Payızın kreativ “Ulduz”u. Dərginin noyabr sayı haqqında kulturoloji düşüncələr. Ekspert: YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov

İndi hər tərəfdə – bütün sahələrdə ulduzlar çoxalıb, ulduzluq kütləviləşib: kinoulduzu, tele-ulduz, şou-biznes ulduzu, ictimai-sosial sahələrin ulduzu, milyoner biznesmen ulduzlar, hətta çər dəymiş sosial şəbəkələrin trend-ulduzları, mem-ulduzları, İnternet-instoqram ulduzları. Fəqət, yaradıcı düşüncə adamları üçün elə bir ulduz var ki, o hər zaman yeni istedadlı nəslin gəlişiylə sayrışır, ədəbiyyatla-əbədiyyətlə vuran minlərlə qəlbi isidir…

         Bəli, elə bir “Ulduz”un barlı-bərəkətli noyabr sayının eksperti kimi bəri başdan yazıram ki, biləsiz: yeni nömrəsini vərəqləyərkən, beynimdə ümumiləşmiş bir fikir doğdu – hər vaxt yeni qələm sahiblərinin mətbu nəşri hesab olunan dərgi sanki gənclik yaşını adlayıb, cavanlığına qədəm qoyub. Bu, yəqin ki, gəncliyinin müdriklik çağına qədəm qoyan nəşrin baş redaktoru istedadlı şair və çağdaş humanitar-estetk düşüncəmizin məhsuldarlarından olan dostum Qulu Ağsəsin başçılığıyla tanınmış qələm adamlarından ibarət redaksiyanın yaradıcı-ədəbi əməkdaşlarının ədəbiyyata vasvasıcasına diqqətindən irəli gəlir. Bəlkə də, indiyə qədər də geri qaytara bilmədiyimiz Qarabağ dərdinin ədəbiyyatımıza hopdurduğu poetik kədərdən, bəlkə də, ən yeni ədəbi gəncliyin, eləcə də geniş oxucu kütlələrinin kağız nəşrlərdən çox elektron-virtual aləmə – İnternet saytları və sosial şəbəkələrə ifrat meyillərindəndir, kim bilir…

Elə sonuncudan da başlayım, az tirajla çıxan “Ulduz”un elektron variantının, – ən azından, bir-iki say gec də olsa, – İnternetdə, yəni qlobal informasiya-bilgi resursunda yerləşdirilməsi dərginin virtual “ulduz”unun parlamasına, minlərlə oxucu sayını milyonlara çevirməsinə (bütün dünyaya səpələnmiş 55 milyonluq toplumun üzvlərini, üstəlik də 300milyondan çox türksoylu – türkdilli auditoriyanı xatırlayaq) səbəb olar. Bu mənada rəhbərlik etdiyim, Azərbaycan Yazıçılar Birliyinin onlayn kitab saxlanğıcı kimi dünya şəbəkə istifadəçiləri tərəfindən maraqla istifadə olunan www.kitabxana.net  – Milli Virtual-Elektron Kitabxananın dərgiyə yardımını təklif edirik.

Maraq üçün deyim ki, zövqlə bədii tərtibat verilmiş dərginin noyabr sayının üz qabığındakı İnternet keçidlərinə göz atdıq: www.ayb.az (bax: http://ayb.az/index.php/2014-01-08-23-55-47/ulduz-jurnal%C4%B1.html) saytında sadəcə bir məlumat gördük. AYB-nin rəsmi İnternet resursunda – www.azyb.az portalında durum daha yaxşıydı: dərginin pdf formatında 2015-ci ildən bu yana bütün saylarının elektron variantı yerləşdirilib, fəqət ayrıca resurs içində olduğuna görə, – http://azyb.az/index.php/journal/index/2 – nə axtarış maşınları ona birbaşa keçid – link verir, nə də oxucuların birbaşa diqqətindədir. Yeri gəlmişkən, dərginin noyabr sayının pdf formatında, elektron variantı ilə burada tanış ola bilərsiz: http://azyb.az/admin/media/files/1512543225-Ulduz%20Noyabr++.pdf

Yaxşı olardı ki, “Ulduz” dərgisinin öz fərdi saytı fəaliyyət göstərəydi, Feysbuk, Tvviter kimi qlobal sosial şəbəkələrdə işlək – aktiv səhifələri, qrupları hazırlanaydı və bu maraqlı-oxunaqlı nəşr elektron variantda dünya oxucularına təqdim olunaydı. Onda əsasən İnternetüstü xarici ədəbiyyata üstünlük verən Azərbaycan oxucusunun “Bizdə yaxşı yazan var ki?!” – kimi əsassız bəhanəsinə yer qalmazdı. İnsafən, bu yerdə vurğulamaq vacibdir ki, redaksiyanın bu sayda da bir neçə İnternet ədəbi saytı ilə müştərək art-layihələri məhz yuxarıda sadaladığımız məqsədə xidmət edir: çağdaş ədəbiyyatımızı, ədəbi-mədəni düşüncəmizi qlobal məlumat-bilgi şəbəkələrinə daşımaq.

Bu minvalla davam eləsəm, bir də iki əsrdən sonra dərginin eksperti qismində mənə iş tapşırarlar, hələ olsun ki, baş redaktorun senzorundan keçməyə yazım, odur ki, qayıdıram əsas mətləbə. Söz yox, Tanınmış düşüncə ustadlarımızdan hesab olunan dərginin əvvəlki sayının eksperti Nəsir Əhmədlidən, eləcə də başqa buraxılışların sayğılı dəyərli yazarlarından sonra nəsə  diqqət çəkən material ortaya qoymaq tədqiqatçıdan ürək tələb etsə də, biz bu araşdırma yazımızda daha çox “Ulduz”un kulturoloji tərəflərinə xüsusi diqqət ayırmağı qərara aldıq.

Beləliklə, ondan başlayaq ki, “Ulduz”un noyabr sayının müəllifləri sanki real həyatdan uzaqda, özləri üçün yaratmış olduqları bir ədəbi-poetik, bir qədər də dəbə uyğun yazsaq, irrasional aləm yaradaraq kreativ bir məkanda yaşayırlar. İrəli adlayaraq onu da qeyd etməyi qoy unutmayım: istedadlı, ancaq gəncliyi-cavanlığı arxada qalan tanınmış yazıçı-dramaturq “Elçin Hüseynbəylinin “Ulduz” dərgisinin www.artkaspi.azla ədəbi-mədəni saytla müştərək sənət layihəsi sayılan “Variasiya” bölümündə verilmiş “Qəfil getmək” hekayəsindən başqa – ədəbi-bədii, poetik-publisitik materialların çox az qismində zəmanəmizin, həyat reallıqlarının estetik əksini gördük. Sanki nə Qarabağ problemi var, nə dünyadakı iqtidsadi-sosial böhranlar, nə də Şərqə ixrac olunan rəngli inqilablar, geosiyasi durğunluqlar. Düzdür, o dəqiqə mələyin qanadının qırılmağından, yaxud sevgi atəşinin enerjisindən yazanlar bizə hücuma keçəcəklər ki, sadaladıqlarınız böyük ədəbiyyatın predmeti deyil, poeziyanın nə marağına?! Onda bəs niyə Ulu Nizami “Xosrov və Şirin”, “İsgəndərnamə”, “Yeddi Gözəl” məsnəvilərini, tutalım, Cəlil Məmmədquluzadə “Ölülər”ini, yaxud Səməd Vurğun “Vaqif”ini qələmə alırdı?!

