Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Xalq yazıçısı Çingiz Abdullayevi təbrik edir
Hörmətli Çingiz Abdullayev!
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirik!
Siz, müasir detektiv ədəbiyyatının ən parlaq nümayəndələrindən biri, əsərləri ilə milyonlarla oxucunun sevgisini qazanmış böyük söz ustadısınız. Yaratdığınız əsərlər dərin məna, incə psixologiya və gərgin süjet xətti ilə seçilərək oxucuların yaddaşında silinməz iz buraxır.
Zəngin yaradıcılığınız Azərbaycan ədəbiyyatının dünyada tanınmasına böyük töhfə vermişdir. Qələmə aldığınız hər bir əsər yalnız maraqlı bir hekayə deyil, eyni zamanda ədalətin, həqiqətin və insan xarakterinin bədii təcəssümüdür.
Siz Azərbaycanı beynəlxalq müstəvidə layiqincə təmsil edən görkəmli ziyalılardansınız. Çingiz müəllim, dünya ədəbiyyatında qazandığınız nüfuz ölkəmizin mədəni imicinin formalaşmasına və tanıdılmasına mühüm töhfə verir. Xarici ölkələrdəki çıxışlarınız və əsərləriniz vasitəsilə Azərbaycan həqiqətlərini geniş auditoriyaya çatdırırsınız.
Siz həmçinin bir dövr Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi-nin prezidenti kimi fəaliyyət göstərərək dünya azərbaycanlılarının mədəni birliyinin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərimizin qorunub təbliğ olunmasına dəyərli töhfələr vermisiniz.

Bu əlamətdar gündə Sizə möhkəm can sağlığı, tükənməz ilham, yeni-yeni yaradıcılıq uğurları və uzun ömür arzulayırıq. Qoy qələm tutan əliniz daim yazsın, əsərləriniz isə oxucuların qəlbini fəth etməyə davam etsin!
Dərin hörmət və ehtiramla,
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi (DAMM) kollektivi

