Bədii-estetik düşüncəmizin Sara Oğuzu. Yazıçı-kulturoloq Aydın Xan Əbilovdan kulturoloji yazı
Vərdişdir, Yazıçılar Birliyinə gedəndə bütün mərtəbələrə baş çəkirəm – illər boyu milli bədii söz
sənətimizin inkişafında yanaşı çalışdığım, çoxdan doğmalaşdığım qələm yoldaşlarımla
görüşməkdə xüsusi zövq alıram: ən üst qatda, – həmişə özlərinə də zarafatla söylədiyim kimi, –
Tanrıya yaxın olan məkanda yerləşən ədəbi dərgilərin redaksiyalarındakı yazı-pozu adamlarıyla
hər dəfə hal-əhval tutmasam, özümü yaxın insanlara qarşı biganəlikdə qınayıram…
Sonucu kərə yazıçı-publisist Sara Oğuz Nəzirovanı o yay günü, elə çalışdığı “Azərbaycan”
dərgisinin redaksiyasında gördüm: baxışlarında nigarançılıq, simasında çoxdankı ağrılardan
cizgilər, fəqət duruşunda xanım-xatınlara məxsus bir mərdanəlik, hərəkətlərində olmazın
nəzakət, davranışında estetlərə məxsus çalarlar, sözündə-söhbətində əsl yazıçı mədəniyyəti,
ədəbiyyatçı incəliyi, sənətsevər intellektuallığı…
O son görüşümüz zamanı Sara xanımın əlindəki irihəcmli, nəfis şəkildə nəşr olunmuş qalın
kitabı görüb səbrimi basa bilmədim, cəld alıb vərəqlədim:
- Mübarəkdir, Sara xanım!
- Təşəkkürlər, ay Xan! İngilis dilinə çevrilmiş seçilmiş əsərlərimdir…
- Unutmamısız, siz mənə əsərlərinizin elektron variantını söz vermişdiz, www.kitabxana.net –
Milli Virtual Elektron Kitabxanamızda yerləşdirmək üçün, – deyə Sara xanıma artıq neçənci
dəfə idi xatırladırdım. - Narahat olmayın, əlimdə bir-iki iş var, qoy onları da yekunlaşdırım, hamısını verərəm. Eh, ay
Xan, indi məgər ciddi ədəbiyyatla dərindən maraqlanan, oxuyan var ki, yazdıqlarımızı… – öz
növbəsində Sara xanım da haqlı olaraq gileyləndi.
Sonralar bu qənaətə gəlməkdə haqlıydım ki, Sara xanım qədər öz yaradıcılığına xüsusi
həssaslıqla yanaşan, yazdıqlarını sistemli surətdə sahmana salan, əsərlərini dünya dillərinə
tərcüməsilə ciddi məşğul olan az sayda yazıçımız var. Əbəs yerə deyil ki, bu yaxınlarda Amerika
Birləşmiş Ştatlarında – “Trafford” nəşriyyatı tərəfindən ingiliscə işıq üzü görmüş “Müasir
Azərbaycan qadın nəsri” (“Modern Azerbaijani Women’s Prose”) antologiyasında Ə.Cəfərzadə,
M.Nigarlı, A.Məsud, N.Məmmədli, M.Vəzir, G.Anarqızı, N.Dəmirçioğlu, G.Lətifxan,
S.Nuruqızı, A.Şıxlı və başqa xanım imza sahibləri ilə yanaşı Sara Oğuz – Nəzirovanın da dəyərli
hekayələrinə xüsusi yer ayrılıb.
Sara xanım hətta ölümündən bir qədər əvvəl özünün www.saraoguz.com İnternet ünvanlı fərdi
ədəbi saytını da yaratmağa macal tapmışdı, sanki hiss edirdi ki, ömür onsuz da vəfa etmir və
ondan sonra yaradıcılığını qoruyan, gələcək nəsillərə çatdıran olmayacaq…
Bu istedadlı xanımın bədii-kulturoloji yaradıcılığıyla tanışlığım ilk dəfə ötən əsrin sonlarında,
iqtisadi durumla əlaqədar hələ dövlət tərəfindən maliyyələşdirilmədiyinə görə ildə bir-iki dəfə
nəşr olunan “Azərbaycan” dərgisinin səhifələrindən oxuduğum hekayələrlə başlayıb. O vaxtlar
Sara Nəzirova imzasıyla yazan bu bənzərsiz, incə dəst-xətli müəllifin adda-budda məqalələrilə,
tərcümələrilə rastlaşsam da, boynuma alım ki, davamlı olaraq onun yaradıcılığını izləməmişdim.
Adlarını unutduğum, amma indi də ədəbi-estetik incəliklərini xatırladığım o hekayələrdən sonra
Sara Nəzirova – Oğuz mənim tənqidi-kulturoloji maraq əhatəmə daxil oldu və bu incə üslublu,
ədəbiyyatımızda özünəməxsus yaradıcılıq cəhətlərilə başqa qələm adamlarından fərqlənə bilən,
çağdaş nəsrimizə maraqlı estetik çalarlar qatan, nasir, publisist, ssenarist, estet, sənətşünas,
dramaturq kimi imzasını təsdiqlədən yazarın əsərlərini ardıcıl olaraq izləyirəm.
Çoxəsirlik milli poeziyamıza rəğmən, gənc tarixini XIX əsrin əvvəllərindən götürən Avropa tipli
peşəkar yazılı nəsrimizdə qadın yazarların sayı və çəkisi elə də çox deyil. Əsasən XX əsrin
ortalarından etibarən, daha çox sovet dövründə yazıb-yaratamağa başlayan xanım imza
sahiblərimizin siyahısı dövlət müstəqilliyimizi ikinci dəfə bərpa edəndən üzü bəri durmadan
genişləndi. Doğrudur, kəmiyyət hələ keyfiyyətə bir elə ciddi təsiri olmasa da, artıq kifayət qədər
tanınmış qadın yazıçılarımıza rast gəlirik ki, onların da sırasında Sara Oğuz Nəzirova imzası
xüsusilə fərqlənir.
Bu istedadlı nasir və sənətşünasın avtobioqrafiyası, sözün hər mənasında, onun öz ömrünü
sənətə, milli bədii-estetik sözə həsr etdiyindən xəbər verir. Ömür cığırına diqqət edək: Sara Oğuz
29 dekabr 1944-cü ildə Oğuz rayonunda dünyaya göz açıb. 1965-ci ildə Azərbaycan Dövlət
Pedaqoji İnstitutunu, 1975-ci ildə Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq
İnstitutunda estetika üzrə aspiranturanı, 2002-ci ildə Fransanın Lill şəhərində Avropa Beynəlxalq
Jurnalist Məktəbini bitirib. 1984-cü ildə keçmiş SSRİ Rəssamlar İttifaqına, 1988-ci ildə isə SSRİ
Yazıçılar İttifaqına üzv qəbul olunub, 1966-cı ildən 1988-ci ilədək Dövlət İncəsənət Muzeyində
çalışıb. 1988-ci ildən etibarən AYB-də – «Azərbaycan» jurnalının nəsr şöbəsində çalışıb. 1968-ci
ildən təsviri incəsənət haqqında məqalələri, eləcə də nəsr əsərləri respublikamızın və xarici
ölkələrin dövri mətbuatında – qəzetlərində, jurnallarında dərc olunur. 1994-cü ildə ABŞ-dakı
“İkarus” dərgisində nasir xanımın bir povesti ədəbiyyatımızı təmsil edib,1996-cı ildə
YUNESKO-nun “The World Literature to Day” toplusunun payız sayında isə yazıçının
“Kəpənək ömrü” povesti dərc olunub.
1983-cü ildə “Yazıçı” nəşriyyatında “Terrakota” kitabı, daha sonra “Qədir ağacı” (1986), “Tale
damğası” (1992), “Gənclik” nəşriyyatında “Nağıl nabatı” (1990), “Şərq-Qərb” nəşriyyatında
“Beton evdən yazılar” (1996), “Ziya” nəşriyyatında “Əşrəf Muradoğlu” (2007), “AMEA”
nəşriyyatında – ingilis dilində “Selected works” – “Seçilmiş əsərləri” kitabı çapdan çıxıb.
Sonuncu kitab Oksfordun Bodlean kitabxanasında da yer alıb. Onun yaradıcılığı haqqında 2003-
cü ildə «Elm» nəşriyyatında Azərbaycan Milli Elmlər Akademiyasının Elmi Şurasının qərarı ilə
«Oğuz gözəlləməsi» kitabı nəşr olunub. Yazıçının ssenariləri əsasında “Azərbaycanfilm”
kinostudiyasında “Batmış şəhərin incəsənəti”, “Nar ağacının nağılı”, “Qəsd”, “Söhbətül-əsmar”,
“İçərişəhərin hamamları”, “Dost dosta tən gərək”, “Üfüqü ötənlər”, “Sirli bənövşə” adlı filmlər
lentə alınıb.
Yazıçı qələmini dramaturgiya sahəsində də uğurla sınayıb: “Nağılını göstər”, “Mərd körpüsü”,
“Qayıt”, “Sözün sehri” pyesləri dövlət teatrlarında tamaşaya qoyulub, əsərləri rus, Ukrayna,
ingilis, ispan, çin və s. dillərə çevrilib. 2010-cu ildə ən yaxşı hekayə üçün beynəlxalq
müsabiqənin qalibi olub. 9 may 2012-ci il tarixdə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq
görülüb.
…Və o qara tarixdə – 22 iyun 2014-cü ildə amansız xəstəlik Sara xanımı bu işıqlı dünyamızdan
birdəfəlik alıb aparanda ədəbiyyatımızda, humanitar-estetik fikrimizdə bir istedadın yeri də boş
qaldı. Ölümündən bir qədər əvvəl Sara xanımın dediyi fikirlər əslində onun bütün həyat və
yaradıcılığına şamil etmək mümkündür: “Mən yazıçı deyiləm. Yazıçının həyatını yaşayan
insanam. Orada (kitablarımda – red.) olduqca çoxlu həyat materialları var. Olduqca böyük sevgi
var – vətənimə, xalqıma, əhatəmə. Doğrudan da, Azərbaycan mədəniyyəti elə yüksək
səviyyədədir, elə zərif, incə çalarlıdır ki, onu sevməmək olmaz, onu elə-belə yazmaq olmaz”…
Yazımı elə bu notlarla da bitirmək istəyirəm, düşünürəm ki, bu fikirlərə nəsə əlavə etsəm, Sara
Oğuz – Nəzirovanın ruhunu incitmiş olaram…