İstedadlı şairə (redaktordan xahiş edirik: sözdəki “ə” hərfini pozmasın, sözün bu variantı daha şairanədi, poetikdi, incədi) Günay Ümidin “Özüylə söhbət” qeydləri (“…Mənim heç böyük arzularım olmadı. Böyük arzuların təhlükəli olduğunu babam öyrətmişdi mənə, əllərini əlil arabasına vura-vura”) və lənkəranlı olaraq yerlimin silsilə şeirləri ilə “Ulduz”un payız sayının poeziya bağındakı ədəbi-poetik bəhrəsinə əli çatan oxucu bir anlıq gündəlik qayğılardan uzaqlaşır, ədəbiyyatın sehrli-sirli məkanına qədəm qoyur.

         Günay Ümidin “Renkarnasiya” şerinin ilk bəndi şairənin mürəkkəb yaradıcılıq potensialından xəbər verir:

Gedənlər kiçilər,

Gözdən itər…

Gedişlər böyüdər,

Çoxaldar insanları…

Şairənin “Qış nağlı” isə ictimai-fəlsəfi duyğuları poeziyaya daşımaq baxımından maraqla oxunur:

O gün

Qarğalar dünya şarının ipini aldı

Uşaqların əlindən,

Uçurdu uçurumdan…

Müharibə uşaqlarının doğum günü şərəfinə

Üfürüb söndürdü günəşi külək…

Dərginin www.axar.az saytıyla başqa bir müştərək layihəsi çərçivəsində AYB katibi, görkəmli xalq şairimiz Fikrət Qocayla Xanım Aydın və Vüsal Nurunun “ədəbi söhbəti” maraqla oxunur. 83 yaşlı müdrik söz sənətkarının fikirləri, əslində, ədəbiyyat, həm də həyat haqqıında fəlsəfi düşüncələrdir: “Prozada səbirli olmağı, masa arxasında oturmağı bacarmaq lazımdır. Şeirdə axtarmaq, tapmaq əsasdır. Şeir qışqırıqdı. Bir anlıq gəlir…”

Rusiyada diaspor həyatını yaşayan Şahnaz Kamal “Vaska” hekayəsində də ənənəvi mövzusunu ədəbiyyata gətirir: mühacirətdə yaşayan Azərbaycan insanını vətəndən kənarda heyrətləndirən olaylar.

Qocaman ədəbi tənqidçimiz Vaqif Yusifli silsilə ədəbiyyatşünaslıq araşdırmasının IV məqaləsində təkrarən üzünü yeni yaradıcı nəslin nümayəndələrinə tutaraq yazır: “Gənc şairlər, sözüm sizədir” və ənənəsinə uyğun olaraq, şeirlərini təqdir etdiyi üç nəfər imza sahibi – Allahşükür Ağa, Tural Adışirin və Ələmdar Cabbarlı –  yaradıcılığını incələyir, filoloq tövsiyəsini verir, təqdir edir, fəqət tənqid, etmir…

Noyabr “Ulduz”unun poeziya – “Şeir vaxtı” bölümünü daha çox sosial şəbəkələrdə, İnternet saytlarında “parıldayan” daha bir istedadlı gənc şair Fuad Cəfərli qələmə aldığı yeni silsilə şeirləri ilə davam etdirir. Fuadın şeirləri həyatdan, lap elə onun öz hisslərindən çox, kitablardan süzülür sanki. İnanıram ki, mənim kimi heç vaxt real Parisi, Romanı görməyən gənc şairin “Əslində” şeirində, yaxud “Dəfinə axtarışında” nümunəsində “Dəfinələr adası” əsəri yada düşür, “Ayaq-yorğan misalı” əsərində isə Hindistandakı kastalar haqqında oxuduqlarının əksini sezdik:

Dünənin kastaları

indi cəfəng görünürsə,

         bəs onda niyə hələ də,

ayağımız yorğanımız boydadır –

sualına cavab tapmırıq…

Kitablardan süzülən yaradıcılıq axını, bəlkə də, romanlarda, nəsrdə qəbul olunandır, ancaq şəxsən, bizim fikrimizcə, şeir daha diri, canlı, həyati, zəmanənin nəfəsinə uyğun təbii duyğular üzərində ucalmalıdır ürəklərə doğru. Başqa gənc şairin – Vuqar Rahinin də modernsayağı qəzəllərində eyni tendensiyanın şahidi oluruq. Klassik ərəb – Şərq poetik texnologiyasıyla, bədbin havalı əruz vəznində qələmə alınan bu qəzəllər nə qədər gözəl qiyafəyə sığışdırılsa da, bu beyt XXI əsrin qəlbi kosmosa uçmaqla çırpınan texnoGEN oxucusunu nə qədər estetik heyrətə gətirə bilər?!

Qələmin qüdrəti yetməz sənə bir yazə qəzəl,

Vəsfi-ruyində sənin gözləməz əndazə qəzəl…

“Güney Azərbaycan ədəbiyyatı” polemik müzakirəsi bir daha sübut edir ki, XX əsr şairlərimizin fəğan ilə şikayətləndikləri sərhədləri, qadağaları İnternet yüzilliyi – texnologiyaları darmadağın eləsə də, biz yenə Bütöv Azərbaycanımızın söz sənətində – estetik-kulturoloji düşüncəsində gedən proseslərdən xəbərsizik, yaxud oxumağı, izləməyi yadırğadığımızdan, uzaq ölkələr bir qırağa dursun, qapımızın o tərəfində qalan Güneyimizdə yazıb-yaradan istedadlı imza sahiblərini belə yaxından tanımırıq. Bir fikri də müzakirə üçün ortaya ataq: türkdilli Güney Azərbaycan ədəbiyyatına rəğmən, çağdaş farsdilli Güney Azərbaycan imza sahiblərinin yaradıcılıq imkanları, ədəbi-bədii nümunələri daha qlobal, planetar düşüncəlidir…

Moskvada yaşayaraq gərgin ədəbi-poetik fəaliyyətlə məşğul olan Afaq Şıxlının mütərcim qələminin budəfəki qəhrəmanı çağdaş rus şairi, publisiti Andrey Vasilevski oldu: poetik düşüncənin fərqliliyindənmi, tərcümənin tələskənliyindənmi, yaxud ruslara xas soyuq məntiqin şeirlərdə əksinin sezildiyindəndimi, söyləmək çətindir, amma çox da uğurlu yaradıcılıq məhsulları kimi azərbaycanca oxunmadı bu nümunələr…

XX əsr humanitar düşüncəmizin izi silinməz nümayəndələrindən olan dəyərli alim Xudu Məmmədovun 90 illiyini payızın “Ulduz”u özünəməxsüs formada qeyd etdi: Cəlal Məmmədovun yazısı və ustad Xudunun dillər əzbəri “Söylədiklərindən”i – aforizmləri noyabr sayında həvəslə mütaliə etdiyimiz materiallardandır. Ustadın “Dünya bildiyimizdən artıq bizim ola bilməz” (əksəriyyət dünya ictimaiyyətinin Qarabağ probleminə “ikili-üçlü” münasibəti, yaxud ermənilərin təcavüz faktlarıyla bağlı kağız üzərində arxivləşən BMT qətnamələrinə olan inamımızı kədərlə yada salaq), “Həqiqət bizimlədir”, “Sualın yoxdursa, özün də yoxsan”, “Sürünənlər yıxılmaz!” deyimləri, əslində, elə Xudu müəllimin başqa bir aforizminə tam cavab verir: “Məhdudiyyət kəşfin anasıdır. Forma məhduddursa, fikir sıxılır, yığcamlaşır, büllürlaşır. Dərinlik bundan gəlir”…

“Şeir vaxtı”nı bu sayda orta ədəbi nəslin nümayəndələrindən yeni lirik əsərləriylə Xosrov Natil, uşaqlara yönəlik poeziya nümunələrilə Ədalət Salman və Nazim Əhmədli yeni silsiləsiylə davam etdirilər.

