“Xətai: tarixi şəxsiyyətlər müzakirəyə çıxarılanda… Təhlükəli olan nədir? – “Hüquq-mühafizə orqanları məşğul olmalıdır” – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilovdan kəskin mövqe
Tarixi keçmiş xüsusilə gənc nəslin milli mənlik şüurunun formalaşmasında mühüm amildir. Lakin Azərbaycanda bəzən tarixi şəxsiyyətlər (dövlət xadimləri, sərkərdələr, yazarlar və başqaları) barədə mülahizələr konkret tarixi dövrün kontekstindən çıxarılaraq təftiş olunur, bu isə münaqişələrə gətirir.
Tarixi şəxsiyyətlər barədə polemikalar necə aparılmalıdır? Hazırda mediada və sosial şəbəkələrdə tarixi şəxsiyyətlər ətrafında müşahidə olunan polemikalar gənc nəsildə milli kimliyin, milli mənlik şüurunun formalaşması baxımından ziyanlı, ya faydalı sayılmalıdır?
Mövzu ilə bağlı Medianews.az-a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib ki, tarix və tarixi şəxsiyyətlər milli dəyərdir: “Bu dəyərə istənilən münasibət caizdir, amma təhqir olmadan, aşağılamadan, milli dəyərləri aşındırmağa səbəb ola biləcək hər hansı mülahizə yürütmədən. Bəli, tarix daşlaşmış, artıq keçmişdə qalmış olaylar, hadisələr toplusudur. Amma o olaylar, hadisələr bizim babalarımızın, nənələrimizin, dövlətimizin, millətimizin taleyinə əbədi həkk olunub. Heç kim ideal deyil, heç kim kamil deyil. Əgər biz kamil və ideal olsaydıq, ya Tanrı, ya da təbiət olardıq. Tarixi şəxsiyyətlər də elədir. Onlar də canlıdırlar, onların da səhvləri, yanlışlıqları olub. Mübarizələri, müharibələri, uğursuzluqları, uğurları olub. İstənilən halda, hər bir tarixi hadisə kimi tarixi şəxslər də mənsub olduğu xalqın, millətin, etnosun həyatında, tarixində, keçdiyi sivilizasiya, mədəniyyət və dövlətçilik yolunda az-çox təsirə malik olur.
Azərbaycanın həmişə çox böyük, dəyərli şəxsiyyətləri olub, indi də var. Qonşu xalqlara nisbətən bizdə tarixi şəxsiyyətlər haqqında goplama, şişirtmə demək olar ki, yox dərəcəsindədir. Əksinə, bizdə çox qəribə bir situasiya yaranıb. Biz tarixi keçmişimizə və tarixi şəxsiyyətlərə, xüsusən də dövlət xadimləri, sərkərdələr, filosoflar, din xadimlərinə bəzən çox bərbad, aşağılayıcı, təhqiramiz münasibət bəsləyirik. Nağıllarda, köhnə kitablarda bəzi tarixi şəxsiyyətlərin lağlağı obyekti olması və yaxud az qala manyak səviyyəsində göstərilməsi indiyə qədər bizim beynimizdə qalır. Hazırda da gənc nəslin mənəviyyatını, şüurunu zəhərləməklə məşğul olan bir çox şəxs var ki, məsələn, Midiya dövlətini, Babəki bilmirlər və ya bilmək istəmirlər. Əsasən xaricilərin təsiri altında qara yaxırlar. Son günlər daha çox Qızılbaşlar, Səfəvilər imperiyası haqqında ağıllarına gələni danışırlar”.

Kulturoloq bildirib ki, bir məmuru tənqid edə bilmədiyi halda oturub tariximiz, keçmişimiz və tarixi şəxsiyyətlərimiz haqqında cəfəngiyat danışan şəxslər sanki ağıllı və intellektual göründüklərini zənn edirlər: “Mən sosial mediada gedən bir çox fikirləri imkan daxilində izləyirəm və görürəm ki, hər iki tərəfdə çoxluq – Səfəviləri təhqir edənlərin də, müdafiə edənlərin də əksəri dəyirmanın ayrı-ayrı gözləridir. Birindən su gəlir, o birindən su axıb gedir. Gələn su da, gedən su da əslində qara sudur. Çünki polemikanı tək ölkə daxilində yox, xaricində də izləyirlər. Bu polemikalara görə bizə gülən ermənilər, dost münasibətdən çox mənfi münasibət bəsləyən farslar, ruslar fürsətdən yararlanıb tariximizi, milli kimliyimizi qaralamağa, ləkələməyə çalışırlar.
Tarixin hansı dövründə Azərbaycan xalqı qədər bəşəriyyətə böyük sərkərdələr, inqilabi hadisələr, görkəmli yazıçı, şair, filosoflar bəxş edən bir xalq tanıyırsınız? Zərdüşt peyğəmbər kimi ilk böyük peyğəmbər, ondan sonra gələn nəsil, Babək hərəkatı, Xaqani, Nizami, Füzuli, Tusi, Bəhmənyar – hamısı Azərbaycan torpağının yetirməsidir. Daha sonralar Mirzə Fətəli Axundovdan üzü bəri, istər Rusiya imperiyası dövründə, istər Cümhuriyyətimizin qurulduğu dövrdə, istər sovet dövründə, istərsə də müstəqilliyimizin bərpa olunduğu dövrdə möhtərəm və möhtəşəm tarixi şəxsiyyətlərimiz, həmçinin qızıl hərflərlə yazılmış səhifələrimiz var. Babək hərəkatı azadlıq mübarizəsi idi və Şərqdə ilk dəfə Spartak üsyanından da böyük bir hərəkat yaradılmışdı. Onun dinə, xurafata, yoxsa ərəb xilafətinə qarşı yönəlməsi isə artıq başqa məsələdir.

