“Yaşlılara, xüsusən peşəkarlara və intellektuallara hər zaman ehtiyacımız var…” VCA və YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov
“Bu məsələyə münasibət koordinal şəkildə dəyişilməlidir” – EKSPERT ŞƏRH ETDİ
“Cəmiyyət və ictimaiyyətin fikirləri birmənalı olmadığı kimi bir çox insanların da müxtəlif sahələr haqqında düşüncələri yanlış ola bilər. Bu baxımdan Azərbaycanda çox qəribə, dünyanın heç bir yerində olmayan münasibətin şahidi oluruq”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı, kulturoloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, kəskin fikirlər söyləyən insanlar o yanaşmanın məsuliyyətini daşımalıdır: “Hər hansı bir sahə barədə fikir söyləyən zaman onun necə reaksiya oyadacağını bilmək lazımdır. Təəssüf ki, Azərbaycanda yaşlı insanlara, xüsusilə ömrünü hər hansı bir sahəyə vermiş intellektual, peşəkar insanlara münasibət heç də ürəkaçan deyil. Vaxtilə dünyanın bir çox yerində də yaşlı insanların təqaüdə çıxmasını tələb edən hərəkat vardı. Bu hərəkat bəlkə də qabaqcıl texnologiyaya malik, iqtisadiyyatı inkişaf etmiş ölkələrdə də keçərlidir. Çünki orada istər təqaüd, istərsə də əmək haqqı kifayət qədər yüksəkdir. Həmçinin, onların keçdiyi minillik tarix, müstəqil dövlət olmaları, iqtisadi baxımdan inkişaf etməsi buna imkan yaradır”
Ekspert sözlərinə davam edərək qeyd edib ki, Azərbaycan kimi 30-40 ildir ki, müstəqilliyini yenidən bərpa etmiş və sosializmdən kapitalizmə keçid etmiş, hələ oturuşmamış iqtisadiyyatı ilə müəyyən problemlər yaşayan, qiymətlərlə əldə olunan əmək haqqı və təqaüdlər arasında böyük fərq olan ölkələrdə bunu tələb etmək qeyri-ciddi mahiyyət daşıyır: “Elə sahələr var ki, yaşlılar fiziki baxımdan işləyə bilmir. Bu sahələrə misal olaraq kənd təsərrüfatının və sənayenin fiziki qüvvə tələb edən işlərini misal göstərə bilərik. İnşaatda 70 yaşlı fəhlə olmaya bilər, amma o yaşda mühəndis, gözətçi, usta işləyə bilər. Əgər verilən təqaüd onu qane etmirsə və ya evdə oturmaq istəmirsə niyə də işləməsin? Bəzi sahələrdə isə müəyyən mənada bir seçim verilməli yaxud dəyişiklik olmalıdır. Əgər 70 yaşlı deputatlar milli məclisin üzvü ola bilirsə, 70 yaşlı müəllimin təqaüdə çıxarılmasını tələb etmək doğru deyil. Dünyanın çox ölkəsində bir çox sahələrdə öz bacarığını göstərmiş, tanınmış, analitik təfəkkürə malik insanlar daha sonra onlar üçün yaradılmış elmi-analitik mərkəzlərdə xüsusi işlə təmin olunur. Təsəvvür edin ki, Azərbaycanda Lütfizadəni təqaüdə çıxarırlar. Təbii ki, çox qəribə görünər. Ümumiyyətlə, insanları yaş, cins, irq və s. xüsusiyyətlərinə görə deyil, onun bacarığına görə dəyərləndirmək lazımdır. Düşünürəm ki, bizdə bu məsələyə münasibət koordinal şəkildə dəyişilməlidir”…
Müəllif: Ləman Əlizadə – https://sia.az/az/news/social/1009584.html

