Qazi “Forma 88” üçün 20 saylı poliklinikaya müraciət edib: “Həkim yoxdur!” bəhanəsi ilə sənəd verilməyib? – Video
Bu haqda ilk dəfə xəbəri yayan Aktualxeber.az İnformasiya xəbər portalına daxil olan şikayətdə 20 saylı poliklinikanın fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilib.
Şikayətçi bildirir ki, 44 günlük Vətən müharibəsinin qazisi Vüsal Şahbazov Forma 88 sənədinin alınması məqsədilə 20 saylı poliklinikaya müraciət edib. Lakin onun sözlərinə görə, qaziyə lazımi sənədin verilməsi müxtəlif bəhanələrlə yubadılıb.
Belə ki, iddiaya əsasən, poliklinikada qaziyə “həkim burada yoxdur, sənədi verə bilmərik” deyilib. Halbuki şikayətçinin sözlərinə görə, həmin vaxt poliklinikada müavin də olub və buna baxmayaraq, qazinin müraciəti təmin edilməyib.
Məsələni daha da ciddi edən məqam isə Vüsal Şahbazovun bundan əvvəl 20 saylı poliklinikada özünə xəsarət yetirməsi ilə bağlı baş verən hadisədir. Şikayətdə qeyd olunur ki, qazi ağır psixoloji vəziyyətdə hər iki qoluna xəsarət yetirib. Hadisə zamanı onun qollarına biri 50, digəri isə 60 olmaqla, ümumilikdə 110 tikiş vurulduğu bildirilir.
İddialara görə, hadisə zamanı həm həkim, həm də mühafizə əməkdaşı vəziyyəti görüb. Qazi özünə xəsarət yetirdikdən sonra xəstənin məlumat kitabçası və Forma 88 sənədi də verilib. Lakin sonrakı müraciəti zamanı eyni sənədin verilməsi ilə bağlı problem yaşandığı bildirilir. Qaziyə ilkin tibbi yardım həmin poliklinikada deyil, 1 saylı Şəhər Xəstəxanasında (Semaşko) göstərilib
Burada ortaya ciddi suallar çıxır: Əgər qazi artıq həmin tibb müəssisəsində müalicə alıbsa, onun tibbi vəziyyəti və sənədləri barədə məlumat mövcuddursa, nə üçün Forma 88-in verilməsi üçün yenidən “həkim yoxdur” bəhanəsi irəli sürülür? Müavin müəssisədə olduğu halda qazinin müraciətinin niyə həll edilmədiyi də ayrıca araşdırılmalıdır.
Xüsusilə söhbət 44 günlük Vətən müharibəsinin qazisindən gedirsə, belə müraciətlərə daha həssas və diqqətli yanaşılması gözləniləndir. Qazi statusu daşıyan şəxsin sənədlə bağlı müraciətinin süründürməçiliyə salınması və müxtəlif bəhanələrlə yola verilməsi cəmiyyətdə haqlı narazılıq doğura bilər.
20 saylı poliklinikanın rəhbərliyi isə bu iddialara aydınlıq gətirməli, qazinin müraciətinin niyə təmin olunmadığını və “həkim yoxdur” ifadəsinin hansı səbəbdən səsləndirildiyini açıqlamalıdır.
Çünki qazilərə münasibət yalnız sözlə deyil, real əməl və diqqətlə göstərilməlidir. Vətən uğrunda sağlamlığını itirmiş, ağır sınaqlardan keçmiş insanların dövlət tibb müəssisələrində qarşılaşdığı hər bir problem ictimaiyyət üçün ciddi məsələdir.
Aktualxeber.az olaraq 20 saylı poliklinikanın rəhbərliyindən məsələyə münasibət bildirməsini və qazinin müraciəti ilə bağlı yaranan suallara aydınlıq gətirməsini gözləyirik.
Qarşı tərəfin və tibb müəssisəsinin mövqeyini dərc etməyə hazırıq.