Yaxud da Şah İsmayıl Xətai… Ağqoyunlulara, Qaraqoyunlulara, həmçinin türklərə, talışlara, kürdlərə, tatlara və bu regionda yaşayan digər irandilli, türkdilli xalqlara parçalanmış cəmiyyəti birləşdirərək bütöv bir Səfəvilər – Qızılbaşlar imperiyasını quran, saraya Azərbaycan dilini, aşıq ədəbiyyatını, milli təfəkkür və mənliyi gətirən Xətai babamızı biz necə pisləyə bilərik? Kimlərinsə vəhabiliyin, nurçuluğun və ya başqa cərəyanların təsiri altında məzhəb davası açaraq Azərbaycanda ənənəvi təriqəti hədəf almasına, bu fonda Şah İsmayıl Xətaini qaralamasına qarşı əslində hüquq-mühafizə orqanları məşğul olmalıdır. Çünki bu məsələ artıq elmi polemika, elmi müzakirə çərçivəsindən çıxıb.
Türkiyədə böyük bir qanun var. Milli-mənəvi dəyərlərə, millətin tarixinə, tarixi şəxsiyyətlərinə qarşı təhqiramiz münasibət görən kimi polis gəlir, təhqirə yol verənlər tutulub uyğun cəza alır. Təəssüf ki, Azərbaycanda bu yoxdur. Bir çoxları bəzən kimlərəsə yarınmaq, yaxud haradansa – ölkə daxilindənmi, xaricindənmi aldıqları sifarişləri yerinə yetirmək üçün milli dəyərlərimiz əleyhinə çıxış edirlər. Bunun məsuliyyətini kim daşıyacaq? Ümumiyyətlə belə məqamlardan ötrü hansısa məsuliyyət və cəza sistemi işləkdirmi?
Bəli, çox dəyərli şəxsiyyətlərimizin də yaradıcılığına, fəaliyyətinə tənqidi prizmadan yanaşmaq olar. Lakin istər müasirimiz olsun, istərsə də dünyasını dəyişmiş olsun – şəxsiyyəti təhqir etmək, qaralamaq olmaz. Bu nə deməkdir?! Razılaşmırsan razılaşma, bütöv bir xalqı, ictimaiyyəti təhqir edib savadsızlıqda günahlandırmaq nə deməkdir?! Artıq bu, qəbuledilməz bir məsələdir”.

Aydın Xan Əbilov qeyd edib ki, 19-20-ci əsrlərdə də vaxtilə bizim bəzi şair və yazıçılarımızın bu və ya digər dərəcədə müxtəlif qara qüvvələrin təsiri altında oxşar mövqelər sərgilədiyi məqamlar olub: “Axundovun da yol verdiyi bəzi səhvlər vardı. Sabirdə, Mirzə Cəlil ədəbi məktəbinin nümayəndələrində də vardı, hətta Hüseyn Caviddə də müəyyən məqamlarda olmuşdu. Amma onlar müəyyən sərhədləri keçmirdilər. Sabir və Axundov istisna olmaqla, digərlərinin hər biri çalışırdı ki, ümumi dəyərləri məhv etməsinlər.
Hazırda son polemika Şah İsmayıl Xətai ilə bağlıdır. Şah İsmayıl Xətai sufizmi o dövrün liberal bir dəyəri olaraq ərəbləşməyə, Osmanlı imperiyasına, fars hökmranlığına qarşı qoyub, Azərbaycanın dini-siyasi dövlətçilik ideologiyasına çevirərək böyük bir imperiya yaradıb. Nadir şah da onun əsasında imperiyanı okeandan-okeana qədər uzadıb. Amma biz bunu qəbul edirikmi? Biz yalnız qaranı, məğlubiyyəti, Çaldıran döyüşünü görürük. Halbuki o döyüşdən sonra Şah İsmayıl Xətai hələ neçə il hakimiyyətdə qaldı.
Məncə, ölkəmizin qanunvericiliyində dəyişiklik etməyin vaxtı çatıb. Qanunda tarixi şəxsiyyətlər, tarixi dövrlər haqqında hədyan yağdıran insanlarla bağlı cinayət və inzibati məsuliyyət növləri müəyyən edilməlidir. Milli mənliyin, kimliyin, milli şüurun formalaşmasında cəmiyyətə, gənclərə ziyanlı ideologiya və yaxud fikirlər, mülahizələr aşılamağa çalışanlar qanun qarşısında cavab verməlidirlər. Yoxsa bu ziyanlı proses nəinki Azərbaycanda, həm də xaricdə davam edəcək və biz bunun qarşısını almaqda çox çətinlik çəkəcəyik”.
Nailə Qasımova,
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda hazırlanıb.