İki gənc nasirin hekayələrini də payız “Ulduz”unun bədii nəsr bar-bəhrəsi hesab etmək mümkündür: ağır üslubuyla seçilən Natiq Məmmədlinin “Günah” və yenə də “oğru dünyası”nın – hətta ən saf məqsədlə belə cinayət törədərək zindana göndərilən cinayət törədənlərin növbəti dəfə az qala müsbət obraz səviyyəsinə qədər qaldıran Taleh Mənsurun “Ürək ağrısı, çiçək oğrusu” hekayəsi. Sözsüz, bu hekayələr dünya kiçikhəcmli bədii nəsr nümunələri ilə tələm-tələsik tərcümə edilmiş anadilli variantlardan tanış olan yeni nəsil oxucular üçün orijinal, maraqlı görünəcək…

Məhsuldar yazar-araşdırıcı İlham Abbasovun “Ədəbiyyat üzrə Nobel mükafatçıları” silsiləsindən növbəti təqdimatı “Bacarmadığı işlə məşğul olan romançı” Siqrid Unset yaradıcılığına həsr olunub. Norveçin xanım nasirinin Nobel mükafatının təqdimat nitqinin və aforizmlərindən nümunələrin də tərcüməsinin verilməsi təqdirəlayiq haldır və arzu olunur ki, bu silsilənin sonunda o dəyərli materiallar kitab formasında nəşr edilsin.

Teatrşünaslıq fakültəsinin tələbəsi Əli Hacılının “Kökdən düşmüş piano” teletamaşası haqqında düşüncələri xalq yazıçımız Mövlud Süleymanlının yaradıcılığına feysbukvari müxtəsər baxışlarıyla başlayır, teatr sənətimizin yeni istiqaməti haqqında mozaik mənzərəsini cızır: birtərəfli səslənə bilər, zənnimizcə, gənc araşdırmaçı qələminin iti ucunu yeni səhnə əsərlərimizə tuşlasaydı, daha aktual məsələlərə və sənətsevərlərin maraqlarına toxunmuş olardı…

“Ulduz” üzü qışa bu sayında da “Dərgidə kitab”ın istedadlı bir qonağı var: detektiv əsərləri ilə gənc oxucuların maraqla izlədiyi Müşfiq Xanın “Yanmaz xatirələr”, “5.45” və “Aybəniz” adlı hekayələri yazıçının yaradıcılığının yeni istiqamətləri ilə tanışlıq baxımından maraqla oxunurlar.

Dərginin son səhifəsində gənc rəssam Gülərin bədii təxəyyül məhsulları isə ayrı yazının predmetidir ki, bu barədə başqa vaxt fikirlərimizi bölüşərik…

P.S. Sonda geri dönüb yazıçı Elçin Hüseynbəylinin “Qəfil getmək…” hekayəsinin özümüzün variantımızda axırını bitirmək istəyimizi gerçəkləşdiririk.

“…Xaotik addımlarla təkrarən dəmirlə sərhədlənmiş sahilə tərəf yön götürdü. Başını qaldırıb sulara baxmaq istəyəndə, qıraqda taqətsiz duran bir gəncin özünü şübhəli aparması onun diqqətini yayındırdı.

– Nə etmək fikrindəsən?

– Dayday, hər şeydən boğaza yığılmışam, hamıdan zəhləm gedir. Həyatdan təmiz bezmişəm…

İstər-istəməz onu gülmək tutdu:

– Bala, sən nə həyat yaşamısan ki, bu dünyadan da bezməyə macal tapmısan?

– Siz böyüklər biz gəncləri heç vaxt anlaya bilməzsiz…

Vaxtilə böyüklərinə o da buna oxşar etirazlarını bildirmişdi. Gülümsədi, qolunu gəncin boynuna doladı:

– Gəl, gəl, gedək çayxanaya, qoy azca da olsa, canımız qızışsın, ruhumuz isinişsin…

İntihar niyyəti onları birləşdirdi, ölümə birgə qalib gəlmək üçün yaxınlıqdakı çayxanaya istiqamət götürdülər…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir