“Prezidentin çıxışı yeni siyasi xəritənin konturlarını cızdı” – Vəhdət Partiyası sədri Adəm İsmayıl Bakuvi
“Bu gün Azərbaycan dünyada nüfuzlu ölkə və etibarlı tərəfdaş kimi tanınır. Bu səbəbdəndir ki, mötəbər beynəlxalq tədbirlərin əsas ünvanı da məhz ölkəmizdir. Dünyada yaranan müasir çağırışlar və mövcud problemlər Azərbaycanın təşəbbüsü və iştirakı ilə müzakirə olunur, onların həlli yolları axtarılır. Bu baxımdan XIII Qlobal Bakı Forumu hazırkı regional gərginlik fonunda qlobal müzakirə platforması kimi xüsusi əhəmiyyət daşıyır”.
Bu fikirləri YeniMedia.net portalına açıqlamasında Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi deyib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) mühüm beynəlxalq platforma olduğunu qeyd edən Adəm İsmayıl Bakuvi bildirib ki, Qlobal Bakı Forumu mərkəz tərəfindən hər il ənənəvi olaraq keçirilir:
“İndiyədək keçirilən forumlarda yüzlərlə nüfuzlu xarici qonaq təmsil olunub. Məhz bunun nəticəsidir ki, mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Forumların birində 68 ölkədən 350-dən çox qonağın iştirak etməsi də bu faktı təsdiqləyir. Qonaqlar arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçılarının olması Forumun nəhəng intellektual potensialını nümayiş etdirir”, – deyə partiya sədri vurğulayıb.
A. Bakuvi bildirib ki, XIII Qlobal Bakı Forumunun açılışı da mühüm məqamlarla yadda qaldı. Forumda Prezident İlham Əliyev geniş məzmunlu çıxışı ilə Bakıdan dünyaya Azərbaycanın haqq davasını ifadə etdi:
“Sülh şəraitində yaşamağın qlobal miqyasda artıq nadir bir təcrübəyə çevrildiyini bildirən cənab Prezident qeyd edib ki, milyonlarla insan etnik təmizləməyə məruz qalır. Otuz il ərzində ərazilərimizin 20 faizi işğal altında qaldı. “Biz bu gün beynəlxalq diqqətin çatışmazlığından əziyyət çəkirik”, – deyən dövlətimizin başçısı əlavə edib ki, münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq iştirakçıların selektiv yanaşmasının şahidiyik. Prezident bu forumdakı çıxışında Ermənistanla münasibətlərə də toxunaraq bildirib ki, Ermənistanla sülh yalnız kağız üzərində deyil, real siyasi iradə əsasında mümkün ola bilər”.
Vəhdət Partiyasının sədri vurğulayıb ki, Azərbaycan Prezidentinin XIII Qlobal Bakı Forumundakı çıxışı ölkəmizin regionda və beynəlxalq arenada tutduğu qətiyyətli mövqeyi ifadə etməklə yanaşı, dövlətimizin uzunmüddətli strategiyasının əsas tezislərini də ortaya qoydu.
Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışında region və dünya əhəmiyyətli məsələləri qabartdı, müasir qlobal çağırışlara və təhlükələrə geniş şəkildə toxundu və dünyanın gələcəyi naminə mühüm mesajlar verdi.
Prezident çıxışı zamanı beynəlxalq hüquqa hörmətin və dövlətlərin ərazi bütövlüyünün qorunmasının qlobal təhlükəsizlik və sabitlik üçün ən vacib məsələlərdən biri olduğunu vurğuladı. Eyni zamanda Azərbaycanın keçdiyi yolun – münaqişədən sülhə doğru irəliləyiş modelinin mümkün olduğunu göstərdi və bu təcrübənin beynəlxalq ictimaiyyət üçün nümunə ola biləcəyini qeyd etdi.
Adəm İsmayıl Bakuvi bildirib ki, ildən-ilə iştirakçıların sayının artdığı Qlobal Bakı Forumunun mövzularının əhatə dairəsi də genişlənir.
“Prezident İlham Əliyevin uzaqgörən və davamlı siyasəti nəticəsində Azərbaycan bu gün sabitlik və təhlükəsizlik adasına çevrilib. Ölkəmiz siyasi-ictimai sabitliyi, dinamik iqtisadi inkişafı, uğurlu xarici siyasəti və sosial rifah səviyyəsi ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Azərbaycanın nüfuzu getdikcə artmaqla yanaşı, ölkə qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlığın mühüm platformasına çevrilib. Forumun Bakıda keçirilməsi də Azərbaycanın bu sahədə oynadığı strateji rolu bir daha təsdiqləyir”, – deyə partiya sədri bildirib.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumunda dünyanın üzləşdiyi problemlər ətrafında aparılan müzakirələr bu platformanın qlobal səviyyəli məsələlərin həlli üçün mühüm əməkdaşlıq məkanı olduğunu bir daha sübut etdi. Forumun keçirilməsi dünyanın daha sabit gələcəyi istiqamətində atılmış mühüm addımlardan biridir”, – deyə Adəm İsmayıl Bakuvi vurğulayıb.
Ceyhun Suleymanov

