Ruhun və elmin işıqlı zirvəsində: Şahin Mehrəliyev. – Leyla Məcidova yazır

Həyat bəzən insanı ən çətin imtahanlarla sınağa çəkir, taleyin dolanbac yollarında ruhun dözümünü yoxlayır. Belə sınaqlardan keçən, lakin daxili zənginliyini, insanlara olan sevgisini və elmi missiyasını bir an belə itirməyən ziyalılardan biri də Lənkəran Dövlət Universitetinin dəyərli müəllimi, tanınmış psixoloq Şahin Bəylər oğlu Mehrəliyevdir. O, təkcə elmi yaradıcılığı ilə deyil, həm də ətrafa saçdığı işıq, mənəvi ucalıq və insani keyfiyyətləri ilə seçilən bənzərsiz bir şəxsiyyətdir.
Şahin müəllimin həyat salnaməsi gənc nəslə nümunə olacaq bir elm və mənəviyyat yoludur. 1975-ci ildə dilbər guşələrimizdən olan Astara rayonun Pensər kəndində doğulan Şahin Mehrəliyevin təhsil xəritəsi beynəlxalq və yerli elmi mühitin sintezindən ibarətdir. Türkiyənin nüfuzlu Marmara Universitetində başlayan tələbəlik illəri, sonradan N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində uğurla davam etmişdir. O, biologiya elminin fundamental əsaslarına yiyələnsə də, insanın daxili aləmini, ruhunun dərinliklərini kəşf etmək istəyi onu psixologiya sahəsinə yönəltmişdir. 2000-ci ildə “Ümumi psixologiya” ixtisaslaşması üzrə magistr dərəcəsi alması, onun gələcək peşəkar fəaliyyətinin təməl daşına çevrilmişdir.
Şahin Mehrəliyevin pedaqoji və praktik fəaliyyəti olduqca zəngindir. Paytaxt Bakıdan doğma cənub bölgəsinə qədər uzanan bu səmərəli yolda o, məktəblərdə, institutlarda və ixtisaslaşmış psixoloji mərkəzlərdə (məsələn, Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzində) minlərlə insanın qəlbini fəth etmişdir. 2017-ci ildən etibarən isə o, öz zəngin təcrübəsini Lənkəran Dövlət Universitetinin “Humanitar fənlər” kafedrasının müəllimi və doktorantı kimi tələbələri ilə bölüşür.
Dövlət əhəmiyyətli kadrların seçilməsi üzrə keçirilən “Yüksəliş” müsabiqəsinin eksperti olması onun peşəkarlığının ali təsdiqidir. 3 monoqrafik kitabın, 15-dək elmi məqalə və tezisin müəllifi olan Şahin müəllim, bu gün də LDU-da psixologiya istiqaməti üzrə dəyərli elmi-tədqiqat işləri aparmaqdadır. O, tələbələrini canı qədər sevən, onlara təkcə elmin sirlərini deyil, həm də həyatın mənəvi dəyərlərini aşılayan əsil fədakar müəllimdir.
Mənəviyyatın və səxavətin təcəssümünü axtararkən,dünyada hansı gözəllikləri, nəcib xüsusiyyətləri sadalamaq mümkündürsə, Şahin müəllim o, gözəlliklərin hər birinə layiq insandır. O, ətrafındakı hər kəsə qarşı son dərəcə ədəbli, ürəyi təmiz və səxavətlidir. Onun daxili aləminin saflığı, insanlara təmənnasız kömək etmək arzusu, həm həmkarı olduğu elmi mühitdə, həm də tələbələri arasında ona sonsuz hörmət qazandırmışdır. Şahin müəllim sadəcə bədii mənada deyil, həm də real həyatda ailəsinə sadiq, gözəl bir həyat yoldaşı və fədakar ata obrazıdır. Onun ömür-gün yoldaşı Nahidə xanım və qızları da Lənkəran Dövlət Universitetinin tələbələri olaraq bu ocağın elmi işığını öz ailələrində yaşadırlar.
Həyat heç də həmişə hamar yollarla getmir. İki il öncə bu nümunəvi ailənin, xüsusilə də Şahin müəllimin dünyası qəfil və dərin bir kədərə qərq oldu. Şahin müəllimin tək oğul övladı, ailənin ümid çırağı Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin birinci kurs tələbəsi Əli Mehrəliyev Batabat gölündə qəfil boğularaq vaxtsız şəkildə bu dünyadan köçdü. Gələcəyin savadlı həkimi olmağa hazırlaşan, saf və parlaq bir gəncin bu amansız gedişi Şahin müəllimin həyatında dərin, sağalmaz bir travma, böyük bir pərişanlıq buraxdı.
Övlad itkisi, atanın qəlbinə vurulan elə bir yaradır ki, onun bu dünyada maddi bir məlhəmi yoxdur. Böyük mütəfəkkir Cəlaləddin Rumi buyururdu,”Sınan tərəfindən bax dünyaya. Harda bir sınıq varsa, orda İlahi bir nur gizlənir. Çünki Allah sınmış qəlblərdədir.”
Şahin müəllim bir psixoloq kimi insan ruhunun ağrılarını müalicə edən bir loğman olsa da, bu dəfə taleyin ən ağır zərbəsini öz qəlbində daşımalı oldu. Lakin unutmamaq gərəkdir ki, böyük ruhlar ən ağır acılarla yoğrularaq ucalırlar. Qədim Şərq müdrikliyində deyilir ki, dözüm və səbr insanı fəlakətlərin fövqünə qaldırır. Həzrəti Əlinin (ə) gözəl bir kəlamı Şahin müəllimin bu gün nümayiş etdirdiyi mənəvi dözümün rəmzi kimidir, “Səbr iki cürdür, istəmədiyin, sənə ağır gələn şeyə dözmək və sevdiyindən məhrum olduqda ayaqda qala bilmək.”
Bu gün Şahin müəllim Əlinin əziz xatirəsini qəlbinin ən müqəddəs güşəsində yaşadaraq yenə də tələbələrinin qarşısına çıxır, onlara nurlu bir gələcək bəxş edir. O, oğlunun yarımçıq qalmış arzularını yüzlərlə gəncin uğurlarında bütövləşdirir, onların həyat yollarını işıqlandırır. Bu cür böyük bir ağrını mənəvi bir ucalığa, yaradıcı bir gücə çevirə bilmək yalnız böyük şəxsiyyətlərə xas olan bir ucalıqdır.
Şahin müəllimə bu ağır, lakin müqəddəs yolda Uca Tanrıdan tükənməz səbr, ruh yüksəkliyi və möhkəm cansağlığı diləyirəm. İnanıram ki, onun elm və təhsil naminə çəkdiyi zəhmət, yetişdirdiyi vətənpərvər nəsillər Əlinin ruhuna varan,ən gözəl rəhmət və dualardır. Şahin müəllim öz nəcibliyi, mətanəti və dözümü ilə hər zaman bizim üçün əsl insanlıq və fədakarlıq nümunəsi olaraq qalacaqdır.

Lənkəran Dövlət Universitetinin tarix üzrə fəlsəfə doktoru, dosent,
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru
Leyla Qadir qızı Məcidova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir