Şou-biznes xəbərləri niyə daha çox oxunur? YYSİab sədri, ictimai və mədəniyyət xadimi, kulturoloq Aydın Xan Əbilovdan sərt açıqlamalar
Müasir informasiya məkanında oxucu maraqlarının istiqaməti açıq şəkildə dəyişib.
Artıq oxucular daha çox əyləncə yönümlü məzmunlara üstünlük verirlər. Əfsuslar olsun ki, şou-biznes nümayəndələrinin şəxsi həyatı, qalmaqallı hadisələr və diqqətçəkən fotosessiyalar ictimai-siyasi mövzuları, ölkə üçün əhəmiyyətli sayılan analitik yazıları kölgədə qoyur. Ən çox izlənən xəbər platformalarının statistikalarına nəzər saldıqda da bunu açıq şəkildə görmək mümkündür.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananin təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov Hit.az-a açıqlamasında bildirib ki, SSRİ-nin dağılması ərəfəsində, o cümlədən Azərbaycanda keçmiş sovet cəmiyyətinin ideoloji təməllərinin sarsıdılması istiqamətində Qərbdən müxtəlif informasiya və media texnologiyaları ixrac olundu:

“Bu prosesdə sarı mətbuatın yaydığı şou-biznes xəbərləri və əyləncə xarakterli materialların genişlənməsi də mühüm rol oynadı. SSRİ dağıldıqdan sonra mövcud ideoloji əsaslar zəiflədi. Təhsil, elm və karyera sahəsində uğur qazana bilməyən müəyyən kəsim daha çox şou-biznes xəbərlərinə və məişət xarakterli informasiyalara maraq göstərməyə başladı. Halbuki bu gün Qərbin özü belə məlumatlardan qismən uzaqlaşaraq daha çox akademik və mədəni məzmunlu xəbərlərə üstünlük verir”.
Ekspert qeyd edib ki, kulturoloji və estetik zövqün formalaşması təhsildən başlayır:
“Cəmiyyətdə bu sahədə boşluqlar olduqda, səthi və əyləncə yönümlü informasiyalara maraq artır. Bu tendensiyanın qarşısını almaq üçün müəyyən addımların atılması vacibdir. Sevindirici haldır ki, son dövrlərdə bəzi telekanallarda bayağı məzmunlu verilişlərin bağlanması müşahidə olunur.
Digər tərəfdən, gününü əsasən televiziya və sosial mediada keçirən insanlar daha çox şou-biznes xəbərlərinə meyl göstərirlər. Bu isə müəyyən mənada təhlükəli tendensiyadır. Belə şəxslər izlədikləri insanların lüks həyatını nümunə götürərək, həmin həyat tərzinə çatmaq üçün müxtəlif yollara əl atmağa çalışırlar. Nəticədə asan məşhurluq və diqqət qazanmaq istəyi ilə sosial şəbəkələrdə səthi məzmun istehsal edənlərin sayı artır”.
Aydın Xan Əbilov fikirlərini belə tamamlayıb:
“Təəssüf ki, bu tendensiya bəzən müxtəlif yaş qruplarını da əhatə edir və cəmiyyətdə estetik meyarların zəifləməsinə səbəb olur. Ümumilikdə, şou-biznes xəbərlərinə maraq daha çox var-dövlət və məşhurluq cazibəsi ilə bağlıdır. Bu marağın bəzi hallarda düşünülməmiş davranışlara yol açdığı da müşahidə olunur”.
Günel Cəlilova
https://hit.az/az/sosial/297629/sou-biznes-xeberleri-niye-daha-cox-oxunur/

