Laçın yolunda ekofəalların aksiyası getdikcə artan gücünü haradan alır?.. Deputat və YYSİB sədri Aydın Xan Əbilov

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində – Laçın dəhlizində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirir. Etiraz aksiyasına dekabrın 12-dən start verilib.

Artıq neçə gündür davam edən etiraz aksiyasına qoşulanların sayı hər keçən gün artır. Məlumata görə, aksiyaya qoşulanların sayının artması artıq erməniləri narahat etməyə başlayıb.

  • Ceyhun Məmmədov: “Qarabağ separatçıları da, Rusiya sülhməramlıları da bilməlidirlər ki, Azərbaycan heç zaman öz mövqeyindən geri çəkilmir

Millət vəkili Ceyhun Məmmədov bildirdi ki,  Azərbaycan tərəfin – azərbaycanlılar, ictimai fəallar və ayrı-ayrı qurumların nümayəndələrinin aksiyada bu formada iştirakı təqdirəlayiqdir: “Belə də olmalı idi. Yəni biz gözümüz görə-görə şərait yarada bilmərik ki, sülhməramlılarla Rusiya tərəfindən bölgəyə göndərilən, cənab Prezidentin də qeyd etdiyi kimi, Rusiya xalqının pulunu oğurlayan bir şəxs indi gəlib Qarabağda azərbaycanlıların pulunu, azərbaycanlılara məxsus qızıl yataqlarını və oradakı sərvətləri oğurlasın. Ona görə, belə aksiyalar önəmlidir. Mən həmişə deyirəm, dövlət öz üzərinə düşəni edir və burada vətəndaş cəmiyyətləri, ictimai fəallar dövlətin yanında olmalı, fəal olmalı və bu məsələlərə reaksiya verməlidirlər. Azərbaycanda artıq bu ənənələr formalaşır. Bu çox təqdirəlayiq haldır ki, həmin insanlar öz vətəndaş mövqelərini nümayiş etdirirlər və qarşı tərəfin bu addımlarına, təxribatlarına reaksiya verirlər. Ermənistan tərəfi, Qarabağ separatçıları, Rusiya sülhməramlıları da bilməlidirlər ki, Azərbaycan heç zaman öz mövqeyindən geri çəkilmir. Biz sadəcə danışıqlar, sülh yolu ilə münasibətlərin tənzimlənməsinin tərəfdarıyıq. Amma bu kimi halları görəndə, əlbəttə, Azərbaycanın başqa reaksiyaları olacaq. Ona görə də, sülhməramlılar separatçılarla işbirliyinə son qoymalıdır. Eləcə də oradakı separatçılar, təxribatçılar da bilməlidirlər ki, Azərbaycan yenidən bir 30 il də səbr etməyəcək. Dövlətimiz bunun üçün bütün zəruri tədbirləri görəcək. Azərbaycan mütləq bu ərazidə baxış keçirilməlidir və sülhməramlılar da təxribatların qarşısını qətiyyətlə almalıdır”.

  • Aydın Xan Əbilov: “Bu aksiya ölkə daxilində və xaricində rezonansa səbəb  olub”

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirdi ki, eko terrorizm və ekoloji vəziyyətin günü-gündən pisləşməsi Qarabağ bölgəsində yaşayan əhali üçün ümumi təhlükələr yaradır. Bura meşələrin yandırılması, evlərin dağıdılması, çayların zəhərlənməsi, bioresursların məhv edilməsi və digər amillər daxildir. Ekoloji terrorla bağlı ictimai təşkilat və könüllülərin başladığı etiraz aksiyası günü-gündən genişlənir. Bu aksiya ölkə daxilində və xaricində rezonansa səbəb  olub. Təşkilat rəhbərləri, ictimai xadimlər, ümumiyyətlə, tutduğu vəzifədən asılı olmayaraq hər kəs bu aksiyaya qoşulub: “Bu da Ermənistanın və dünya ictimaiyyətinin gözləmədiyi bir formatda baş tutan bir mübarizəmizdir. Biz istəyirik ki, sülhməramlılar Azərbaycanın aidiyyəti dövlət qurumlarına şərait yaratsınlar ki, ekoloji təşkilatlar bizim yeraltı və yerüstü sərvətlərimizi talayan separatçıların məlum vəhşiliyini sübuta yetirmək üçün  monitorinq keçirsinlər. Onların ətraf aləmə necə zərər yetirdiyini beynəlxalq arenaya nümayiş etdirmək istəyirlər”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, ermənilərin törətdiyi ekoloji terrorla bağlı Azərbaycanın dövlət qurumları, aidiyyəti şəxslər dəfələrlə bəyan ediblər ki, erməni vətəndaşları qaydalara riayət edərsə onlara humanitar və məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı yardımlar etməyə hazırdır: “Hətta bununla bağlı  “Azərsu”, “Azəriqaz” və “Azərenerji”nin əməkdaşları Xankəndiyə qədər gedib, onların  məişət vəziyyətini öyrəniblər. Həmin bölgənin qaz, su, enerji təminatı ilə bağlı müəyyən ilkin layihələr belə hazırlanıb. Ancaq erməni separatçıları, xüsusən də psixologiyası pozulmuş həmin ölkənin vətəndaşları Azərbaycan qanunlarına qarşı gedərək bizim haqlı tələblərimizi qəbul etmək istəmirlər. Əlbəttə, biz istəməzdik ki, 44 günlük Vətən müharibəsində olduğu kimi güc strukturları bu məsələni tənzimləsin. Həmçinin, biz sülhün tərəfdarı olaraq yalnız ictimai diplomatiyanın işə düşməsi nəticəsində bu problemlərin həllini arzu edirik. Təəssüf ki,  erməni tərəfi bunu istəmir və müxtəlif bəhanələrlə əldə edilən sülh sazişini pozmağa çalışır. Bu da, əlbəttə ki, düzgün deyil. Bunun olmaması üçün erməni tərəfi sağlam məntiqli mövqe ortaya qoymalıdır. Belə ki,  Azərbaycanın Qarabağ bölgəsində – Xankəndi, Xocalı və digər ərazilərdə yaşayan erməni əsilli vətəndaşlar buna müqavimət göstərməlidir. Artıq bu müqavimətin ilkin işartıları görünür. Məlumdur ki, Xankəndidə fövqəladə vəziyyət elan edilib. Bu da separatçı rejimi və onların havadarlarını narahat etməyə başlayıb”.

Günel CƏLİLOVA –https://www.baki-xeber.com/siyaset/149405.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir