Aprel döyüşləri Azərbaycanın hərbi gücünün və xalq birliyinin mühüm sınağı oldu. – Muğan Əliyev

Artıq Aprel döyüşlərindən 10 il ötür. Ərazilərimizin hələ işğal altında olduğu həmin dövrdə Ermənistanın növbəti dəfə atəşkəsi pozmuş və Azərbaycan Ordusu buna layiqli cavab tədbirləri həyata keçirmişdi.

Mövzu ilə bağlı Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Muğan Əliyev YeniMedia.net portalıba açıqlamasında bildirib ki, 2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun peşəkarlığını, xalqın vətənpərvərlik ruhunu və dövlətin hərbi hazırlıq səviyyəsini nümayiş etdirən mühüm hadisələrdən biri olub.

M.Əliyevin sözlərinə görə, dörd gün davam edən döyüşlər zamanı, xüsusilə 1–2 aprel tarixlərində aparılan hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mühüm strateji əraziləri azad etməyə nail olub. O qeyd edib ki, bu uğur hərbi qulluqçuların və könüllülərin yüksək cəsarəti, fədakarlığı və vətənə bağlılığı nəticəsində əldə olunub.

Sədr vurğulayıb ki, həmin dövrdə müxtəlif beynəlxalq qüvvələrin təsiri və Ermənistan tərəfinin müraciətləri nəticəsində döyüşlərin dayandırılmasına nail olunub. Bununla belə, Aprel döyüşləri Azərbaycan üçün böyük hərbi təcrübə və gələcək zəfərin əsasını formalaşdıran mühüm mərhələ kimi tarixə düşüb.

Muğan Əliyev bildirib ki, 2016-cı ildən 2020-ci ilə qədər Azərbaycan Ordusunda döyüş hazırlığı, fiziki və psixoloji hazırlıq istiqamətində ciddi işlər görülüb. Onun sözlərinə görə, Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi tapşırıqları əsasında nizami ordunun daha da möhkəmləndirilməsi, hərbi təlimlərin intensivləşdirilməsi və şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində mühüm addımlar atılıb.

M.Əliyev qeyd edib ki, hərbi təcrübənin artması döyüş meydanında qələbənin əsas amillərindən biridir: “İnsan nə qədər döyüşdə iştirak etsə, bir o qədər də təcrübəsi çox olar”.

Onun sözlərinə görə, Aprel döyüşlərində qazanılan təcrübə 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində özünü aydın şəkildə göstərib. Muğan Əliyev bildirib ki, həmin dövrdə Azərbaycan xalqı ümummilli birlik nümayiş etdirərək Ali Baş Komandanın ətrafında sıx birləşib, könüllülər və gənclər yüksək səviyyədə orduya dəstək veriblər.

Sədr qeyd edib ki, rəhbərlik etdiyi Gənc Vətənpərvərlər İctimai Birliyi uzun illərdir gənclər arasında milli-mənəvi dəyərlərin, vətənpərvərlik ruhunun və hərbi hazırlıq düşüncəsinin formalaşdırılması istiqamətində fəaliyyət göstərir. O bildirib ki, təşkilat 1999-cu ildən etibarən respublikanın 24 rayonunda şöbələrlə fəaliyyət göstərir və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verir.

Muğan Əliyevin sözlərinə görə, təşkilat tərəfindən mütəmadi olaraq maarifləndirmə tədbirləri, görüşlər, təlimlər və təbliğat işləri aparılır, gənclərin vətəni qorumağa hazır ruhda formalaşması üçün ardıcıl fəaliyyət həyata keçirilir.

Sədr vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev də hər zaman gənclərin vətənpərvərlik ruhunda böyüməsinə xüsusi önəm verib. O qeyd edib ki, bu istiqamətdə dövlət siyasəti bu gün də uğurla davam etdirilir.

M.Əliyevin sözlərinə görə, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olunub. O bildirib: “Azərbaycan bu gün qalib və sülhsevər dövlətdir, ölkəmizin hər qarışı peşəkar ordumuz və vətəndaşlarımız tərəfindən qorunur”.

Muğan Əliyev həmçinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinə də toxunub. O qeyd edib ki, Ağdam, Laçın, Kəlbəcər və digər rayonlara keçmiş məcburi köçkünlərin qayıdışı yüksək səviyyədə təşkil olunur və bu proses cəmiyyətdə böyük ruh yüksəkliyi yaradır. 

 Sədr Aprel döyüşlərində iştirak etmiş hərbçilərin qəhrəmanlığını xüsusi vurğulayaraq, polkovnik-leytenant  Asif Rəsulovun döyüşlərdə göstərdiyi igidliyi qeyd edib. Onun sözlərinə görə, Asif Rəsulov Aprel döyüşlərində göstərdiyi şücaətə görə “Aprel döyüşlərinin əfsanəsi” kimi tanınıb.

Muğan Əliyev bildirib ki, Aprel döyüşləri həm hərbi, həm də siyasi baxımdan Ermənistan üçün ciddi təsir yaradıb və bu hadisələr sonrakı qələbələrin əsasını qoyub.

Ceyhun Süleymanov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir