Azərbaycan Qeyri-Hökümət Təşkilatları: beyin mərkəzi, yoxsa?.. VCA və YYSİB sədri Aydın Xan Əbilov

Son illər sivil vətəndaş cəmiyyətlərinin gələcək prespektivləri, inkişaf konsepsiyası ilə əlaqədar müxtəlif fikirlər səslənir. İctimai-sosial düşüncəmizdəki bu cür milli debatların əhəmiyyəti böyük olduğundan, hələ orta məktəbdə ictimai fəal, universitetdə isə həmkarlar ittifaqı lideri olmuş, 25 ilə yaxın ölkəmizdəki vətəndaş cəmiyyəti sektorunda çalışan şəxs, eləcə də bu məsələlərlə bağlı 3 kitab müəllifi olaraq öz fikirlərimi tezis şəklində bölüşmək istəyirəm:

1. Sivil cəmiyyət quruculuğunda fəal iştirak edən ictimai xadimlər, fəal ictimai liderlər və QHT sektorunun ideya generatorları dövlət qayğısı ilə əhatə olunmalıdır ki, bütün fəaliyyətlərini məhz sosial-ictimai faydası olan hərəkətlərə yönəltsinlər. Korrupsiya, yaxud da layihələrdən şəxsi qazanc əldəetmə halları azalsın. Bunun üçün də ölkədə Vətəndaş Cəmiyyəti Günü, eləcə də fəxri ictimai fəal medalı, xüsusi prezident təqaüdü, mükafatlar təsis edilməlidir.

2. QHT-lərimizin bir qismi, beyin mərkəzi kimi dövlət büdcəsindən maliyyələşən xüsusi peşəkar intellektual-kreativ ideya təsisatlarına çevrilməlidir. Yeni ideyalar, kəşf və təkliflər, texnoloji yeniliklərlə bağlı qrant müsabiqələri, proqramlar həyata keçirilməlidir…

3. QHT-lərin arxivləri dövlət tərəfindən mühafizə edilməsi ilə bağlı xüsusi addımlar atılmalıdır.

4. Milli Məclisin ictimai nəzarət rəqibi olaraq ölkədə Sivil Vətəndaş Cəmiyyəti Parlamenti yaradılmalıdır.

5. Bütün rayon və qəsəbələrdə icra strukturlarının və bələdiyyələrin nəzdində QHT Şurası yaradılmalı və vətəndaş cəmiyyəti nəzarəti bərpa edilməlidir.

6. Sivil Vətəndaş Cəmiyyəti təsisatlarına təhsil – elm, səhiyyə – sağlamlıq və hüquq-mühafizə orqanlarına nəzarətedici səlahiyyətlər verilməlidir. Xüsusən də orta və ali təhsilə QHT-lərin monitorinq haqları tanınmalıdır ki, bu sahədəki problemlər aradan qalxsın…

Sonda bir anlayışla bağlı fikrimi çatdırmaq istəyirəm: QHT, ictimai sektor, vətəndaş cəmiyyəti, sivil qurumlar, qeyri-kommersiya təşkilatı, fond, üçüncü sektor, qeyri-dövlət birlikləri…

Bəlkə bunların hamısını özündə ehtiva edən İCTİMAİ TƏŞKİLAT (Birlik və ya qurum) terminindən istifadə edək?!..

Dövlət, hökumət, dini, həmkarlar, kommersiya təşkilatı ifadəsi kimi…

Aydın Xan Əbilov,

VCA və Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq

QHTXeber.az saytı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir