Şah İsmayıl Xətai – tariximizi təftiş etmək: planlı, məkrli siyasət, yoxsa, bilməyərəkdən, sadəcə, populistliyə görə
TARİXİ TƏFTİŞİN MƏQSƏDİ NƏ OLMALIDIR?
Son zamanlar Şah İsmayıl Xətainin şəxsiyyəti və fəaliyyəti ətrafında müxtəlif müzakirələrin, tarixi hadisələrə yenidən baxışların şahidi oluruq.
Mən hesab edirəm ki, tarixi hadisələr və tarixi şəxsiyyətlər, əlbəttə, araşdırılmalı və lazım gəldikdə yenidən dəyərləndirilməlidir. Lakin hər hansı tarixi şəxsiyyəti və ya hadisəni təftiş etməzdən əvvəl özümüzə çox mühüm bir sual verməliyik: Biz bu təftişlə nəyə nail olmaq istəyirik?
Bu araşdırmanın cəmiyyətə hansı faydası olacaq? İnsanları həqiqətə yaxınlaşdıracaq, yoxsa cəmiyyətdə parçalanma, qütbləşmə və qarşıdurma yaradacaq?
Tarixə ədalətli yanaşma yalnız faktları sadalamaqdan ibarət deyil. Tarixi hadisəni öz dövrünün siyasi, sosial və ictimai reallıqları daxilində qiymətləndirmək, eyni zamanda bu gün həmin müzakirənin hansı nəticələr doğura biləcəyini də nəzərə almaq lazımdır.
Əgər tarixi təftişin nəticəsi cəmiyyətdə məzhəb qarşıdurmasını, milli parçalanmanı və insanlar arasında düşmənçiliyi dərinləşdirəcəksə, o zaman bu təftişin məqsədi və faydası ciddi şəkildə düşünülməlidir.
Şah İsmayıl Xətai məsələsinə də məhz bu prizmadan yanaşmaq lazımdır. Onun tarixi şəxsiyyət kimi araşdırılması, fəaliyyətinin müsbət və mənfi tərəflərinin elmi əsaslarla öyrənilməsi normaldır. Lakin bunu bu gün insanları bir-birinə qarşı qoyan, məzhəb və kimlik üzərindən yeni qarşıdurmalar yaradan müzakirəyə çevirmək doğru deyil.
Biz tarixdən düşmənçilik mirası deyil, dərs və nəticə götürməliyik.
Tarixi təftişin məqsədi keçmişin insanlarını bu günün insanları ilə qarşı-qarşıya qoymaq olmamalıdır. Əsas məqsəd həqiqəti üzə çıxarmaq, səhvlərdən nəticə çıxarmaq və gələcək nəsillər üçün daha sağlam düşüncə formalaşdırmaqdır.
Mənim düşüncəmə görə, Şah İsmayıl Xətainin bu gün məhz parçalanma və qarşıdurma kontekstində gündəmə gətirilməsi faydalı bir tarixi müzakirə təsiri bağışlamır. Çünki bizim onsuz da kifayət qədər bölünmə səbəbimiz var. Yeni ayrılıqlar yaratmaq əvəzinə, bizi birləşdirən dəyərləri gücləndirməliyik.
Tarix bizim mübahisə meydanımız deyil, gələcək üçün dərs kitabımız olmalıdır.
Tarixi şəxsiyyətləri araşdıraq, faktları ortaya qoyaq, səhvləri də, xidmətləri də obyektiv qiymətləndirək. Amma bunu edərkən bir həqiqəti unutmayaq: tarixi təftiş cəmiyyəti parçalamağa deyil, cəmiyyətə həqiqəti anlatmağa xidmət etməlidir.
Ramal Əliyev

