Sosial şəbəkəni “siyasi söyüşlər”… Sivil sosial məkanı edənlərin öz ana-bacılarının və ailəsinin reaksiyası… VCA və YYSİB sədri Aydın Xan Əbilov

Vətəndaş Cəmiyyəti Alyansı sədri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü Aydın Xan Əbilov: “Fikrimcə, söyüş söyənlərin ailələri onların bu yolu tutmasını müsbət qarşılamır, hətta bundan utanırlar”…

Müasir dövrdə həyatımıza dərindən müdaxilə edən internet resurslarından, sosial şəbəkələrdən bütün istifadəçilər eyni məqsədlə istifadə etmirlər. Təəssüf ki, bu platformaları siyasi söyüş, qaralama kampaniyası məkanına çevirənlər də az deyil. Xüsusən də, xaricdəki söyüş söyən şəbəkə fəalları bu mənfi üsullardan tez-tez istifadə edir.

Məlumdur ki, söyüş şəbəkəsinin üzvləri xaricdə oturub həm “YouTube”, həm də müxtəlif sosial şəbəkələr vasitəsilə Azərbaycanda ayrı-ayrı insanların ailələrini, həyat yoldaşını küçə söyüşləri ilə söyür, barələrində olduqca vulqar ifadələr işlədirlər. Küçə əxlaqı üzərində köklənən bu adamların belə nalayiq davranışlarının ölkə ictimaiyyəti tərəfindən də ciddi narazılıqlarla qarşılandığı məlumdur. Əlaqədar qurumlar tərəfindən bu istiqamətdə tədbirlər görülür, işlər aparılır, amma hələlik xaricdəki söyüş söyənlər seçdikləri söyüş taktikasından əl çəkmək istəmirlər.Bu da, bildirdiyimiz kimi, ölkə ictimaiyyətini ciddi narahat edir. Bu halda onların bu hərəkətlərinə, apardıqları söyüş-təhqir kampaniyasına öz ailə üzvlərinin, analarının, bacılarının, yaxınlarının münasibəti necə ola bilər? Onlar görəsən buna necə yanaşa bilər, onları təqdir edir, yaxud söyüş söyənlərin davranışlarından utanırlar?Ekspertlərin qənaətinə görə, xaricdə oturub Azərbaycandakı ayrı-ayrı şəxsləri qaralayan, onların ailəsini çox pis ifadələrlə söyən, barələrində vulqar ifadələr işlədən, qaralama kampaniyası aparan insanların hərəkətləri ailələri tərəfindən mənfi və utanc bir hərəkət kimi qəbul edilə bilər. Onlar hesab edirlər ki, normal insan öz ana-bacısının yanında söyüş söyməz və bu və ya digər şəkildə başqalarını söyürsə, bunu onun yaxınları da eşidir.

Vətəndaş Cəmiyyəti Alyansı TK rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü Aydın Xan Əbilov “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, bizi millət olaraq başqa xalqlardan fərqləndirən bir sıra cəhətlər var. Müsahibimizin sözlərinə görə, məhz sabiq SSRİ dönəmində də bizim bu milli xüsusiyyətlərimizə başqa xalqlar çox böyük önəm verirdilər. Bunun namus, qeyrət, əxlaq amili olduğunu deyən A.X.Əbilovun dediyinə görə, bu sahədə Azərbaycan xalqı bir nümunə olub. “Bizim fərqləndirici xüsusiyyətimiz namus, qeyrət, ailə şərəfi deyilən məsələdir ki, onu da əsrlər boyu nənələrimiz, babalarımız başqa xalqlardan fərqlənmək üçün özləri üçün bir etik norma kimi qəbul ediblər, bu, bir mənəvi dəyərlər toplusu olub. Amma təəssüflər olsun ki, son dövrlər Azərbaycandan çıxıb xaricə gedən bəzi insanlar kimlərdənsə “qisas” almaq üçün müxtəlif xarici və daxili qara qüvvələrə qoşulublar. Xaricdəki söyüş şəbəkə fəalları əllərinə düşən yeni texnologiyalardan xalqımızın maariflənməsi, gənclərimizin əxlaqi-mənəvi keyfiyyətlərinin yüksəldilməsi üçün istifadə etmək əvəzinə, xalqımızın ayrı-ayrı nümayəndələrinin özlərinə və ailə üzvlərinə qarşı söyüş kampaniyasına başlayıblar. Bir ara o söyüş kampaniyasının arxasında bəzi iri məmurların durduğu haqda şayiələr eşidirdik, bununla bağlı öz həyəcanlarımızı çatdırırdıq. Həmin məmurların bir çoxu işdən azad edildi, cəzalandırıldı. Amma yenə də xaricdəki söyüş söyənlər öz söyüş kampaniyalarını davam etdirirlər…

