Prezident Kitabxanasında Mahirə Hüseynovanın (Nağıqızı) yeni kitabları təqdim olunub
Prezident Kitabxanasının konfrans zalında tanınmış dilçi alim, şair-publisist, professor Mahirə Hüseynovanın (Nağıqızı) “Qərbi Azərbaycan: danışan izlərin işığında” kitabının təqdimatı və “O səməndər mənəm, küldən yarandım…” adlı ədəbi-bədii görüş keçirilib.
Tədbiri Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova açaraq qonaqları salamlayıb və kitabın təqdimatına göstərilən marağa görə minnətdarlığını bildirib. O, çıxışında Mahirə Hüseynovanın çoxşaxəli elmi yaradıcılığı, Qərbi Azərbaycanla bağlı apardığı fundamental araşdırmalar və təqdim olunan kitabın elmi əhəmiyyəti barədə geniş məlumat verib:
“Təqdimat mərasimində Milli Məclisin deputatları Əziz Ələkbərli, Hikmət Babaoğlu, Məlahət İbrahimqızı, Fazil Mustafa, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri Cəbi Bəhramov, Azərbaycan Ədəbiyyat Fondunun direktoru Varis Yolçuyev, filologiya üzrə fəlsəfə doktoru, dosent Şərəf Cəlilli, ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri İbrahim Bayramov və digər ziyalılar çıxış ediblər.
Çıxış edənlər Mahirə Hüseynovanın Qərbi Azərbaycanın tarixi yaddaşının araşdırılması, etnolinqvistik tədqiqatlar, yer və yurd adlarının mənşəyinin öyrənilməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndiriblər. Qeyd olunub ki, müəllifin elmi araşdırmaları xalqın qan yaddaşından süzülüb gələn tarixi faktların sistemli şəkildə toplanaraq kitab halında ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır”.
Bu cür əsərlər həm müasir Azərbaycan tarixinin öyrənilməsi, həm də Qərbi Azərbaycan yurdlarının tarixi həqiqətlərinin geniş auditoriyaya çatdırılması baxımından böyük tarixi xidmət hesab olunur. Bildirilib ki, müəllifin kitabları təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də nəşr olunur və gələcəkdə də geniş ictimaiyyətə təqdim edilməlidir.
Tədbirin sonunda Mahirə Hüseynovaya yeni yaradıcılıq uğurları arzulanıb. Qeyd olunub ki, xalqımız tarixi həqiqətləri dərindən mənimsədikcə, milli yaddaş daha da möhkəmlənəcək və bu cür elmi əsərlər mənəvi dayaq mənbəyi kimi mühüm rol oynayacaq.

