. Əksinə, indi toydan xeyir götürülmür, böyük əksəriyyət hallarda toy sahibləri toydan borc-xərclə ayrılır. İnsanlar var ki, toyun təmtəraqlı keçməsi, öz gücünü, iradəsini göstərmək üçün kreditə girir, böyük xərcə düşür.

Beləliklə, toy mərasimlərimizin əvvəlki mahiyyətini geri qaytarmaq üçün ziyalılarımız, KİV nümayəndələri, dövlət rəsmiləri, sadə vətəndaşlar, hər kəs etiraz etməlidir”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

https://www.musavat.com/news/elimin-toy-kimi-adeti-var-amma_901452.html


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir