Kişilər ağlamaz… Ramal Əliyev yazır
“Kişilər ağlamaz” bu söz illərdir dillərdə dolaşır. Sanki kişi olmaq üçün insan əvvəlcə ürəyini susdurmalıdır.
Amma həqiqət başqadır.Ağlamaq zəiflik deyil. Ağlamaq insan olmaqdır. Bu, Allahın insana verdiyi ilahi bir hissdir. Necə ki gülmək təbiidirsə, ağlamaq da elədir. Gülmək necə sevincin ifadəsidirsə, ağlamaq da qəlbin ağırlığının səsidir. Onlar bir-birinin əksidir, amma hər ikisi insanın fitrətindəndir.
Ən güclü kişilər belə ağlayırlar…
Gecə namazında Allahın qarşısında göz yaşı tökən kişilər var.
Anasını itirəndə ağlayan kişilər var.
Dostunu itirəndə sarsılıb ağlayan kişilər var.
Bu göz yaşları zəiflik deyil bu, sevginin, bağlılığın, imanın dərinliyidir.
İnsan yaxınını itirəndə ağlayır.
Zülm görəndə ağlayır.
Başqasının dərdinə şərik olanda ağlayır.
Bu göz yaşı acizlik deyil, qəlbin diri olmasının sübutudur.
Amma bir həqiqət də var:Kişi hər yerdə ağlamaz.
Kişi namərdin önündə ağlamaz.Kişi qorxudan ağlamaz.
Kişi o yerdə ağlamaz ki, onun mənliyi, kişiliyi zədələnsin.
Çünki kişi olmaq hissləri öldürmək deyil onları qorumaqdır.
Onları yerində yaşamaqdır.
Kişilər də ağlayır…
Amma bu ağlama onları kiçiltmir.
Əksinə, onları daha insan, daha dərin, daha həqiqi edir.Kişi ağlamaz deyənlər, əslində kişidən hisslərini gizlətməyi tələb edir. Amma hisslərini boğan insan güclü olmur içdən yorulur, qırılır.
Həqiqi kişi kimdir?
Həqiqi kişi lazım olan yerdə ağlaya biləndir…
Amma namərdin qarşısında sınmayandır.
Hisslərini yaşayan, amma onlara əsir olmayandır.
Ürəyi olan, amma o ürəyi qorumağı bacarandır.
Unutma, Göz yaşı zəifliyin deyil,bəzən ən böyük gücün səsidir.

