Lənkəranın Kənarmeşə kəndində ekoloji tədbir keçirildi. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə.
“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ekoloji təmiz kənd kampaniyası – təcrübələrin tətbiqi” adlı ekoloji layihəsi çərçivəsində növbəti ekoloji tədbirini Lənkəran rayonu Kənarmeşə kənd tam orta məktəbində keçirib.
Təşkilatın rəhbəri İradə Həsənovanın rəhbərliyi altında layihə eksperti və könüllülər, məktəbin yuxarı sinif şagirdləri və müəllimlərin iştirak etdiyi tədbir ekoloji maarifçilik xarakteri daşıyır. 2 aylıq ekoloji-sosial layihə Lənkəran rayonunun Aşağı Nüvədi və Kənarmeşə kəndini əhatə edir: əsas fəaliyyəti təmiz və cəlbedici yaşayış mühitinin yaradılması, onların respublikanın başqa bölgələrdəki kənd yerlərində təcrübə kimi tətbiq edilməsinə yönəldilib.
Oktyabrın 7-da Kənarmeşə kənd tam orta məktəbində keçirilən növbəti tədbirdə bu təhsil ocağının müəllimləri, şagirdlər, qonaqlar, kənd icmasının nümayəndəsi fəal iştirak edib. İctimai maarifçilik, ekoloji müzakirə formatında təşkil olunan tədbiri məktəbin direktoru açdı, paytaxtdan gələn qonaqları, layihə komandasının üzvlərini və iştirakçıları salamladı. Ekoloji bilgilərin yeni nəslin təlim və tərbiyəsində xüsusi yerini olduğunu bildirən çıxışçı bu tipli layihənin vacibliyini vurğuladı.
Təşkilatın sədri İradə Həsənova çıxışında ekoloji böhranı qarşılaşmaq üçün Bakı və yerli təcrübələrdən yararlanaraq, ətraf mühitin mühafizəsi, bio-müxtəlifliyin qorunması, təmiz yaşayış məntəqələrini dövrümüzün eko-etik normalara, dəyərlərə çevirməyin vacibliyini vurğuladı. Kənd yerlərində əhalinin ətraf mühitin korlanması, məişət tullantılarının yığılmasındakı çətinliklər, zibillərin hər yerə atılması, ağacların kəsilməsi, çayların çirkləndirilməsi və belə kəskin ekoloji durumun insanlara daha çox təsir etməsi günümüzün problemdir. Təəssüflər olsun ki, bir sıra hallarda problemlər sadəcə nəzəri baxımdan araşdırılır, hesabatlar yazılır, tədqiqatlar aparılır, amma əməli iş görülmür. Odur ki, hər sahədə kənd sakinlərinin maarifləndirilməsinə böyük ehtiyac duyulur.
Daha sonra layihə eksperti Vamiq Babayev, YYSİB sədri Aydın Əbilov, icra nümayəndəliyinin başçısı və başqa çıxışçılar kəndlərdə məişət, eləcə də təsərrüfat tullantıları üçün xüsusi yerlər ayrılmasının, daşınması və təkrar emalı istiqamətində ciddi addmların atlmasının vacibliyini vurğuladılar. Çıxışçıar göstərdilər ki, kənd sakinləri həyətlərində toplanmış məişət və təsərrüfat tullantılarını xaotik şəkildə, münasib olmayan yerə atmaları, yandırmaları havaya zəhərli qazlar yayılmasına səbəb olur. Bunların nəticəsində potensial epidemiya ocaqları yaranır, az qala hər addımda ziyanlı, zəhərli tullantıların ərzaq və içməli su mənbələrinə qarışması təhlükəsi yaranır, ekologiya çirklənir, flora və faunaya ciddi ziyan dəyir, kənd təsərrüfatı məhsullarının təmiz, sanitar şəraitdə istehsalı sual altına alınır, insanların sağlamlığı təhlükə ilə üzləşir. Bildirildi ki, layihənin ideyası Bakıdakı hazırlanaraq uğurla həyata keçirilən qabaqcıl təcrübələri eko-kampaniyaya çevirib bölgələrdə yaymaqla, ətraf mühitin qorunmasına kömək etməkdir.
Daha sonra layihə əməkdaşları bildirdilər ki, seçilmiş kəndlərdə bərabər monitorinqlər və iki kəndin sakinləri ilə sorğular aparılır. Sorğunun aparılmasının əsas məqsədi əhalinin təmiz kəndlə bağlı nəyi bəyəndiyi, nəyi isə bəyənmədiyi aşkar etmək, kəndlərdəki ekoloji problemlərin əsasən nədən ibarət olduğu üzə çıxarmaqdır.
Daha sonra ağacəkmə aksiyası keçiriləcəyini, məktəblilərin də bu faydalı işdə fəal olmağı çağırış edildi. Məlumat verildi ki, kəndlərdə yerli sakinlər, gənclər və məktəblilərlə birlikdə zibillərin təmizlənməsi və ağacların əkilməsi ilə bağlı aksiyalar mütəmadi keçiriləcək. Təmiz kənd haqqında sakinlərlə, gənclər və məktəblilərlə geniş söhbətlər aparılacaq. Hər bir kəndin icra, bələdiyyə və KİV-in nümayəndələri ilə birlikdə görüşlər keçiriləcək və problemlərin müzakirəsi aparılacaq. Yerli icra orqanlarına və bələdiyyələrə problemlərin həlli və ekoloji təmiz kəndlərin yaradılması üçün müvafiq tövsiyyələr təqdim ediləcək. Paytaxt Bakıda hazırlanaraq uğurla həyata keçirilən qabaqcıl təcrübələri eko-kampaniyaya çevirərək bölgələrdə yaymaqla ətraf mühitin qorunmasına kömək etmək üçün Yaşıllar hərəkatını gündəmə gətirmək vacibdir. Layihə həyata keçirilən kəndlər daimi olaraq diqqətdə saxlanılacaq, öyrədilən bilik və bacarıqların başqa kəndlərdəki vətəndaşlarımıza ötürülmüsinə çalışılacaq.
Məlumat üçün onu da bildirək ki, fəaliyyət çərçivəsində oktyabrın 5-8-də rayonun Aşağı Nüvədi və Kənarmeşə kəndinin icra nümayəndəliyiklərində, bələdiyyələrdə görüşlər keçirilib. Eko-araşdırmaların nəticəsi olaraq yerli ekoloji problemlərin müəyyən edilməsi, cəlbedici kənd mühitinin yaradılması üçün tövsiyyələrin hazırlanması, təkliflərlə yerli icmalara və dövlət orqanlarına təqdim edilməsi nəzərdə tutulan fəaliyyətlərlə yanaşı məktəblilərin iştirakı ilə ağacəkmə aksiyası, zibillərin yığılması üçün məkanlar seçilib.