Bizim milli-mənəvi, əxlaqi dəyərlərimiz imkan vermir ki, hər hansı bir siyasi baxışların ayrılığına, hər hansı bir fərqliyə görə kiminləsə, hətta qan düşməninlə belə söyüşlə danışasan, onun şərəf-ləyaqətinə, şəxsi nüfuzuna və ailəsinə qarşı söyüş kampaniyası aparasan, onları küçə söyüşləri ilə təhqir edəsən. Təəssüf ki, xaricdə oturub söyüş söyənlər bunu özlərinə “siyasi mübarizə” üsulu seçiblər. Bilirik ki, Azərbaycan xalqı həmişə mərdliklə mübarizə aparıb və düşmənə belə arxadan zərbə vurmayıb. İsmayıl Şıxlının “Dəli Kür” əsərini və onun qəhrəmanı Cahandar ağanı və arvadını qaçırdığı Allahyarın qarşılaşmasını yadınıza salın. Cahandar ağa Allahyarın arvadını qaçırsa da, ortada namus söhbəti olsa da, Allahyar ağanı ailəsinin yanında vurmaq istəmir, onu bayıra çağırır. Bu baxımdan, milli dəyərlər qorunmalıdır.

Bu gün kimlərsə internet platformasını, sosial şəbəkələri “siyasi söyüş” məkanına çevirirsə və müxtəlif şəxslərin arvadını, qızını, ailə üzvlərini küçə söyüşləri ilə söyürsə, bunu onun ailə üzvləri də, ana-bacısı da, övladları da eşidir. Bu gün hər kəsin əlində bir smartfon var və təbii ki, söyüş söyənlərin ailəsi də, qohumları da onların əməllərinin şahidi olurlar. Fikrimcə, söyüş söyənlərin ailələri onların bu yolu tutmasını müsbət qarşılamır, hətta bundan utanırlar. Çünki heç bir normal valideyn övladının, qardaş-bacı qardaşının, övlad atanın söyüş söyməsi, başqası haqqında küçə sözləri işlətməsi ilə fəxr edə bilməz. Bu absurddur. Onların söyüşləri, insanları təhqir etməsi ailələri tərəfindən yaxşı qarşılana bilməz” – deyə A.X.Əbilov qeyd etdi.

Bundan başqa, ekspert hesab edir ki, bunun qarşısının alınması üçün yol var. Onun qənaətinə görə, Azərbaycanın hüquq-mühafizə orqanları xaricdə oturub tənqidlə deyil, birbaşa təhqirlə, söyüşlə dolu videolar çəkən, Azərbaycandakı müəyyən insanları ləkələməyə cəhd edən insanları İnterpol vasitəsilə axtarışa verib, onları cəzalandıra bilərlər. A.X.Əbilovun fikrincə, bu insanlara nəhayət ki, söyüşün, təhqirin ikibaşlı olduğu izah edilməlidir. “Çünki illər keçdikcə, onlar ağıllanmırlar. Ona görə də onlara qarşı tədbirlər görülməlidir. Biz onların davranışlarını pisləyirik” – deyə müsahibimiz vurğuladı.

İradə SARIYEVA, baki-xeber. com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir