“Şəhidlərimiz Azərbaycanın dövlət atributlarını döyüşdə göstərdiyi qəhrəmanlıqlarda yaşadırdılar” – YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilov SXA təriflədi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 44 günlük Vətən müharibəsinin üçüncü ildönümü ilə əlaqədar “Qələbə soraqlı bayrağım” adlı layihəyə başlanıb. Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində peşə hazırlığı keçərək dərzilik sənətinə yiyələnən gənclərin iştirakı ilə layihə üzrə 44 Azərbaycan bayrağı tikilir. Bayraqlar hazırlandıqdan sonra şəhidlərimizin övladları üçün mərkəzə ekskursiya təşkil ediləcək və bayraqlar əlilliyi müəyyən edilmiş şəxslər tərəfindən onlara təqdim olunacaq.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net -Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov Herbiand.az-a deyib ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi son illər rəngarəng layihələri, müsabiqələri ilə Azərbaycan cəmiyyətinin, xüsusən də həssas qruplara aid edilən şəhid ailələri, qazilər, onların ailələri ilə bağlı çox maraqlı proqramlar, layihələr həyata keçirir:

“İstər Sosial Xidmətlər Agentliyinin öz tabeliyində olan şöbələri və nazirliyin rayon şöbələri ilə bağlı olan qurumlar, istərsə də ictimai sektorda fəallıq göstərən vətəndaş təsisatları, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birlikdə keçirilən bu layihələr əlbəttə ki, ictimaiyyətimiz tərəfindən çox yüksək dəyərləndirilir. “Qələbə soraqlı bayrağım” adlı layihə sıradan olan layihə deyil. Onun bir neçə mənası var. Birincisi, agentliyin əlilliyi olan şəxslərin Peşə Əmək Reabilitasiya Mərkəzində öz bacarıqlarını artıran yeni sənət və bacarıqlar qazanan, xüsusən də dərzilik və digər sənətlərlə məşğul olan həssas qrupuna aid gənclərin Azərbaycanın 44 günlük möhtəşəm zəfər bayramı və qələbəsi, eyni zamanda, bu günlərdə bir sutkalıq Xankəndi, Xocalı və digər ərazilərin azad edilməsi ilə nəticələnən digər möhtəşəm zəfərlə bağlı hazırladıqları bayraqlar və həyata keçirdikləri tədbirlər bizim bir daha şəhid və qazilərimizə, müharibə qəhrəmanlarımıza, onların ailə nümayəndələrinə olan ehtiramımızın təcəssümüdür. Sosial Xidmətlər Agentliyi dövlət qurumu olaraq dövlətin birbaşa bu qrup insanlara olan marağını ifadə edir”.

Yazıçı-kulturoloq qeyd edib ki, biz belə layihələrin çox olmasını istərdik:

“Çünki zəfəri qazananların böyük bir qismi təəssüflər olsun ki, əlil və qazidir. Onlar öz bədənlərində qəlpələr gəzdirirlər. Onların qanı torpağımızı sulayaraq Vətənə çevirib. Şəhidlərimizin demək olar ki, respublikanın hər yerində çox möhtəşəm guşələri, abidələri, portretləri, məzarlıqları, bulaqları qurulub. Şəhidlərə ölkəmiz və cəmiyyət tərəfindən olan bu sevgi, sayğı əlbəttə ki, Sosial Xidmətlər Agentliyinin layihələrində öz əksini tapmalıydı. Necə ki, bu layihədə biz onu görürük. Biz Azərbaycan bayrağını öz qəlbimizdə həmişə gəzdiririk. Şəhidlərimiz Azərbaycanın dövlət atributlarını müharibə vaxtı ön cəbhədə, həm də onları dəstəkləyən və Ali Baş Komandan, Prezident İlham Əliyevin bir göstərişi ilə müharibəyə gedən 100 min könüllü öz qəlblərində, paltarlarında, döyüşdə göstərdiyi qəhrəmanlıqlarda yaşadırdılar. İndi bu ənənə artıq yeni nəsilə ötürülməlidir. Bu gözəl ənənələri yeni nəsilə məhz qazilərimiz, şəhid ailələrinin nümayəndələri, həssas qrupun nümayəndələri edəndə onun mənası və fəlsəfəsi dəfələrlə artmış olur. Fikir verirsinizsə Azərbaycanın şəhidlərə və döyüşçülərinə, qəhrəmanlara olan bu sayğısı dünyanın hər yerində – qardaş Türkiyədə, Cənubi Azərbaycan, İranda, Rusiyada, Avropada, Amerikada yaşayan soydaşlarımız, həmçinin sosioloqlar tərəfindən yüksək dəyərləndirilir. Bir çox xarici nümayəndələr heyrətlənirlər ki, müharibəni peşəkar ordu olmadan qazanmışıq. Bilirsiniz ki, xaricdə müharibəni peşəkar ordu qüvvələri aparır. Azərbaycanda düzdür, peşəkar ordu var, amma müharibəni əsasən prezidentin və xalqın çağırışı ilə müharibəyə yollanmış, ölümün gözünə dik baxmış könüllülərimiz qazandı. İndi artıq müharibədən sağ qayıtmış könüllülər vətənsevərliyi, torpaq uğrunda hər şeyi fəda etməyi yeni nəsilə bayraq formasında, yeni peşələri onlara öyrətməklə ölkəmizin siyasi-iqtisadi, sosial-mədəni inkişafını daha da sürətləndirməklə göstərirlər. Bu mənada Sosial Xidmətlər Agentliyinin gördüyü bu iş çox möhtəşəmdir”.

Aydın Xan Əbilovun sözlərinə görə, əsasən dövlət atributları ilə bağlı bilgilər bizə daha çox məktəblərdə ötürülür. Amma get-gedə bu bilgilər məktəbdən kənarda bizim bir vasitəmiz və nəsillər arasında körpü olmalıdır:

“Çünki gənclərimiz bəzən rahat yaşamağı öyrəndikləri üçün müharibənin nə olduğunu, qaçqın həyatının nə olduğunu bilmirdilər. Vətənimizin bir hissəsi olan Zəngəzur torpağı hələ də düşmən tapdağı altındadır. Borçalı, Dərbənd, İraq, türkmən torpaqlarımız hələ də vətənimizdən qıraq yola düşüb. Biz yalnız Azərbaycanda yox, həm də diasporamız, el oğullarımız, qızlarımızı bayraq və atibutlar ətrafında birləşdirməyi bacarmalıyıq. Ümumiyyətlə, mən təklif edirəm ki, hər gün namazla birlikdə Azərbaycan dövlət himni də ailələrdə səslənməlidir. Hər gün süfrə ətrafına toplaşanda yaşından, dilindən, dinindən, cinsindən, sinfindən asılı olmayaraq Allaha dua edən zaman həm də dövlət himnimizi oxumalıyıq. Bayrağımızı gözünün üstünə qoymalı və öpməli, gerbimizi sinəmizdə gəzdirməyi öyrənməliyik. Bu işdə Sosial Xidmətlər Agentliyi, o cümlədən həssas qrupdan olan nümayəndələr daha qabağa gediblər. Onlar bu layihə ilə bizi daha da həvəsləndirirlər ki, bu istiqamətdə yeni kreativ ideyalar ortaya ataq”.

Bəxtiyar CƏFƏRLİ

https://herbiand.az/post.php?id=45028

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir