Zəka və mənəviyyatın zirvəsi: dosent Əliğa Baxşıyev. – Leyla Məcidova yazır

Cəmiyyətin mənəvi sütununu formalaşdıran, illər keçsə də, xatirəsi qəlblərdə silinməz izlər qoyan elə insanlar var ki, onların həyat yolu həm bir alim, həm də bir insan olaraq gələcək nəsillərə örnəkdir. Belə parlaq simalardan biri də bütöv bir tələbə nəslinin sevimlisi, əxlaq və mədəniyyət simvolu, tanınmış tarixçi-alim, dosent Əliğa Baxşıyev idi.
Əliğa Baxşıyev 10 fevral 1941-ci ildə Astara rayonunun füsunkar güşəsi Motlayataq kəndində dünyaya göz açmışdı. Elmə, xüsusilə tariximizə olan sonsuz sevgisi onu o, dövrün ən nüfuzlu elm ocağına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə gətirmişdi. Ali təhsilini əyani şöbədə uğurla başa vurduqdan sonra o, pedaqoji fəaliyyətə Astara rayonunun Siyəkü kəndində tarix müəllimi kimi başlayır. Bu, gənc müəllimin gələcək böyük elmi fəaliyyətinin ilk xeyir-duası idi.
Çox keçmir ki, onun yüksək potensialı və elmə bağlılığı diqqəti cəlb edir və o, doğma universitetinin Azərbaycan tarixi kafedrasına dəvət olunur. Burada laborantlıqdan baş laborant, müəllim, baş müəllim və dosent vəzifəsinədək şərəfli bir yol keçir.
Əliğa müəllimin elmi rəhbərlik və təşkilatçılıq istedadı Lənkəran Dövlət Universitetində (LDU) daha qabarıq şəkildə özünü büruzə verir. O, 1998-2012-ci illərdə LDU-nun “Tarix və fəlsəfə” kafedrasına rəhbərlik edərək cənub bölgəsində tarixçi kadrların yetişdirilməsində misilsiz xidmətlər göstərir. Müəyyən fasilədən sonra, 2016-2018-ci illərdə yenidən “Tarix və onun tədrisi metodikası” kafedrasının müdiri vəzifəsində çalışaraq ömrünün sonunadək universitetin elmi-mədəni həyatına rəhbərlik edir.
Zəngin elmi fəaliyyəti dövründə Əliğa müəllim 3 dərs vəsaiti, 1 proqram və 60 yaxın elmi məqalənin və tezisin müəllifi olmuşdur. Onun gənc nəslin təlim-tərbiyəsindəki xidmətləri dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmiş, 2006-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı və “Fəxri müəllim” nişanı ilə təltif edilmişdir.
Tələbə qəlbinin memarı və əxlaq simvolu
Əliğa müəllimi sadəcə bir alim kimi xarakterizə etmək onun portretini tamamlamağa yetməz. O, hər şeydən əvvəl bir insanlıq məktəbi, əsl aristokrat və kübar ziyalı idi. Onun cəmiyyətdə qazandığı sonsuz hörmətin təməlində tox nəfsi, təmiz mənəviyyatı və sarsılmaz prinsipləri dayanırdı.
Tələbələrinə qarşı göstərdiyi sonsuz sevgi və qayğı onu hər kəsin ürəyində xüsusi bir məqama ucaltmışdı. “Əsl pedaqoq necə olmalıdır?” sualına onun dərslərinə girən, onunla ünsiyyətdə olan hər kəs tərəddüdsüz “Əliğa müəllim kimi!” cavabını verərdi. O, heç zaman tələbə haqqına girməz, biliyi səmimi, ədalətli və obyektiv qiymətləndirərdi. Tələbələrini bir müəllim kimi deyil, ata qayğısı ilə elmin sirlərinə yiyələndirərdi.
Bu gün Əliğa Baxşıyev cismən aramızda olmasa da, onun əkdiyi elm toxumları yetişdirdiyi yüzlərlə tələbənin, gənc alimlərin fəaliyyətində cücərməkdədir. O, Lənkəran Dövlət Universitetinin və bütövlükdə Azərbaycan təhsilinin tarixində dərin iz qoyan, adı çəkiləndə hər kəsin ehtiramla yad etdiyi bənzərsiz bir şəxsiyyətdir. Savadı,zəkası,əxlaqı ilə ruh işıqlandıran Əliğa müəllimin əziz xatirəsi onu tanıyanların, həmkarlarının və sadiq tələbələrinin qəlbində əbədi olaraq yaşayacaqdır.
Ruhunuz şad olsun, fədakar müəllim, Sizin qoyduğunuz mənəvi irs hər zaman yolumuza işıq tutacaqdır!

Leyla Qadir qızı Məcidov

Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru, dosent
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin
Direktoru
a


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir