Cənub bölgəsinin qızıl əllər sahibi: Doktor Nəsrəğa Rzayev. – Leyla Məcidova yazır
Lənkəran torpağı əsrlər boyu elmi, mənəviyyatı və insanlığa xidməti hər şeydən uca tutan böyük ziyalılar yetirib. Bu parlaq simalardan biri də tanınmış Hacı Nəsirli ocağının layiqli davamçısı, ömrünü vicdanla xalqının sağlığına həsr həkim Nəsrəğa Rzayevdir.
1935-ci ildə Lənkəran şəhərində dünyaya göz açan Nəsrəğa həkim, şəhər 4 nömrəli məktəbi fərqlənmə ilə bitirərək Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 1950-ci illərin tələbəlik illəri onun həyatında təkcə peşə kimi deyil, hem də taleyin qovuşduğu unudulmaz illər kimi iz qoydu. Ağdamdan olan tələbə yoldaşı, sonralar el arasında böyük hörmətlə “Böyük Sevil” kimi çağırılan peşəkar həkim Sevil xanım Ələkbərova ilə ailə quran Nəsrəğa doktor Lənkərana qayıtdı. Bu nümunəvi ocaq cəmiyyətə iki ləyaqətli övlad – Aygün xanım və Anar bəyi bəxş etdi.
Doktor Nəsrəğa heç vaxt şan-şöhrət, maddi təmənna və ya yüksək vəzifə həvəsində olmadı. Sovet dövründə ən məsul rəhbərlərdən tutmuş sıravi vətəndaşlara qədər hər kəs şəfa tapmaq üçün məhz onun qızıl əllərinə pənah gətirərdi.
Bu peşəkarlığın və insanpərvərliyin bariz nümunəsi kimi, Lənkəranda qonaq olan, dəniz kənarında ağır xəsarət alan balaca Anjelanın xilası xüsusi xatırlanır. Həmin vaxt rayon partiya komitəsinin birinci katibi İsa Məmmədovun tapşırığı ilə əməliyyata girən Nəsrəğa həkim, balaca qonaq qızın ayağını qumdan təmizləyərək estetik bir incəliklə, daxildən tikiş qoymaqla xilas etdi. Heç bir təmənna ummadan həyata keçirilən bu uğurlu əməliyyatdan altı ay sonra, ananın minnatdarlığı sayəsində mərkəzi “İzvestiya” qəzetinin müxbiri Lənkərana gələrək cənubun bu məharətli həkimindən geniş müsahibə hazırladı.
Həyatda iki qardaş olan Nəsrəğa həkim və onun “İzvestiya” qəzetinin cənub bölgəsi üzrə xüsusi müxbiri olmuş qardaşı Əlirza Rzayev dədə-baba torpaqlarına, Hacı Nəsirli soyunun köklərinə həmişə sadiq qalıblar. Bu gün ömrünün 91-ci baharını yaşayan, sadə qidalanma rejimi və qəlbindəki saf Yaradan sevgisi ilə ruhunu gümrah saxlayan Nəsrəğa doktor həqiqi ziyalı müdrikliyinin və tarixin canlı təcəssümüdür. Dünyasını dəyişmiş Sevil xanımın əziz xatirəsini rəhmətlə anır, Nəsrəğa həkimə cansağlığı və uzun ömür diləyirik.Var olun gözəl, fədakar insan!
Nurlu ziyasıyla işıqdır elə,
Şəfa ocağında əlləri möcüz.
Uca tutub hər an vicdanı, arı,
Xalqa xidmət edib təmənnasız, düz.
Ömrün ağsaqqallıq zirvəsindədir,
Uca insanlığın canlı rəmzidir.
Müdrik baxışlarda dərin bir hikmət,
Könüllər oxşayan ehtiram izdir.
Leyla Qadir qızı Məcidova
Lənkəran Dövlət Universitetinin müəllimi
tarix üzrə fəlsəfə doktoru,dosent
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

